Название: Seçilmiş əsərləri
Автор: Чингиз Айтматов
Издательство: JekaPrint
isbn: 978-9952-8260-5-0
isbn:
Qaranəri səfərə hazırlamaq üçün çox əlləşməli oldu, taxt-rəvan düzəldənə qədər onun belinə Ukubalanın qısqanclıqla qoruyub saxladığı əlvan naxışlı, qədim tikməli tərliyi saldı. Qəzanın işinə bir bax, gör nəyə qismət oldu bu təmtəraq, halalı olsun!
Boranlı Qaranər hazır olanda Yedigey onu ayağa durğuzdu və öz işindən razı qaldı, hətta ürəyində fəxr də elədi. Qotazlı tərliklə bəzənmiş, iki donqarı arasında ustalıqla taxt-rəvan qoyulmuş Qaranərin çox əzəmətli və cüssəli görkəmi vardı. Qoy bu cavanlar, xüsusilə bax, o Sabitcan baxıb gözünə su versin. Qoy başa düşsün ki, ləyaqətlə yaşamış adamın dəfni artıq yük, əngəl deyil, əksinə, kədərli də olsa, çox böyük şərəf işidir. Matəmin də şərəfli cəhətləri var, birində musiqi çalınır, bayraq sallanır, başqasında yaylım atəşi, o birində gül-çiçək əklilləri…
O özü isə, Boranlı Yedigey, sabah tezdən matəm mərasimi üçün qotazlı tərliklə bəzədilmiş Qaranərin üstündə gedəcək, dünyada ona ən əziz adam olan Qazanqapı öz əbədi mənzilinə Ana-Beyitə yola salacaq. Bütün yolu intəhasız və kimsəsiz Sarı-Özək düzənliyindən keçərkən ancaq Qazanqap haqqında düşünəcək. Mərhumun öz vəsiyyətinə görə onun cənazəsini dədə-baba qəbiristanlığında torpağa tapşıranda da onu düşünəcək. Aralarında belə bir danışıq olmuşdu. Bəli, Ana-Beyitə gedən yol yaxındır, ya uzaq dəxli yoxdur, Qazanqapın bu vəsiyyətini yerinə yetirmək fikrindən Yedigeyi heç kim daşındıra bilməzdi, hətta mərhumun öz doğmaca oğlu da!..
Qoy hamı bilsin ki, ayrı cür ola da bilməz, onun Qaranəri də bu məqsəd üçün bəzədilib, hazırlanıb.
Qoy hamı görsün deyə, Yedigey Qaranəri yedəkləyib evlərin qabağından keçirtdi, sonra da gətirib Qazanqapın daxmasının qabağında bağladı. Qoy hamı görsün, ola bilməz ki, Boranlı Yedigey verdiyi sözü yerinə yetirməsin!
Yedigey dəvəni sahmanlayan vaxt Caydaq Ədilbəy fürsət tapıb Sabitcanı kənara çəkdi:
– Gəl çəkilək kölgəyə, sənə sözüm var.
Orada onların söhbəti çox çəkmədi. Ədilbəyin onu dilə tutmaq fikri yox idi, hər şeyi açıq, düznəqulu dedi:
– Bilirsən nə var, Sabitcan, Allaha şükür elə ki, atanın Boranlı Yedigey kimi vəfalı dostu var. Mane olma, qoy kişini el adətiylə basdıraq, tələsirsən, çıx get, saxlamırıq. Sənin yerinə özüm bir ovuc torpaq artıq ataram.
– Ata mənimdir, özüm bilərəm… – deyə Sabitcan yenə də höcət eləmək istəyəndə Ədilbəy onun sözünü yarımçıq kəsdi:
– Ata sənin olmağına sənindir, amma sən özündə deyilsən.
Sabitcan duruxdu:
– Sən də söz danışdın, – dedi, – gəl bu ağır gündə sözləşməyək, qoy Ana-Beyit olsun, yaxşı, dediyim odur ki, uzaqdır…
Söhbət də bununla qurtardı. Yedigey Qaranəri göz qabağında bağlayandan sonra qayıdıb boranlılara üz tutub dedi:
– Kişiyə yaraşmayan söhbətləri qurtarın, bu cür kişini ancaq Ana-Beyitdə basdıracağıq…
Heç kəs etiraz eləmədi. Hamı kirimişcə razılaşdı…
Həmin axşam və gecəni qonşular mərhumun daxmasının qabağında keçirdilər. Şükür ki, hava da yaxşı idi. Gündüzün istisindən sonra Sarı-Özəkdə payız qabağı axşamlar sərin olurdu. Dünyanı nəhayətsiz, küləksiz, ala-toran sakitlik bürümüşdü, sabahkı ehsan üçün kəsilmiş qoyunu elə şər qarışandaca soyub təmizlədilər, sonra tüstülənən samovarın yanında çay içdilər, olub-keçəndən danışdılar. Sabahkı dəfn mərasimi üçün, demək olar ki, bütün işlər görülüb qurtarmışdı. Bircə o qalırdı ki, sabah açılsın, Ana-Beyitə yol alsınlar… Həmin gecə sakit və rahat keçdi. Dünyada ömür sürmüş, saç-saqqal ağartmış bir adam öləndə belə də olur – ömrünü sürüb köçdü, artıq dərd eləmək nəyə lazım…
Boranlıya həmişəki kimi yenə də qatarlar girirdi biri şərqdən, biri qərbdən, təzədən biri qərbə, biri də şərqə yol alırdı…
Bəli, o gecə Ana-Beyitə getmək ərəfəsində vəziyyət pis deyildi, əgər xoşagəlməz hadisə nəzərə alınmasaydı… Həmin gecə Ayzadə münasib yük qatarı ilə atasının dəfn mərasiminə gəldi. Hönkürtü çəkib gəldiyini bildirəndə arvadlar onu araya alıb səsinə səs verdilər. Xüsusilə Ukubala Ayzadəyə qoşulub özünü həlak eləyir, hönkürüb ağlayırdı… Ayzadəyə ürəyi yanırdı, gözlərinin yaşını tökə-tökə ağı deyirdi, sakitləşmək bilmirdilər. Yedigey Ayzadəyə təsəlli vermək istədi ki, daha nə eləmək olar, yazıya pozu yoxdur, birtəhər dözüb qatlaşmaq lazımdır… Amma Ayzadə sakitləşmək bilmirdi ki, bilmirdi.
Belə şey tez-tez olur, çoxdan bəri yığılıb ürəyində qubar bağlamış dərdini camaatın qabağında açıb tökmək üçün atasının ölümü bir fürsət idi. Saçları, ağlamaqdan şişmiş sifətinə dağılıb tökülən Ayzadə atasının meyitinə üz tutub hönkürtü çəkir, arvadlara məxsus bir əda ilə öz qara bəxtindən şikayət edib deyirdi ki, nə dərdinə qalanı, nə təsəlli verəni var, cavanlıqdan bədbəxt olub əri əyyaş, uşaqları başsız-böyüksüz, səhərdən-axşamacan stansiyada avaralanırlar, sabah-birisi gün quldur olub qatarlarda soyğunçuluq eləyəcəklər, böyüyü içməyə başlayıb, milisdən gəlib xəbərdarlıq eləyiblər ki, belə getsə, işi prokurora veriləcək. Bəs o, başına nə daş salsın, altı uşaqla necə bacarsın! Atalarının heç vecinə deyil…
Onun, doğrudan da, vecinə deyildi, tamam biganə və məxmur, qüssə-xəyal içində oturmuşdu, amma bu halı ilə yenə də, necə olmasa, yığışıb qayınatasının dəfninə gəlmişdi, oturub bir tərəfdə pis qoxulu ucuz siqaretindən çəkirdi. Arvadların qaraqışqırığı onunçün təzə şey deyildi.
Bilirdi, qışqırıb, bağırıb yumşalacaqlar… Bu məqamda qızın qardaşı Sabitcanın işə qarışmağı yersiz çıxdı. Hər şey də elə bundan başlandı: “Bu harada görünüb, nə oyundur açırsan, atanı dəfn eləməyə gəlmisən, yoxsa özünü biabır eləməyə? Qazax qızı hörmətli atasının cənazəsi üstündə belə ağı deyərmi?! Məgər qazax arvadlarının ağı deməsi yüz illərin nəsilləri üçün əfsanəyə, nəğməyə çevrilməyibmi?!
O ağıların təsirindən bircə ölülər dirilməyib, dirilərin hamısı göz yaşlarına qərq olub. Bu ağılarda mərhum həmişə tərif olunub, onun ləyaqəti СКАЧАТЬ