Название: Seçilmiş əsərləri
Автор: Чингиз Айтматов
Издательство: JekaPrint
isbn: 978-9952-8260-5-0
isbn:
Bir dəfə, necə oldusa, dedi ki, Hindistanda belə bir təriqət sahibləri var ki, ölənlərin ruhunun başqa bir canlıya, lap qarışqaya keçdiyinə inanırlar. Onlar iddia edirlər ki, insan hələ dünyaya gəlməmişdən əvvəl, mütləq, nə vaxtsa bir quş, ya adicə bir ev heyvanı, ya vəhşi heyvan, fərqi yoxdur, ya da adicə böcək olub. Buna görə də onlar hansı canlı olursa olsun, fərqi yoxdur, onu öldürməyi günah sayırlar. Yolüstü lap ilana da rast gəlsələr, ancaq baş əyib, təzim edib yol verirlər.
Bu dünyada nə əcaib iş desən, olar! İndi kim bilsin ki, bunların hansı düzdür, hansı yalan. Bu gen dünyanın sirlərinin hamısını insan necə bilə bilər? Daş götürüb tülkünü vurmaq istəyəndə ağlına gələn əcaib fikir də elə bu idi. Kim bilir, bəlkə, Qazanqapın ruhu bu tülküyə keçib? Ölümündən sonra daxması boş, kimsəsiz qaldığı üçün canı darıxıb, baş götürüb gəlib ən yaxın dostunun yanına?.. “Olmaya, ağlım çaşır?” Öz-özünü danladı, amma yenə də tülküyə ehtiyatla yaxınlaşa-yaxınlaşa elə danışırdı ki, guya, tülkü onun dediklərini başa düşür:
– Çıx get, buralar sənin yerin deyil, eşidirsən, get, yeri çöllüyə, amma itlər olan yerə getmə, get, Allah amanında, çıx get çöllüyə…
Tülkü dönüb uzaqlaşdı, bir-iki dəfə geri baxandan sonra qaranlıqda itdi.
Bu vaxt Boranlıya taraqhataraqla növbəti yük qatarı daxil oldu, tədricən sürətini azaltdı, tamam dayanandan sonra lokomotivin maşinisti başını çıxarıb salam verdi:
– Ey Boranlı Yedigey, əssalamu-əleyküm.
– Və əleyküm-əssəlam.
Yedigey başını qaldırıb baxdı ki, salam verənin kim olduğunu yaxşı görə bilsin. Bu yolda hamı bir-birini tanıyırdı. Xoşbəxtlikdən gələn tanış çıxdı. Yedigey elə onunla da Ayzadənin yaşadığı qovşaq stansiyası Kumbelə sifariş göndərdi ki, atasının ölüm xəbərini qızına yetirsin. Maşinist Qazanqapın xatirəsinə olan hörmətə görə bu işə məmnuniyyətlə razılıq verdi. Bunu da vəd elədi ki, Kumbeldə qatar briqadaları dəyişiləsi olduğu üçün Ayzadə yetirib hazır ola bilsə, onu ailəsi ilə birlikdə özü gətirər.
Bu, etibarlı adam idi. Yedigey bir yüngüllük hiss etdi. Deməli, vacib işlərdən biri görülmüşdü.
Qatar bir neçə dəqiqədən sonra hərəkətə gəldi, Yedigey maşinistlə xudahafizləşəndə gördü ki, sürətini artıran qatarın böyrü ilə caydaq bir adam gəlir, diqqətlə baxıb Ədilbəyi tanıdı.
Yedigey növbəni Caydaq Ədilbəyə təhvil verənə baş vermiş hadisə haqqında danışıb, ah-ufla mərhumun xatirəsini yad eləyənə kimi, Boranlıdan iki qatar da keçdi. Yedigey işlərini qurtarandan sonra evə yollandı. Yolda bayaq unudub arvadına deyə bilmədiyi söz yadına düşdü. Daha doğrusu, arvadı ilə məsləhət etmək istəyirdi ki, Qazanqapın ölüm xəbərini qızlarına və kürəkənlərinə necə yetirsin? Yedigeyin iki ərli qızı tamam ayrı səmtdə Qızıl Ordanın yaxınlığında olurdular. Böyük qızı düyüçülük sovxozunda işləyirdi, əri də orada traktorçu idi. Kiçik qızı isə əvvəlcə Qazanlı stansiyası yaxınlığında olurdu, sonra ailəsi ilə birlikdə bacısıgilə yaxın yerə köçmüşdü. Onun da əri elə o sovxozda sürücü işləyirdi. Düzdür, Qazanqap onlar üçün dəfninə gəlmək vacib olan doğma adam olmasa da, Yedigey belə hesab edirdi ki, Qazanqap onlara qohumdan da yaxındır. Qızları Boranlıda Qazanqapın gözü qabağında böyüyüb ərsəyə çatmışdılar. Kumbel stansiyasındakı internat məktəbində oxumuşdular. Onları internata növbə ilə gah Yedigey özü, gah da Qazanqap aparmışdı. Qızlarının uşaqlıq çağlarını xatırladı. Xatırladı ki, tətilə gedəndə və ya tətildən qayıdanda qızlarını Qaranərin belində necə aparıb-gətirərdi, kiçik qız qabaqda oturar, böyüyü arxada, ata da ortalıqda… Bax, beləcə hər üçü bu üçsaatlıq yolu gedib-gələrdilər. Qış aylarında Qaranər löhrəm getsə də, Boranlıdan Kumbelə yol daha çox çəkirdi, qızlar dərsi qurtarandan sonra geri qayıdardılar. Yedigeyin vaxtı olmayanda qızları Qazanqap aparırdı, qoca onlara lap doğma ata qədər yaxın idi. Yedigey qərara gəldi ki, səhər onlara teleqram vursun, imkanları olsa, gələrlər, hər halda, bilsinlər ki, qoca dünyadan köçüb…
Sonra yol gedə-gedə qət elədi ki, sabah tezdən hər şeydən əvvəl Qaranəri örüşdən gətirsin, çox lazım olacaq. Ölmək də, elə öləni bu dünyada abırla basdırmaq da asan məsələ deyil… Bir də görürsən ki, filan şey yoxdur, filan çatışmır, gərək, hər şeyi özün tapasan kəfəndən tutmuş, ehsan ocağı üçün odunacan…
Elə bu andaca havada bir təlatüm əmələ gəldi. Bu, cəbhədə adamın ayağının altında yer titrədən güclü partlayış dalğasına bənzədi. Gözünün qabağındaca çölün o başında, deyilənlərə görə, Sarı-Özək kosmodromunun yerləşdiyi tərəfdən göyə nəsə od-alov qasırğasına bürünmüş bir şey dikəldi. Yedigey döyüküb yerində mıxlandı – kosmosa raket qalxırdı. O, hələ belə şey görməmişdi. Bütün sarıözəklilər kimi o da bilirdi ki, qırx kilometr aralıda, bəlkə, bir az da az, Sarı-Özək kosmodromu yerləşir, onu da bilirdi ki, Toqrək-Tam stansiyasından ora ayrıca dəmir yolu da çəkilib. Hətta danışırdılar ki, çölün o yerində iri mağazaları olan böyük bir şəhər də salınıb, radiodan, danışıqlardan, qəzetlərdən kosmonavtlar və kosmik uçuşlar barədə də çox şeylər bilirdi. Bütün bu işlər bu yaxın illərdə görüldüyü halda, onların çox şeydən xəbərləri yox idi. Halbuki Sabitcanın yaşadığı şəhər buradan qatarla günyarımlıq yol olsa da, oradakı uşaqlar özfəaliyyət xorunda oxuduqları mahnıda deyirdilər ki, onlar dünyada ən xoşbəxt uşaqlardır, çünki kosmonavt əmilər kosmosa onların torpağından uçurlar. Ancaq kosmodromu əhatə eləyən yerlərin hamısı qapalı zona hesab olunduğu üçün Yedigey bu yerlərin yaxınlığında yaşadığına baxmayaraq, kənardan eşidib-bildiklərilə kifayətlənməli olurdu. İndi budur, kosmik raketin ətrafa titrək işıq fəcri saçaraq tüğyan edən gərgin alov içində sürətlə ulduzlu səmanın qaranlığına sancıldığını öz gözlərilə gördü. Yedigey özünü-sözünü çaşmışdı, yəni, doğrudan da, od-alov içində adam var? Görəsən, neçə nəfərdilər, bir, ya iki? Bəs necə olub ki, illərdən bəri burada yaşaya-yaşaya bir dəfə də olsun, bu cür kosmik raket uçuşunu görməyib? İndiyə qədər kosmosa gör nə qədər uçan olub, hesabını da itirib… Bəlkə, əvvəlki gəmilər gündüz uçublar? Əlbəttə, gün işığında bu boyda məsafədən onu görmək, çətin ki, mümkün olsun. Onda, görəsən, indiki niyə gecə uçdu? Görünür, tələsik işdir, ya da belə lazım imiş… Bəlkə də, buradan gecə qalxır, amma ora çatanda gündüzə düşür? Sabitcan bir dəfə dedi axı, kosmosda hər yarım saatdanbir gecə gündüzü əvəz eləyir. Özü də elə dedi ki, guya, özü orada olub. Gərək, ondan bir də soruşum. Sabitcan hər şeyi bilir. Bir istəyi varsa, o da hər şeydən xəbərdar olan bilikli adam kimi görünməkdir. Hər necə olsa da, vilayət şəhərində işləyir. Amma gözə kül üfürməyi olmasa, axı nəyə lazım? Necə varsansa, elə ol. “Mən filan böyük adamla bir yerdə olmuşam, nə bilim, filan rütbəli adama filan cür dedim…” Amma bizim Caydaq Ədilbəy bir dəfə, СКАЧАТЬ