Lakin, o, skeletə oxşayan fermerin fiqurasını gördükdə, sıçrayıb irəli cumdu və Oldenin yanından ötərək mətbəxə yüyürdü. Meyson, fermerin arvadını, öz qızı kimi balaca və kövrək vücudlu missis Oldeni döşəmə üzərində səssiz və bihuş br halda sərilib qalmış görərkən, qüvvətli əlləri ilə qadını yerdən qaldırdı, onu yemək otağından keçirib, ümumi böyük otağa apardı və orada laxlayan taxtın üstünə uzatdı. Sonra o, qadının nəbzini yoxladı və su gətirmək üçün yüyürdü. Bu zaman Meyson ətrafına baxaraq, yaxında bu qadının oğlundan, qızından və yaxud qonşulardan bir adam olub-olmadığını yoxladı, lakin heç kəsi görməyib, tələsik missis Oldenin yanına qayıtdı, onun üzünə və əllərinə azacıq su çilədi.
Meyson qayıdıb, otağa gələrkən, arvadının yanında dizi üstündə dayanmış Taytusu görərək, ona müraciət edib soruşdu:
– Burada, yaxında bir doktor varmı?
– Biltsdə var… Doktor Kreyn.
– Sizdə, ya qonşuluqda bir adamda telefon varmı?
–Mister Uilkoksgildə var. – Qoca əli ilə, Uilkoksgilin evini göstərdi. Hələ bu yaxınlarda Roberta onların evindəki telefondan istifadə edərdi.
– Gözünüz onun üstündə olsun. Mən bu saat qayıdıram.
Meyson, doktor Kreyni və yaxud başqa bir həkimi çağırmaq üçün telefona cumdu və demək olar ki, dərhal missis Uilkoks və onun qızı ilə bərabər qayıdıb gəldi. Sonra onlar uzun müddət qonşuların və nəhayət, doktor Kreynin gəlib çıxmasını gözləməli oldular; Meyson elə bu gün missis Oldenlə, onu bura gətirən mühüm və gizli bir iş haqqında danışmaq mümkün olub-olmayacağı barədə doktorla məsləhətləşdi. Mister Meysonun nüfuzlu və rəsmi davranışı, hərəkətləri doktor Kreynə böyük təsir bağışladığı üçün, o, dərhal qeyd etdi ki, belə bir şey, deyəsən, qadın üçün daha yaxşıdır.
Dərman vasitəsilə, həmçinin, mehriban nəsihətlərlə missis Oldeni huşa gətirdilər. Hamının tez-tez ürək-dirək verməsi onu sakitləşdirdiyi üçün, nəhayət, o əvvəlcə məsələnin nə yerdə olduğuna qulaq asa bildi, sonra isə Robertanın məktubunda adı çəkilən o sirli adam haqqında Meysonun suallarına cavab verdi. Missis Olden qızının yalnız bir adam haqqında, ona xüsusi diqqət yetirən bir gənc haqqında danışdığını xatırladı, – özü də Roberta həmin adam haqqında, yalnız bir dəfə, keçən il Milad bayramında danışmışdı. Bu adam zəngin Likurq fabrikantı Semuel Qrifitsin qardaşı oğlu, Robertanın işlədiyi şöbənin müdiri, – Klayd Qrifits idi.
Lakin həm Meysonun, həm də Oldenin dərhal hiss etdiyi kimi, təbiidir ki, bu heç də o demək deyildi ki, belə böyük bir adamın qardaşı oğlu, Robertanı öldürməkdə ittiham edilə bilər. Qrifitslərin sərvəti! Onların cəmiyyətdə tutduqları mövqe! Aydındır ki, belə bir ittihamla çıxış etməzdən əvvəl, Meyson bu barədə bir az ətraflı düşünməyə və yubanmağa meyil edirdi. Onun fikrincə, ictimai vəziyyət etibarilə, həmin adamla bu qız arasında çox böyük fərq var idi. Amma buna baxmayaraq, məsələ məhz belə də ola bilərdi. Nə üçün də belə olmasın? Əksinə, belə mövqe tutan gənc, bir başqasına nisbətən daha asanlıqla Roberta kimi bir qızla sevişməyə başlaya bilərdi, – axı, Xeyt deyirdi ki, o qız çox qəşəngdir. Demək, Roberta həmin gəncin əmisinin fabrikində işləyirmiş və kasıb bir qız imiş. Bundan başqa, Fred Xeytin verdiyi məlumata görə, Roberta öz ölüm saatında kimlə olmuşdursa, həmin adamla nikahlanmadan qabaq yaşamağa risk edibmiş. Məgər bu zəngin və pozğun bir gəncin kasıb bir qızla necə rəftar etdiyini göstərən xarakterik bir hadisə deyildirmi? Meyson gəncliyində varlı və xoşbəxt gənclərlə üz-üzə gələrkən, taleyin bir çox zərbə və təhqirlərinə məruz qalmışdı, buna görə də indi bu fikir ona çox təbii görünürdü. Alçaq varlılar! Ürəksiz, qansız zənginlər! Anası və atası isə, əlbəttə, qızlarının günahsız və ismətli bir qız olduğuna sarsılmaz bir inam bəsləyirdilər.
Sonrakı sorğu-sualdan məlum oldu ki, missis Olden heç vaxt bu gənci görməmişdir, lakin eyni zamanda da heç vaxt da başqa bir adam haqqında qızından bir söz eşitməmişdir. Missis Olden və onun əri əlavə olaraq, yalnız bunu deyə bildilər ki, Roberta son dəfə bir aylıq evə gələndə, özünü çox da yaxşı hiss etmir, süst bir halda gəzib-dolaşır və tez-tez məktub yazıb, poçtolyona verir, yaxud özü aparıb, yol ayrıcındakı poçta qutusuna salırdı. Nə mister, nə də missis Olden bu məktubların kimə yazıldığını bilmirdilər, lakin Meyson elə buradaca fikrindən keçirdi ki, poçtolyon yəqin ki, məktubların kimə yazılmış olduğunu bilir. Bundan başqa, bu bir ay ərzində Roberta özünə bir neçə paltar, – deyəsən, dörd dəst paltar tikdirmişdir. Son zamanlar isə, mister Beyker adlı birisi Robertanı bir neçə dəfə telefona çağırmışdır, – bunu isə Taytus mister Uilkoksdan eşitmişdir. Roberta çıxıb gedərkən, özü ilə bərabər yalnız buraya gətirdiyi şeyləri, – yəni kiçik bir sandıqça ilə bir çamadan aparmışdır. Sandıqçanı stansiyada Roberta özü baqaja vermişdi, lakin Taytus qızın bu sandıqçanı Likurq şəhərinə, yaxud başqa bir yerə yola saldığını deyə bilmədi.
Meyson çox mühüm bir xəbər hesab etdiyi Beyker haqqında məlumatı düşünürdü. Birdən onun başına belə bir fikir gəldi: “Kliford Qolden – Karl Qreyzem-Klayd Qrifits!” Bu ad və familiyaların baş hərflərinin eyni olması, bu adların bir-birinə oxşar səslənməsi onu heyrətə saldı. Əgər Klayd Qrifits bu cinayətlə əlaqədar deyilsə, bu adların bu cür bir-birinə oxşaması doğrudan da, qəribə bir təsadüf idi! İndi Meyson dərhal poçtolyonu tapıb, onu dindirmək istəyirdi.
Lakin Taytus Olden yalnız Robertanın meyidini tanımaq və Qan-Lodj stansiyasında qalan çamadandakı şeylərin məhz öz qızının şeyləri olduğunu təsdiq etmək üçün bir şahid kimi deyil, həmçinin poçtolyonu da, həqiqəti açıb söyləməyə razı sala biləcək bir adam kimi lazım idi. Buna görə Meyson qocadan, geyinib, onunla bərabər getməsini xahiş etdi və elə sabah onu evə buraxacağını vəd etdi.
Meyson missis Oldenə bərk-bərk tapşırdı ki, bu barədə heç kəsə bir söz deməsin, sonra poçtolyonu dindirmək üçün poçtaya getdi.
Poçtolyon tapılıb gətirildi və qalvanize edilmiş bir meyit kimi prokurorun yanında dayanmış Oldenin hüzurunda dindirildi. Poçtolyon yadına saldı ki, Roberta son dəfə burada olarkən, ona bir neçə məktub vermişdir, – bu məktubların sayı on ikiyə СКАЧАТЬ