Название: Çaldıran döyüşü
Автор: Фарман Керимзаде
Издательство: JekaPrint
isbn: 978-9952-8278-7-3
isbn:
Murad Mirzə yenə üzünü sahibxəbərə tutub soruşdu:
– De görüm Şirvanşahı özü görüb?
Sahibxəbər dinməmiş fərari cavab verdi:
– Yox, mən görməmişəm. Yalan deyə bilmərəm. Şirvanda nə vaxt olmuşam ki, Şirvanşahı da görəm. Görsəm də tanımaram. Axşamtərəfi bir dəstə atlı gəldi. Şah İsmayılın çadırına tərəf, dedilər ki, bəs bu Şirvanşahdı, on beş min qoşunla gəlib.
– Soruş gör qoşunu harada dayanıb?
– Ordugahın bir mənzilliyində.
– Bunun özü kimin qoşunundadı?
– Məhəmməd bəy Ustaclının dəstəsindənəm.
– Süvarisən?
– Yox, mənim atım var ki, süvari də olam. Əldə, ayaqda işləyirəm. Mehtərlik eləyirəm.
Fərarini gətirəndə Murad Mirzəni at tərinin, peyininin iyi vurmuşdu və o eymənmişdi. Bu sözünə inandı.
– Aparın! Sabah onun dedikləri təsdiq olunmasa əzabla öldürərsiniz. Təsdiq olunsa xələt verib mehtər götürərsiniz.
Fərarini apardılar. Sahibxəbər hələ getməyib Murad Mirzənin əmrini gözləyirdi.
– Bəs sənin adamların harda ölüb? Niyə səhih bir xəbər gətirmirlər? Gecənin hansı vaxtı olsa, mənə xəbər çatdırın. Get! Onu da bil ki, sənin başının salamat qalması bu xəbərdən asılıdır.
Murad Mirzə qəti inana bilmirdi ki, Şirvanşah Şah İsmayıla köməyə gələ bilər. Bir məsələ də onu təəccübləndirirdi. Ona – Murad Mirzəyə, Əlvənd Mirzəyə qüdrətli türk sultanı kömək edir, qoşunları da çoxdur, xəzinə də əllərindədir. Şah İsmayılın isə heç kimdən köməyi yoxdur. Heç kimə bel bağlaya bilmir. Amma qalib gəlir. Bunun səbəbi nədir? Ona qüvvə verən doğrudandamı Ərdəbil seyidlərinin cəddidir, onun Sahibi-Zaman olmasıdır.
Murad Mirzə məsələlərə açıq gözlə baxmağı bacarırdı. Başa düşürdü ki, şah İsmayılda ilahi qüvvə yoxdur. Amma nəsə, elə bir qüvvə var ki, insanları onun ətrafına toplayır. Bəs o qüvvə nədir, kimdir? Niyə babam Uzun Həsənə sədaqətlə qulluq eləyən ölkə onun nəvələrindən üz döndərib? Səbəb nədir? Niyə Fateh Mehmetin nəvəsi Əhməd, vergiləri azaltsa da, Təbrizdə möhkəmlənə bilmədi?
Qəribə işdi! İndi hamı «Şah İsmayıl» deyir. Onun tərəfinə qaçır. Hələ bilmirlər ki, bu dərviş nəvəsi onlara heç nə verməyəcək. İnsan belədir də, həmişə təzə bir şey axtarır. Təzə paltar, təzə ev, təzə hökmdar. Elə bilir ki, təzə köhnədən yaxşı olacaq. Yaxşı olacaqmı?
Bu fikirlərlə o, yuxuya getdi. Yuxudan onu təbil səsləri ayıltdı.
Qara Piri bəy Qacarın süvariləri qarşısında, at belində oturmuş cavan bir aşıq sazını sinəsinə basıb çalırdı. Onun belində qılınc, yəhərin qaşından asdığı ox qabı və qalxanı vardı. Cavan aşıq atını qoşun qabağında cövlan eləyib oxumağa başladı:
Könul, nə gəzirsən seyran yerində,
Aləmdə hər şeyin var olmayınca,
Olura-olmaza dost deyib gəzmə,
Bir əhdinə bütün yar olmayınca.
Yürü, sufi, yürü, yolundan azma,
Elin qeybətinə quyular qazma.
Yorulma bihudə, boşuna gəzmə,
Yanında mürşidin yar olmayınca.
Qalxdı, havalandı könlümün quşu,
Qovğa, qeybət etmək köntünün işi.
Ustadın tanımaz bunda hər kişi,
Onun kim, mürşidi ər olmayınca.
Sıralardan «bəh, bəh!» nidaları eşidilirdi. Qara Piri bəy Qacarın qulağı aşıqda olsa da, fikri qarşıdakı təpədə sıralanmış düşmən səflərində idi. O, bir anı belə əldən vermək istəmirdi. «Ürəkli ordu az da olsa, həmişə qalib gəlməlidir». Bu onun tez-tez işlətdiyi söz idi. Həmişə də hücuma birinci atılmaq, ilk zərbəni özü vurmaq adətinə vərdiş eləmişdi. Deyəsən, düşmən səfi bir dəfə ləngər vurdu, amma yenidən sakitləşdi. Bu Qara Piri bəyin gözündən yayınmadı. Demək, düşmən tərəddüd içindədir. O, əlini qaldırdı, aşıq sazını çiyninə aşırıb qılıncını siyirdi və öz yerinə qayıtdı. Qara Piri bəyin göydəmir atı şahə qalxdı, onun yorğun, gur səsi eşidildi.
– Qurban olduğum, sadağa olduğum, pirim-mürşüdüm!
Minlərlə səs ona hay verdi. Amma bir gəlmə belə qarışmadı. Uzaqda, çadırının yanında dayanıb baxan Murad Mirzənin qulaqlarında bu gəlmələr aydınca səsləndi. O, indi başa düşdü ki, onun qoşununun belə bir hücum nidası, nərəsi yoxdur.
Murad Mirzənin tükləri ürpərdi, hiss elədi ki, bu nida qarşısında onun qoşunu dayana bilməyəcək.
O, Sultan Yaqubun oğlu idi. Atası, Şah İsmayılı, öz bacısı Aləmşahbəyimi illərlə həbsdə saxlamışdı, kürəkəni Şeyx Heydər nəslinin kökünü kəsməyə çalışmışdı. Bacarmamışdı. Amma budur, həmin nəsil bütün heyfləri onlardan çıxıb. Hakimiyyəti alıb taxt-taca yiyələnib. Nəslin son hökmdarı indi də Murad Mirzənin üstünə qılınc çəkib. Hiddət, nifrət budur. Həmin nifrət qarşısında nə dayana bilər?
Murad Mirzə əmr verdi ki, qoşun hücuma keçsin. Özü də hiss elədi ki, gecikib. Artıq hər tərəfdən qoşunlar onu mühasirəyə alıb. Qoşunlarının meydanı daralıb.
Döyüş başladı. Qılıncların cingiltisi, insan bağırtısı, atların kişnərtisi bir-birinə qarışmışdı.
Murad açıq-aşkar görürdü ki, onun qoşunlarının səfi pozulur. Qara Piri bəyin süvariləri iraqlı döyüşçüləri şil-küt eləmək üzrədir. Mirzə əmr verdi ki, Qasım bəy Pərnakın pusquda dayanan qoşunu köməyə gəlsin. Çapar gedib tez də qayıtdı.
– Böyük hökmdar, mən dil günahkarıyam. Qasım bəy xain çıxıb, düşmən tərəfinə keçib.
Bu artıq məğlubiyyət demək idi.
Hərəmxananı, öz canını qurtarmaq qayğısına qalmaq vaxtı yetişmişdi. Artıq başqa bir çaparın:
– Məhəmməd boy Ustaclının qoşunu mosulluları СКАЧАТЬ