Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 11

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ danışmış, – bütün bunlar isə çox sadə bir hekayə kimi Meysonu olduqca mütəəssir etmişdi.

      Taytusla bərabər Likurqa gələrək, Meyson dərhal “Otel Likurq” mehmanxanasına getdi, orada nömrə tutdu, istirahət etməsi üçün qocanı mehmanxanada qoydu. Oradan Meyson birbaş yerli prokurorun yanına getdi, çünki yerli prokurorun ərazisində istintaq aparmaq üçün icazə almalı idi. Meysona kömək etmək üçün, onun ixtiyarına adi geyimli, iricüssəli xəfiyyə agenti olan bir polis nəfəri verdilər və prokuror axtardığı adamı evdə tapacağı ümidilə dərhal Teylor-strit küçəsinə, Klaydın yaşadığı mənzilə getdi. Lakin onları qarşılayan missis Peyton dedi ki, doğrudur, Klayd burada yaşayır, amma indi evdə yoxdur (o hələ, salı günü evdən çıxmışdır, deyəsən, on ikinci göldəki dostlarının yanına getmişdir). Meyson bir qədər sıxıntı hissilə, missis Peytonu başa salmağa məcbur oldu ki, əvvələn o, Kataraki mahalının prokurorudur, ikincisi bir qızın Biq Bitern gölündə boğulması ilə əlaqədar olan bəzi şübhəli məsələləri aydınlaşdırmaq üçün o, bir prokuror kimi, Klaydın otağında axtarış aparmalıdır, çünki belə görünür ki, o qızın yol yoldaşı Klayd olmuşdur. Bu xəbər missis Peytonu ele sarsıtdı ki, o, diksinib, geriyə çəkildi və qadının üzündə sonsuz bir heyrət, qorxu və etimadsızlıq ifadəsi zahir oldu

      – Necə, mister Klayd Qrifits. Yox, yox, belə şey ola bilməz! Klayd, mister Semyuel Qrifitsin qardaşı oğludur, onu burada hamı tanıyır. Əgər onun barəsində bir məlumat almaq istəyirsinizsə, qohumlarına müraciət edin: onlar, əlbəttə, hər barədə sizə məlumat verərlər. Ancaq belə bir şey… yox, bu ola bilməz! – Missis Peyton həm Meysona, həm də öz nişanını qadına göstərməyə fürsət tapmış yerli xəfiyyə agentinə elə baxırdı ki, sanki onların düz adam olmalarına və vəkalətlərinə şübhə edirdi.

      Bu aralıq belə şeylərə çoxdan vərdiş etmiş xəfiyyə agenti yuxarı mərtəbəyə qalxan pilləkənə keçib, missis Peytonun arxasında dayanmışdı. Meyson isə axtarış aparmaq üçün əvvəlcədən hazırlanmış orderi cibindən çıxardı.

      – Mən çox təəssüf edirəm, xanım, lakin onun otağını bizə göstərməyinizi xahiş etməyə məcburam. Budur, bu order axtarış aparmaq üçün mənə ixtiyar verir, bu adam isə mənə tabe olan polis agentidir.

      Missis Peyton qanunla mübarizə etməyin əbəs bir şey olduğunu başa düşüb, əsəbi bir halda Klaydın otağını göstərdi. Qadın bu fikirdə idi ki, nə isə mənasız, həm də son dərəcə ədalətsiz və təhqiredici bir anlaşmazlıq baş vermişdir.

      Meysonla polis nəfəri isə, Klaydın otağına girərək, ətrafı gözdən keçirməyə başladılar. Hər ikisi ilk əvvəl, otağın küncündə kiçik və çox da möhkəm olmayan bağlı bir sandıqça gördülər, xəfiyyə agenti mister Fauns dərhal sandığın vəznini müəyyən etmək üçün onu yerdən qaldırmaq istədi, Meyson isə bir-birinin ardınca otaqdakı bütün şeyləri, qutularda və bağlamalarda nə varsa, hamısını, bütün paltarların ciblərini yoxlamağa başladı. Paltar şkafının qutusunda, köhnə köynək və tumanlar içərisində, Tramballardan, Starklardan, Qrifitslərdən və Qarrietlərdən gəlmiş köhnə dəvətnamələr arasında prokuror bir bloknot vərəqi tapdı, bu vərəqədə Klayd, yadından çıxmasın deyə, haraya dəvət edildiyini bir-bir qeyd etmişdi: “Çərşənbə günü, 20 fevral, Starkgildə nahar”, bundan aşağıda: “Cümə günü, 22, Trambalgildə”. Meyson bu xətti, cibindəki vərəqənin yazısı ilə müqayisə edib, bunların eyni bir xətt olduğunu görərək, dərhal belə bir qərara gəldi ki, indi, doğrudan da, ona lazım olan adamın otağındadır. Meyson vərəqəni cibində gizlədib, otağın o biri başında diqqətlə bağlı sandığı gözdən keçirən xəfiyyə agentinə baxdı.

      – Bu sandığı nə edəcəyik, cənab rəis? Buradan götürüb aparacağıq, yoxsa elə burada açacağıq?

      – Məncə, biz onu elə burada açmalıyıq, Fauns, – deyə Meyson ciddi bir səslə cavab verdi. – Sonra mən onun dalınca adam göndərərəm, lakin onun içərisində nə olduğunu mən elə bu saat bilmək istərdim.

      Xəfiyyə agenti dərhal cibindən ağır bir isgənə çıxartdı və yaxında çəkic olub-olmadığını yoxlamaq üçün ətrafına boylandı.

      – Sandıq çox da möhkəm deyil, – deyə xəfiyyə agenti qeyd etdi – əgər istəyirsinizsə, sındıra bilərəm.

      Lakin bu zaman, işin belə bir şəkil almasından son dərəcə heyrətə düşən missis Peyton davam gətirmədi və belə bir qaba hərəkətə mane olmaq ümidilə qarışdı.

      – Əgər istəyirsinizsə, mən sizə çəkic verə bilərəm, deyə qadın sözə başladı, – ancaq, məgər çilingər dalınca adam göndərmək olmazdımı? Mən ömrümdə belə qəribə əhvalat görüb eşitməmişdim!

      Xəfiyyə agenti bu etiraza o qədər də əhəmiyyət verməyərək, çəkici əlinə keçirən kimi, sandığın qıfılını sındırdı. Sandığın üst tərəfindəki bölmədə müxtəlif xırda-para bəzək şeyləri: corablar, yaxalıqlar, qalstuklar, kaşne, çiyinbağı, köhnə sviter, orta keyfiyyətli uzunboğaz qış çəkmələri, müştük, laklı, qırmızı rəngli külqabı və ayaq xizəkləri var idi. Lakin bütün bu şeylərin içərisində bir küncdə Robertanın Bilts şəhərindən göndərdiyi və hamısı bir yerə bağlanmış axırıncı on beş məktubu, həmçinin qızın keçən ilk Klayda bağışladığı kiçik portreti də var idi. Yenə də burada, başqa kiçik bağlamada, Sondranın hələ Payn Poynta getməzdən əvvəl Klayda göndərdiyi bütün kiçik məktublar və dəvətnamələr yığılmışdı. Sondranın oradan yazdığı məktubları Klayd öz ürəyinin üstündə, pencəyinin döş cibində gəzdirirdi. Burada, Klaydın üzərinə daha artıq kölgə salan başqa məktublar da tapıldı, – bunlar, Klaydın anasının yazdığı on bir məktubdan ibarət idi. Bu məktublardan ikisi Çikaqo şəhərinə Harri Tenetin adına göndərilmışdi ki, bu, çox şübhəli bir iş idi, qalan məktubları isə, – əvvəlcə Çikaqo, sonra isə Likurq şəhərinə Klayd Qrifitsin adına və adresinə yazılmışdı.

      Prokuror sandıqdan daha nələr çıxacağını gözləmədən dərhal məktublarla məşğul olmağa başladı: o əvvəlcə Robertanın birinci məktublarından üçünü oxudu və bundan sonra, Robertanın Bilts şəhərinə nə üçün getdiyi ona tamamilə aydın oldu, daha sonra o, Klaydın anasının, olduqca sadə və ucuz bir kağızda yazılmış üç məktubunu oxudu: anası bu məktublarda oğlunun Kanzas-Siti şəhərindəki ağılsız hərəkətinə işarə vurur və bədbəxt bir hadisə haqqında yazaraq göstərirdi ki, Klayd bu hadisədən sonra oradan çıxıb getməli olmuşdu, həmçinin, anası təkidlə və mehribanlıqla Klayda tövsiyə edirdi ki, gələcəkdə düz yoldan çıxmasın. Cilovlanmış temperamentə malik olan, həmçinin insanlar və insan münasibətləri barəsində olduqca məhdud biliyi olan Meysonda belə bir təsir oyandı ki, Klayd hələ ilk gəncliyindən qeyri-sabit xarakteri, yüngül xasiyyəti və pozğun əxlaqı ilə fərqlənən bir adam olmuşdur.

      Eyni zamanda Meyson təəccüblə öyrənib bildi ki, Klayd burada zəngin əmisinin köməyindən istifadə etsə də, Qrifitslər ailəsinin kasıb və üstəlik son dərəcə dindar bir qoluna СКАЧАТЬ