Saklar çətin günlərdə şimala çəkilib öz doğma yurdlarında yaşadıqları zaman midiyalılar üstünlüyü ələ keçirmiş və bütün bölgəni, bölgədə yaşayan millətləri hakimiyyətləri altına almışdılar. İran Midiya eli olmuş, hətta Babil xaric, bütün Assuriya midiyalıların hakimiyyəti altına keçmişdi.
Bu üstünlük uzun müddət davam etdi.
Midiya hökmdarı Keykavus öldükdən sonra Astiaq Midiya taxtına çıxdı.
Astiaqın qızı oldu. Adını Mandana qoydular. Mandana dünyaya gəldikdən qısa müddət sonra yuxulara və falçılara inanan, onlar olmadan addım belə atmayan hökmdar yuxu gördü.
Mandananın oturduğu yeri sel aparır, bu sel əvvəlcə paytaxtı basır, sonra bütün yer üzünü tutur. Hökmdar Astiaq yuxudan oyandıqda bunun mənası olduğunu, ona verilən ilahi işarə kimi qəbul etmək lazım gəldiyini düşünərək dindarları, falçıları və maqları bir yerə yığdı. Hökmdarın yuxularını yozmaq, gələcəklə bağlı fal açmaq üçün sarayda saxlanılan maqlar, adətən, baş verə biləcək hadisələr haqda danışırdılar. Söylədiklərinin düz çıxması, hadisələri öncədən görə bilmələri sarayda onların mövqeyini daha da gücləndirmişdi. Hökmdar kahinlərin hər sözünə inanırdı.
Astiaq yuxusunu maqlara danışdı və yozumunu istədi. Onların isə o dəqiqə söyləyə biləcəkləri sözləri yox idi. Çünki yuxu yozumları və fikirlərinin düz çıxmadığı vaxtlarda hökmdar onlara qarşı amansız olurdu.
Falçı maqlar öz aralarında uzun müddət müzakirə apardıqdan sonra hökmdara belə cavab verdilər:
– Böyük hökmdar, gördüyünüz yuxu sizi gələcəyə dair xəbərdarlıq işarədir.
Söz gələcəkdən düşəndə hökmdar edilməsi mümkün hər şeyə al atardı. Məhz buna görə də falçıları diqqətlə dinləməyə başladı.
– Yeganə övladınız olan qızınız yetkinlik yaşına çatanda çox diqqətli olmalısınız. Onun evliliyinin sizinlə birbaşa əlaqəsi olacaq. Çünki qızınızdan dünyaya gələcək oğlan uşağı böyüyüb taxt-tacınızı ələ keçirəcək, sizi yox edəcək, Midiya dövlətinə son qoyacaq. O uşaq bütün dünyanın başına bəla olacaq!
Falçıların yuxu ilə bağlı fikirləri hökmdarın dərin düşüncəyə daldırdı. Öz nəslindən, qızından dünyaya gələcək uşağın dövlətini yıxacağı, Midiya xanədanlığını yox edəcəyi nə demək idi? Nə üçün öz soyundan olan hökmdar qurduğu imperiyanın taxt-tacına çıxmayacaqdı ki?
Maqların sözlərindən təsirlənən hökmdar bir anlıq qızını öldürmək haqqında düşündü, ancaq yeganə övladına qarşı bunu edə bilmədi. Xanımının da buna icazə verməyəcəyinə əmin idi. Həm də əgər belə addım atsaydı, xalqına nə deyəcəkdi? Xalq bir yuxuya görə, doğma qızını öldürən hökmdarın arxasında durmazdı.
Astiaq dövrünün müdrik alim və mütəfəkkirlərinə də yuxusunu danışdı, ancaq onların da sözləri ağlına batmadı. Fərqli çıxış yolları məsləhət görülsə də, hökmdar sonda belə qərara gəldi:
– Qızımı əsilzadə ailədən gələn biri ilə evləndirməsəm, ondan dünyaya gələcək körpə də taxt iddiasına düşə bilməz!
Mandana yetkinlik yaşına çatanda hökmdar Astiaq qızını əsilzadə ilə evləndirsə, gələcəyinin qaranlıq olacağını, qurduğu imperiyanın əlindən gedəcəyini düşünərək onu kölələrindən birinə vermək qərarına gəldi. Beləliklə, kölədən dünyaya gələcək uşağın onun üçün təhlükəsi olmayacaqdı. Heç kim kölə övladının taxta çıxmasını istəyə bilməzdi. Kölənin oğlu kölə kimi yaşayacaq, saraya yaxınlaşa bilməyəcəkdi.
Beləcə, Astiaq qızının özündən uzaqlaşmasına göz yumdu. Onun hesabına görə, Midiya dövlətinin gələcəyi bu yolla xilas olacaqdı.
Hökmdar Astiaq qızını Kambiz adında fars əsilli köləyə ərə verdi. Bundan sonra neçə vaxtdır, ona rahatlıq verməyən fikirlərdən az da olsa, uzaqlaşdı. Onları ölkənin mərkəzindən kənar vilayətə göndərdi.
O, falçı maqların köməyi ilə gələcəkdə özünü gözləyən böyük təhlükədən xilas olduğunu düşünürdü.
Aradan bir neçə il keçdikdən sonra hökmdar Astiaqın qızı Mandana saraydan uzaqda, kölə olan həyat yoldaşından övlad dünyaya gətirdi. Bu oğlan uşağı doğulan zaman hökmdar Astiaq yenidən qorxulu yuxu gördü. Gördü ki, Mandananın oğlu dünyaya gəlib və uşağın əlində bir ağac bitir. Ağacın budaqları böyüyür, böyüdükcə ona dolanır, dolanır, nəhayət, onu sıxaraq boğur.
Gördüyü yuxu Astiaqa çox pis təsir etdi. Ertəsi gün səhər yenidən maqları çağırtdıraraq yuxusunu onlara danışdı. Maqlar uzun zamandır, onu gözləyən təhlükənin yaxınlaşdığını, hətta çox yaxında olduğunu söylədilər. Hökmdar bu yozumu dinlədikdən sonra daha da həyəcanlandı. Çünki qurduğu imperiyanın sonunu gətirəcək uşaq artıq dünyaya gəlmişdi. O, bu oğlanı mütləq yox etməliydi. Artıq oturub gözləməyin mənası qalmamışdı.
Astiaqın qızı Mandana övladına Kir adını verdi. Uşağın xüsusi xarakteri, fərqli xüsusiyyətləri yox idi. Əgər bəxti, taleyi dəyişməyəcəkdisə, adi kölə övladı kimi yaşayacaqdı.
Astiaq Midiyanın əsilzadə ailələrindən olan, özünün sadiq adamı hesab etdiyi Harpaqosu yanına çağırdı. Baş verənləri ona danışıb dedi:
– Qızım Mandananın oğlu Kir öldürülməlidir! Hansı şəkildə edirsənsə, et, yeganə tələbim bu işi tez zamanda yerinə yetirməndir. Bunun üçün hər şey sənin xidmətindədir. Onu öldür və dəfn et! Bu barədə də heç kimə, heç nə danışma.
Hökmdar həm öz doğma qanından olan bir uşağın öldürülməsini istəyir, həm də bunu heç kimin bilməməsini tələb edirdi. Çünki gələcəkdə azyaşlı uşağı öldürən hökmdar kimi xatırlanmaq istəmirdi.
Astiaqın danışdıqlarından təsirlənən Harpaqos həm Midiyadakı əsilzadə ailələrdən birindən gəldiyi üçün, həm də öz hakimiyyətlərinin süquta uğramasından qorxaraq çətin də olsa, kralın dediklərini yerinə yetirməyə qərar verdi. Yanına ordudan sayılıb-seçilən bir neçə əsgər götürdü və Mandananın kölə həyat yoldaşı ilə birlikdə yaşadığı uzaq vilayətə yola düşdü. Bu vəziyyət qarşısında heç nə edə bilməyən yazıq qadın və həyat yoldaşı Kambiz nə qədər müqavimət göstərməyə çalışsalar da, yeganə övladlarını onların əlindən xilas edə bilmədilər. Kirin əsgərləri müqavimət göstərən kölə Kambizi öldürdülər. Mandananı isə təkbaşına orada buraxdılar.
Harpaqos bu ağ СКАЧАТЬ