– Şübhəsiz! – deyə qız cavab verdi. Yucin getdikcə onun daha çox xoşuna gəlirdi.
– Nə gözəl oldu! Siz harada yaşayırsınız? Sizin ünvanınız mənə lazım olar.
O karandaş üçün əlini cibinə atdı və qız əlli yeddinci küçənin qərb tərəfinin qurtaracağındakı evinin nömrəsini dedi.
Yucin inkassator işləməsi sayəsində bu rayona yaxşı bələd idi. Şəhərin cənub kənarında olan bu küçə başdan başa miskin taxta evlərdən ibarət idi. Bu yer balaca dükanların sıx cərgəsini, daş döşənməmiş səkiləri, insan yaşamayan şəhərkənarı bataqlıqları xatırladırdı. Bu qızın, zibillər arasında və kömür tozu içərisində boy atmış bu gülün naturaçı olması nədənsə Yucini azacıq da olsun təəccübləndirmədi.
– Mən mütləq sizin arxanızca gələcəyəm, – deyə o, gülər üzlə davam etdi. – Siz unutmazsınız, eləmi, xanım … ?
– Sadəcə Rubi, – deyə qız onun sözünü kəsdi. – Rubi Kenni.
Yucin:
– Sizin gözəl adınız var, – dedi. – Çox məlahətli səslənir. Sizin evinizin harada olduğuna baxmaq üçün bir bazar günü gəlməyə icazə verərsiniz?
Onun adının Yucinə xoş gəlməsindən sevinən qız:
– Lütfən, – deyə cavab verdi. – Bazar günləri vaxtın çoxunu evdə oluram. Əgər həvəsiniz olsa, elə bu bazar günü səhər gəlin.
Yucin:
– Mütləq gələcəyəm, – dedi.
– O, böyük ruh yüksəkliyi ilə qızla birlikdə küçəyə çıxdı.
ONUNCU FƏSİL
Rubi Kenni, irlandiyalı qoca işçinin və onun arvadının qızlığı idi. Onlar, həmişə bir-biriylə dalaşan valideyni tərəfindən tamamilə atılmış dörd yaşlı körpənin halına yanıb, bu qızı evlərinə gətirmişdilər. O, dünyanı hansı qüvvələrin idarə etdiyindən yaxşı baş çıxarmasa da, ağıllı, yaxşı qız idi. Bu sadə qəlbli məxluq maraqlı macəralar şövqündə idi. Lakin bu macəraların insanı hara apardığını qabaqcadan görməyi bacarmırdı. Əmək fəaliyyətinə universal mağazada kassirlikdən başlamış bu qız on beş yaşında bakirəlikdən məhrum olmuşdu. Xoşbəxtliyi üzündən o zövqlü, ağıllı və ehtiyatlı kişiləri cəlb edə bilən incə gözəlliyə malik idi. Onların xoşbəxtliyindən isə onun özü də şəxsi uydurmalarında mühakiməsiz deyildi. Ancaq qüvvətli bağlılıq onda arzu, bir-iki təsadüfdə isə hətta həqiqi məhəbbət doğurmuşdu. O ancaq məhəbbətə güzəştə gedirdi, bunun nəticəsində isə pərəstişkarları kimi öz şıltaqlığının və ehtirasının qurbanı olurdu.
Rubinin atalığı və analığı onun tərbiyəsinə az-çox ağıllı rəhbərlik etməyi bacarmamışdılar. Onlar qızı sevirdilər və bu qız öz inkişafı ilə onlardan yüksək olduğu üçün onun görüşlərini, mühakimələrini və dəliliklərini haqlı hesab edərək, hər şeydə ona tabe olurdular. Rubi onların cəsarətsiz mülahizələrinin cavabında qonşuların nə düşündüyünün ona maraqlı olmadığını təkrar edərək ancaq gülürdü.
Yucinin Rubigilə gəlməsi və onlar arasında dostluq yaranması onun bu şəkildə olan başqa tanışlıqlarından mahiyyət etibarilə heç nə ilə fərqlənmirdi. O, qadında hər şeydən əvvəl gözəllik axtarırdı, lakin bununla bərabər elə bir hadisə olmamışdı ki, onu xüsusən cəlb edən ağıl və ürək keyfiyyətlərini aşkara çıxarmağa müvəffəq olmasın. O, qadında gözəllikdən başqa həssaslıq və gözəlliyə meyl axtarırdı. Kinli tənqiddən və soyuqdan qaçaraq, o heç bir zaman hiss incəliyində, qavrama cəldliyində, fikir yüksəkliyində özündən üstün olan bir adamı yoldaş seçməzdi.
O vaxtlar ona sadə şeylər, sadə mənzil, adi, təvazökar mühit, sadə həyat atmosferi xoş gəlir, daha qəşəng, daha zərif mühit isə onu qorxudurdu. Yanlarından ötüb keçməli olduğu dəbdəbəli malikanələr, gözəl mağazalar, yüksək ictimai mövqe tutan adamlar ona təkəbbürlü və soyuq görünürdü. O təvazökar, heç nə ilə şöhrətlənməyən, lakin xeyirxah və mehriban adamları üstün tuturdu. Əgər belə bir mühitdən çıxmış belə bir gözəl qadın tapsaydı, o xoşbəxt olardı və bundan artıq heç bir şey arzu etməzdi. Bunun üçün də Rubi onu cəlb etdi.
Bazar günü yağış yağdı və bu yağıntı şəhərin Rubi yaşayan hissəsinə durğunluq gətirdi. Evlər arasındakı boş yerlərdə saralmış, cansız otlar içərisində çoxlu gölməçələr işıldayırdı. Üzərində saysız-hesabsız paravozlar və vaqonlar duran qara şlak səpələnmiş əyri-üyrü, intəhasız dəmir yollarından keçib gedən Yucin, rütubətlə dolu boz havaya tüstü və buxar püskürən bu nəhəng, qara paravozların, yağışdan islanmış və bunun üçün də xüsusi gözəllik kəsb etmiş ikirəngli vaqonların rəssam üçün necə yaxşı material olduğunu düşünürdü. Qaranlıqda yollar ayrılan yerlərdə makasların işığı parlaq çiçəklərə bənzəyirdi. Canlı gözlər kimi yanan bu sarı, qırmızı, yaşıl və mavi ləkələr Yucinin xoşuna gəlirdi. Yucin belə materiala xüsusən həssas idi və o gözəl qızın – bu ətirli gülün – harada isə bu yaxında yaşamasından gizli bir sevinc duyurdu.
O, qapıya yanaşdı, zəngi basdı, qapını bütün bədəni əsən, görüş dairəsi, görünür çox dar olan bir irlandiyalı açdı. Yucin düşündü ki, bu adama şlaqbauma1 gözətçi olmaq daha çox yaraşardı. Qocanın əynində cod, lakin qəşəngliyini itirməmiş paltar var idi, bu paltar çox geyilməkdən insan bədəninin təbii şəklini almışdı. Onun əlində qısa çubuq tüstülənirdi.
Yucin ondan:
– Miss Kenni evdədirmi?
– Aha! Buyurun. Mən onu çağıraram.
O, otağın qapısını göstərdi, bu, yəqin qonaq otağı idi. Kimsə burada hər şeyin – ipək abajur altındakı böyük lampanın, ailəvi albomun, döşəmədəki xalçanın və güllü divar kağızının qırmızı tonda olması üçün qayğı göstərmişdi.
Yucin Rubini gözləyərək, albomu açdı və şəkilləri nəzərdən keçirməyə başladı. Yəqin bunlar qızın qohumlarıdır, deyə Yucin düşündü. Onlar hamısı xırda adamlar – kontorçular, dükançılar, kommivoyajerlər idi. Bir az sonra Rubi gəldi və Yucinin gözləri parıldadı. Bu qızda (onun yenicə on doqquz yaşı tamam olmuşdu) onu həmişə heyrətə gətirən gənclik məlahəti hiss olunurdu. Onun əynində boynu və qolları qırmızı məxmərdən olan qara kəşmiri paltar, boynunda oğlanlarda olduğu kimi səliqəsiz düyünlənmiş qırmızı qalstuk var idi. O, bəzənmiş və kefi kök halda daxil oldu və gülər üzlə əlini Yucinə uzatdı.
– Hə, bizim evi tapmaq çətindir, eləmi? – deyə soruşdu.
Yucin СКАЧАТЬ
1