Türkyut xanı Bey-Çjounun hədsiz güclənməsindən ehtiyat edərək məğlub sülalənin tərəfini saxladı. Öz imperatoruna qarşı üsyan qaldıran və Fanyanda (indiki Pekin yaxınlığında) möhkəmlənən sərkərdə Lyuy Çjan-tszı da bu ittifaqa qoşuldu.
Qao Bao-nin dərhal sərəncamındakı bütün qüvvələri səfərbərliyə alıb Qao Şao-inin mövqeyinə keçdi. Lakin o, gecikmişdi. Qoşunlar Lyaoxe çayının sahillərinə çatanda Fanyanın dağıldığı və üsyanın yatırıldığı xəbəri gəldi. Qao Şao-i türkyutların yanına qayıtdı, Qao Bao-i isə öz əyalətində möhkəmləndi.
Bey-Çjou üçün ən qorxulu düşmən türkyutlar idi. 578-ci ildə Tobo xan Çinə soxuldu və Çjou ordusunu qılıncdan keçirdi. 579-cu ildə başlanan danışıqlar kəsildi, hərbi əməliyyatlar isə türkyutların tam üstünlüyü ilə davam edirdi. Lakin Çin elçisi Tobo xanı hədiyyələrlə şirnikləndirə bildi və 580-ci ildə sülh bağlandı. Bu sülh müqaviləsinə görə Qao Şao-i çinlilərə verildi və Çjou dövlətinin paytaxtı Çanyana aparıldı. O, Sıçuanda sürgündə öldü.
580-ci il türkyut qüdrətinin zirvəsi idi. 581-ci ildə Tobo xan öldü, Çjou sülaləsi isə türkyutların qəddar düşməni, Suy sülaləsinin banisi sərkərdə Yan Tszyan tərəfindən devrildi. Bu, siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Qao-Bao-i isə öz düşmənlərindən çox yaşadı, o, Çaxardakı xırda knyazlığın hakimi idi. Bu knyazlıq türkyutların müttəfiqi sayılırdı.
Qərbdə müharibə. Şərq sərhədində fəal olan türkyutlar eyni vaxtda qərbə də yürüşlər edirdilər. Təəssüf ki, bu fövqəladə əhəmiyyətə malik hadisə tarixçilərin əsərlərində natamam əks olunur. Lakin bütövlükdə hadisələrin ümumi gedişini müəyyənləşdirmək mümkündür.
Qərb yürüşünə Bumının kiçik qardaşı İstemi-xaqan başçılıq edirdi. İstemi xaqan əvvəllər də Bumınla yürüşə çıxmış və ehtimal ki, on tayfa başçısına rəhbərlik etmişdi. Güman ki, həmin on nəfər uqor mənşəli Şimali Altay tayfalarının başçıları idilər. Onların indi türkləşmiş xələfləri şorlar, kumandinlər, lebedinlər və başqalarıdır. Təsadüfi deyil ki, İstemi xaqanın adı türk yox, uqor mənşəlidir və çox güman ki, ruh-əcdadın adıdır. Çinlilər onun qoşunlarının sayını 100 min nəfər göstərirlər, lakin bu rəqəm döyüşçülərin həqiqi sayına deyil, sərkərdənin rütbəsinə işarədir. İstemi xanın «Bahadır-cabqu»28 tituluna uyğun gələn bu rütbə orduda ən yüksək hərbi rütbə sayılırdı. İstemi öz yürüşünə 552-ci ildən sonra başlamışdı. Çünki həmin il abarlar hələ müstəqil tayfa idilər. Bumının dəfninə hədiyyələr göndərmişdilər29 və çox güman ki, bunu 553-cü ilin payızında, jujanların qəti məğlubiyyətindən sonra etmişdilər. Yürüşün ən çox ehtimal olunan vaxtı 554-cü ilin baharıdır. Həmin dövrdə jujanlarla haqq-hesab çürüdülmüşdü, otun bol vaxtı idi. Təbiidir ki, bu sonuncu amilin süvarilər üçün mühüm əhəmiyyəti vardı.
Hərəkət sürətindən göründüyü kimi türkyutlar güclü müqavimətə rast gəlməmişdilər. 555-ci ildə qoşunlar «Qərb dənizinə» çatmışdılar. Bu ad altında Xəzər deyil, Aral dənizini nəzərdə tutmaq lazımdır. Çünki Firdovsi İranın sərhədlərini aşağıdakı şəkildə göstərirdi: «Çindən Ceyhunun (Amu-Dəryanın) sahillərinə və Çaçanın (Daşkəndin) o tayından Gül-zariuna (Sır-Dəryaya) qədər».
Bu sitat əsasında biz 555-ci ilin dəqiq sərhədlərini müəyyənləşdirə bilərik. O, Daşkəndin şimalından gedir, sonra Sır-Dəryanı şimala dönən yerdə kəsib keçir və get-gedə genişlənərək Amu-Dəryanın aşağılarına və Aral dənizinin cənub sahillərinə çatırdı. Soqdiana və Buxara həmin dövrdə eftalitlərin hakimiyyəti altında idi. Türkyutlar onlarla qarşılaşmışdılar.30 Beləliklə, il yarım ərzində türkyutlar bütün Mərkəzi Qazaxıstanı, Yeddisuyu31 və Xarəzmi32 özlərinə tabe etmişdilər.
Lakin getdikcə vəziyyət daha da çətinləşdi. Aral dənizinin şimal sahillərində türkyutlar xuni (xio-nit)33, var34 və oqor35 tayfalarının müqavimətinə rast gəldilər. Yalnız 558-ci ildə bu tayfalar məğlub edildi və türkyutlar itaətdən boyun qaçıranları da qabaqlarına qatıb qova-qova Volqa sahillərinə çıxdılar. Qovulanlar var və xun tayfalarının qalıqları idilər. Sayları təxminən 20 min nəfərə çatırdı. Sonralar bu tayfalar vahid xalq —avar xalqı36 kimi formalaşdılar.
Türkyutlar Volqanı keçmədilər, yalnız Uralyanı düzənlikləri itaət altına almaqla kifayətləndilər. Bununla da İsteminin qərb yürüşü başa çatdı. Dörd il ərzində əldə olunanlar xaqanlığın qarşısında yeni siyasi vəzifələr qoydu.
Bütün Asiya düzənliyini tutan vahid dövlətin meydana gəlməsi Çin, Bizans və İran diplomatiyası üçün mühüm əhəmiyyətə malik amil idi.
VI əsrin 50-ci illərinin sonunda Qara dəniz sahillərindəki siyasi vəziyyət çox gərgin və mürəkkəb idi. Bu da Bizansın uzaqgörən və incə siyasəti sayəsində mümkün olmuşdu. Dnepr və Donun aşağı hissələrini kuturqur adlı bolqar xalqı tuturdu. Onlarla qohum olan uturqurlar isə Kubanda yaşayırdılar. Kuturqurların Frakiyaya basqınlarından zərər çəkən Bizans hədiyyələr və səfirliklər vasitəsi ilə uturqurları onlara qohum olan kuturqurların üzərinə qaldırırdılar. Yustininanın hiyləgər siyasəti bu iki qohum tayfanı az qala biri-birini son nəfərə qədər qırmağa gətirib çıxardı.
Uturqurlardan şərqdə, Kuma rayonunda və Dağıstanda çox döyüşkən sabir tayfası yaşayırdı. Sabirlər Bizans-İran müharibəsində əvvəlcə İranın tərəfində, sonra isə ona qarşı fəal iştirak edirdilər. 552-ci ildə onlar Aqvaniyanı tutdular, lakin 554-cü ildə artıq farslara məğlub oldular.
Kuban sahillərində Bizansın sadiq müttəfiqi olan alanlar yaşayırdılar. Yunanlar yeni barbar xalqın – avarların meydana çıxdığını ilk dəfə onlardan eşitdilər.
Avarlar Qara dəniz sahillərində. СКАЧАТЬ
28
Bahadır – hələ VI əsrdə türk dilinə daxil olmuş monqon sözüdür, «yabqu» isə «xaqanın müavini» deməkdir.
29
Şavani səhvən Qərbə yürüşdə İsteminin öz qardaşını müşayiət etdiyi qənaətinə gəlmişdir. Lakin Şavannın dövründə «araç» etnominin mənası hələ açılmamışdı və o «apurim» adı ikinci etnonimlə birlikdə «apar-apurim» (Tomson), yaxud «parpurum» (P. M. Melioranski) kimi oxunurdu. Həm də Radlov bu etnik qrupu tele tayfası olan fufolo ilə eyniləşdirirdi. Məsələni türk alimi Bəhaəddin Ögel həll etdi. Türk alimi öz tədqiqatı ilə sübut etdi ki, «apurim» – Rum, yəni Bizansdan başqa bir şey deyildir. Bu və başqa tədqiqatların sayəsində qərb yürüşünün vaxtını müəyyənləşdirmək mümkün oldu, həmin düzəliş isə Şavannın türk xalqının iki qərb və şərq qolunun paralel mövcudluğu haqqındakı ehtimalını gündəlikdən çıxardı. İstemi Şərqin fəth olunmasına öz qardaşı oğlu Muğan xanın yabqusu kimi getmişdi. Hər iki qardaşın «Gül-tiginin böyük kitabəsində» şərqi turklərin əcdadı kimi xatırlanması ən qədim dövrdə bu xalqın iki qolu olması fikrini istisna edir. Ayrılma prosesi VII əsrdə, bizim aşağıda nəzərdən keçirəcəyimiz şəraitdə baş vermişdi.
30
Bu fakt yalnız «Qan-mu»da qeyd olunmuşdur.
31
Burada məskunlaşan çu qrupuna məxsus tayfalar – dulu və nuşibilər türkyutlarla eyni adət-ənənələrə malik idilər. Onlar dil baxımından da az fərqlənirdilər.
32
Turkyut xanının itaətində olan tayfalar sırasında xoliatların da adı çəkilir. Onları rus salnamələrində adları çəkilən xvalislər və buradan da çıxış edərək xarəzmlilərlə eyniləşdirirlər.
33
Xionitlər – sarmat-alan tayfalarının nəsilləri. S. P. Tolstovun Sır-Dəryanın aşağı axarında kəşf etdiyi «bataqlıq şəhərlərinin» sakinləri.
34
Var, yaxud uar – xionitlərin qonşuları, uqor qrupuna daxil olan tayfa.
35
Oqorlar, yaxud uqrlar – macarların əcdadları. VI əsrdə onlar Başqırdıstan ərazisində, Volqa və Ural çayları arasındakı düzənliklərdə yaşayırdılar. Rubrukun yazdığına görə XIII əsrdə Başqırdıstanın əhalisi macarlar üçün də anlaşıqlı olan dillərini qoruyub saxlayırdılar.
36
Feofilat Simokatta xüsusi olaraq oxucunu xəbərdar edir ki, bu «psevdoavarları» heç vəchlə «əsil avarlarla», yəni Orta Asiyada yaşayan abarlarla qarışdırmaq olmaz. Bu problem uzunmüddətli polemikaya səbəb olmuşdur.