İndi hər şey aydındı. Bu gənc gizli olaraq bir qızı yoldan çıxarmış və eyni zamanda utanmadan başqa bir qızın, həm də bu dəfə yerli cəmiyyətin yüksək dairəsinə mənsub olan bir qızın məhəbbətinə nail olmaq xəyalına düşmüşdür.
Bu qeyri-adi kəşfdən sarsılmış və həyəcanlanmış Meyson, eyni zamanda başa düşürdü ki, indi fikrə gedib, burada oturmaq vaxtı deyildir. Belə bir şeyə heç vaxt yol vermək olmazdı. Bu sandığı “Otel Likurq” mehmanxanasına göndərmək lazım idi. Sonra isə, mümkün olsa, o, bu adamın indi harada olduğunu aydınlaşdırmalı və onu ələ keçirməlidir… Meyson, xəfiyyə agentinə, polis idarəsinə zəng etməyi və bu sandığı mehmanxanaya, onun nömrəsinə göndərməyi əmr etdi, özü isə tələsik Semyuel Qrifitsin malikanəsinə getdi, lakin orada, bütün ailənin şəhər kənarında Qrinvudda olduğunu öyrəndi.
Telefonda verdiyi suala cavab olaraq, Qrinvuddan ona xəbər verdilər ki, orada məlum olduğu kimi, Klayd Qrifits indi bu saat Şeyron yaxınlığında, On ikinci gölün sahilində, Finclilərin yay malikanəsi ilə yanaşı olan Krenstonların bağındadır. Həm Fincli familiyası, həm də Şeyron şəhəri artıq Meysonun şüurunda Klayd ilə bağlı idi, buna görə o, dərhal belə qərara gəldi ki, əgər Klayd hələ bu yerlərdən qaçıb uzaqlaşmamışdırsa, indi o məhz orada olmalıdır – yox, ona bu məktubları yazan və dəvətnamə göndərən həmin Sondra Finclinin yay malikanəsindədir. Axi “Qu Quşu” paroxodunun kapitanı da, üçüncü mil Buxtasından gedən gəncin Şeyron şəhərində paroxoddan düşdüyünü xəbər vermişdi. Evrika!1 Meyson artıq canini ələ keçirmişdi.
Meyson gələcəkdə necə hərəkət edəcəyini ətraflı düşündükdən sonra, dərhal şəxsən özü, Şeyrona və Payn Poynta getməyi qərara aldı. Hələlik isə Klaydın zahiri görkəminin düzgün təsvirini aldıqdan sonra, o, Klaydın bu əlamətlərini və onun adam öldürməkdə təqsirləndirilib axtarıldığını, nəinki Likurq şəhərinin prokuroruna və polis rəisinə, həmçinin Bricburq polis rəisi Nyuton Slekə, müstəntiq Xeytə və öz köməkçisinə xəbər verərək, hər üçünə, dərhal Şeyrona yola düşməyi təklif etdi. Meyson orada onlarla görüşəcəkdir.
Sonra Meyson, guya missis Peytonun tapşırığı üzrə, şəhərarası telefon vasitəsilə Payn Poynta zəng edərək Krenstonların yay malikanəsilə əlaqəyə girib, ev xidmətçisindən, mister Klayd Qrifitsin təsadüfən orada olub-olma
dığını soruşdu. “Bəli, ser, o, buradadır, ser, lakin bu saat o yaxında deyil, ser. Yəqin o, gölə gəzməyə getmişdir, ser. Nə buyurursunuz, gələndə ona nə demək lazımdır, ser?” Sonrakı sorğu-suala ev xidmətçisi dürüst cavab verə bilmədi: bütün dəstə, yəqin ki, Ayı gölünə gəzməyə getmişdir, – göl isə buradan otuz mil uzaqdadır; onların nə vaxt qayıdacaqlarını o deyə bilməz, – yəqin iki-üç gündən sonra qayıdacaqlar. Lakin bir məsələ aydın idi ki, Klayd həmin gənclər dəstəsi ilə getmişdir.
Meyson o saat Bricbuq polis rəisini ikinci dəfə telefona çağırıb, ona özü ilə bərabər dörd və yaxud beş nəfər agent götürməsi barədə göstəriş verdi; bu agentlər Şeyronda müxtəlif səmtlərə ayrılmalı və harada olursa-olsun həmin Klaydı ələ keçirib, tutmalı və Bricburq həbsxanasına salmalı idilər. Qoy orada Klayd, bu vaxta qədər şübhə yeri qoymadan, Roberta Oldeni öldürən adamın məhz Klayd olduğunu göstərən bəzi qəribə halları qanunla müəyyən olmuş qaydalara müvafiq olaraq izah etsin.
VI FƏSİL
Roberta gölün sularına qərq olub boğulduğu, Klayd isə üzüb sahilə çıxaraq, paltarını dəyişdirdiyi və gəlib Şeyrona çıxdığı, sonra isə Krenstonların yay malikanəsinə pənah gətirdiyi zamandan bəri, o, demək olar ki, tam ruhi xəstəliyə tutulmuşdu və həm çaşqınlıq, həm qorxu içərisində Robertanın vaxtsız həlak olmasında özünün müqəssir olub-olmadığını heç cur anlaya bimirdi. Eyni zamanda Klayd çox aydın başa düşürdü: əgər o hadisədən sonra onun nə cür hərəkət etdiyini təsadüfən görən olsa, yəni onun şimala doğru, Biq Bitern mehmanxanasına gedib, guya qəfildən baş verən bu fəlakəti xəbər vermək əvəzinə, gizli olaraq üz tutub, cənuba getdiyini görən olsa, onun bu hərəkətini o qədər rəzil və qəddar bir şey hesab edəcəklər ki, hər kəs möhkəm bir qənaətlə onu bu qətldə ittiham edə biləcək. Bu fikir Klayda əzab verirdi, çunki indi ona elə gəlirdi ki, o, doğrudan da, bu ölümdə müqəssir deyildir – axı, son dəqiqə onun ruhunda bir dönüş baş vermişdi.
Lakin o geri qayıdıb, baş verən hadisə haqqında xəbər verməmişdi, indi buna kim inanacaqdı? İndi isə geri qayıtmaq mümkün deyildi. Əgər Sondra onun fabrikdə işləyən bir qızla bərabər bu göldə gəzdiyindən və həmin qızı mehmanxanada öz arvadı kimi qeyd etdirdiyindən xəbər tutsa… Aman, allah!
Sonra bunların hamısını əmisinə və yaxud o soyuqqanlı, qəddar Gilbertə… həmçinin Likurqdakı o şıq və həyasız gənclərə izah etmək?.. Yox, yox! Bu qədər irəli getdikdən sonra, o artıq geri çəkilə bilməz. Əks təqdirdə onu bir fəlakət.. bəlkə də ölüm gözləyir. O, mümkün olduğu qədər bu dəhşətli vəziyyətdən istifadə etməlidir, – bu cür qəribə və sanki özünə bəraət qazandıran bir nəticəyə gətirib çıxarmış niyyətindən istifadə etməlidir.
Lakin bu meşələr! Hər tərəfi bürüyən bu qaranlıq gecə! Dəhşətli bir təklik hissi və hər yerdə, hər bir şeydə hiss edilən təhlükə! İndi bir adam ona rast gəlsə, o nə etməli, nə deməlidir? Klayd tam bir çaşqınlıq içərisində idi, ruhi və əsəbləri elə bir halda idi ki, dəli olmaq dərəcəsinə gəlirdi. Ayağı altında bir çırpı sınıb xışıldasa idi, – dovşan kimi başını götürüb qaçmağa hazır idi.
Belə bir vəziyyətdə o, qaranlığın düşməsini gözlədi və meşənin içərisinə girdi, lakin əvvəlcə öz çamadanını tapıb, kostyumunu dəyişdi, yaş paltarının suyunu sıxıb, bir az qurutmağa cəhd etdi, sonra paltarını çamadana qoyub quru ağac şaxələri və yarpaq sərdi, sonra fotoaparatının ştativini yerə yıxılmış bir ağacın gövdəsi altında gizlətdi. İndi o, getdikcə daha artıq bir inadla öz qəribə və qorxulu vəziyyəti haqqında düşünürdü. Bəlkə həmin dəqiqədə, yəni o, Robertanı bilmədən vurduğu, hər ikisinin suya yıxıldığı və Roberta o cür kəskin və şikayətli bir ifadə ilə qışqırdığı zaman sahildə bir adam var imiş? Əgər bir nəfər… məsələn, gündüz onun burada gördüyü o sağlam və qüvvətli oğlanlardan biri bu səhnəni görmüş olsa… kim bilir, bəlkə elə indi kim isə haray salır, – onda elə bu gecə onlarla adam onu təqib etməyə başlayacaqdır. Onlar Klaydı tutacaqlar və heç kəs inanmayacaqdır ki, o, Robertanı özü bilmədən, təsadüfən vurmuşdur! Hətta qanuni məhkəməni gözləmədən onu daşqalaq edə bilərlər! Bu mümkündür. Belə şeylər olmuşdur. Onun boynuna ip salıb, ağacdan asa bilərlər. Yaxud elə buradaca, meşədə onu bir ağaca söykəyib güllələyə bilərlər. Hətta СКАЧАТЬ