O, bir dəfə axşam hər cür elanlar asılan lövhədə aşağıdakı plakatı gördü:
Əvvəllər bu barədə heç bir şey eşitməmiş Yucin düşündü ki, bu həngamə, yəqin, onların siniflərindən başlanmamışdır. O yenə də sinif başçısından soruşdu və öyrəndi ki, iştirak etmək üçün yetmiş beş sent verilməlidir. Arzu edənlər özləri ilə qız da gətirə bilərlər. Əksəriyyəti belə də edəcəkdir. Yucin şamda iştirak etməyi qərara aldı. Lakin qızı haradan tapsın?
“Safroni” – Klark-stritin aşağı hissəsində, əsas etibarilə italyan işçilərinin yerləşdiyi kvartalda olan italyan restoranı idi. Restoranın olduğu ev başqalarından bir az yaxşı idi. Həyətdə üstü kif basmış sadə taxta stollar qoyulmuşdu və yayda buraya taxtalar çıxarılırdı. Yağışdan qorunmaq üçün stolların üstündən tent çəkilmişdi. Sonralar tent öz yerini şüşə dama vermişdi, bunun sayəsində qışda da buradan istifadə etməyə başlamışdılar. Restoran təmiz idi, burada yeməklər də pis deyildi. Bir cavan jurnalist, yaxud rəssam buranı tapmışdı və senyor Safroni yavaş-yavaş hiss etmişdi ki, müştərilərinin heyəti yaxşılaşır. O yeni müştərilərlə salamlaşmağa başlayır, onlar üçün xüsusi yer ayırırdı. Bir dəfə isə balaca bir məclisə verilən yeməyi az qala maya qiymətinə hesablamışdı. Restoranın şöhrəti artdı. İndi senyor Safroni olduqca müxtəlif növlü şərab və tünd içkilər verilən şam yeməyi üçün hər adam başına yetmiş sent almaqla yüz nəfərlik məclis üçün qışda da burada ziyafətlər düzəldə bilirdi. Bütün bunlar onun şöhrətlənməsinə az yardım etməmişdi.
Noyabrın on altısına təyin olunmuş şam, bu vaxtadək siniflərin özündə təşkil olunan bir sıra qonaqlıqların son nəticəsi idi. Yeni tələbə, yaxud ümumiyyətlə yad bir adam gəldikdə burada onu “Qonaqlıq!Qonaqlıq!” səsləri ilə təbrik etmək kimi bir ənənə var idi. Yeni gələn, pivə fonduna öz payını – iki dollar – verməli idi, əks təqdirdə onu kənara atar, yaxud onun başına oyun açardılar. Araya pul gələn kimi axşam məşğələlər kəsilərdi. Tələbələr pul yığır, pivə çəlləyi və pendir buterbrodu almağa adam göndərirdilər, sonra isə şənlik – içmək, oxumaq, royal çalmaq və hər cür şıltaqlıq başlanırdı. Bir dəfə Omaha ştatından olan ucaboylu, qayğısız, kefcil bir tələbə çılpaq naturaçını qaldırdı, onu boynuna oturtdu, oynaya-oynaya otaqda gəzdirməyə başladı. Qız bütün qüvvəsi ilə onun saçlarını dartırdı, qalanları isə qulaqbatırıcı səslərlə onun arxasınca qaçışırdılar. Yucin buna çox təəccüb etdi. Qonşu otaqda məşğələ keçən canlı natura sinfinin bir neçə tələbəsi işi buraxıb, belə macəralar üçün xüsusi olaraq deşiklər açılmış arakəsməyə söykəndilər. Gördükləri səhnə onları o qədər heyrətləndirirdi ki, bu barədə bir an içərisində bütün binaya səs yayıldı. Bu hərəkət haqqında müdriyyət də bildi və müqəssir tələbə ertəsi gün xaric edildi. Lakin eyş-işrət rəqsi hər halda baş tutmuşdu və onun xatirəsi üzün müddət institutun divarları arasında qaldı.
Belə ziyafətlər zamanı Yucini də içməyə məcbur edirdilər – o, az da olsa, içirdi. Yucin pivədə bir ləzzət görmürdü. O, papiros çəkməyi də sınadı, lakin bu da onun xoşuna gəlmədi. Bəzən belə başıpozuq şənliyin təkcə görünüşündən əsəbi məstlik kimi bir şey duyurdu və bu zaman adi süstlük yox olurdu, gülür, ağına-bozuna baxmadan zarafat edirdi. Hətta ziyafətlərin birində naturaçı qızlardan biri ona dedi:
– Siz göründüyünüzdən daha yaxşısınız. Mən sizi yaman qaraqabaq sanırdım.
– Nə danışırsınız! – deyə o səsləndi. – Bu, məndə hərdənbir olur. Əslində isə mən heç də belə deyiləm. Siz hələ məni tanımamısınız.
O, qızın belindən tutdu, lakin qız onu itələdi. O zaman rəqs etmədiyinə necə də heyfsləndi! O, qızı qucaqlayar və otaqda fırlanardı. O mütləq rəqs öyrənməyi qərara aldı.
Şama dəvət edə biləcəyi bir qızı hardan tapmaq məsələsi Yucinin başından çıxmırdı. O, Marqaretdən başqa heç kəsi tanımırdı, lakin onun rəqs edə biləcəyini güman etmirdi. Çikaqoya gəlişi zamanı görüşə bildiyi blekvudlu qız – miss Blu məsələsinə gəldikdə, belə bir işlə əlaqədar olaraq onun haqqında düşünmək ona sadəcə mənasız görünürdü. Maraqlıdır, – deyə o düşündü, – onun gördüklərini o qız görmüş olsaydı, nə deyərdi?
Bir dəfə Yucin dəftərxanaya nəzər salarkən, orada ilk dəfə dərsdə olduğu axşam çəkilmək üçün onların sinfində duran naturaçı qızı – miss Kennini gördü. Yucin özünün ilk modelini unutmamışdı. Həm də ki, qız çox qəşəng idi. Bir dəfə fasilə zamanı ona yaxınlaşan və yaxınlığında duran qız bu idi. O vaxtdan bu qıza rast gəlməmişdi. Yucin qızın xoşuna gəlmişdi, lakin o adamayovuşmaz və solğun idi. O son zamanlardan boş bağlanmış qalstuk taxmağa və üzünə çox yaraşan dəyirmi yumşaq şlyapa qoymağa başlamışdı. İndi o, saçlarını geri darayır və mister Boyl kimi sərbəst, əl-qolunu ata-ata yeriməyə çalışırdı. Bu adam Yucinə bir növ ilahi əzəmətli və qayğısız gəlirdi. Yucin onun kimi olmağı necə də istəyirdi!
Qız Yuccindəki bu dəyişikliyi gördü. O necə gözəl olmuşdur, – deyə qız fikirləşirdi. – Onun necə də ağ dərisi, aydın gözləri vardır. Bu adamda qüvvə hiss olunur.
Qız özünü elə göstərirdi ki, guya çılpaq qadın eskizini nəzərdən keçirir.
Yucin gülümsəyərək:
– Salam, – dedi. O özünü tənha hiss edirdi, bu qızdan başqa heç kəsi tanımırdı, bunun üçün də onunla danışmağa cəsarət etdi.
Qız başını çevirdi və onun salamına mehriban təbəssümlə cavab verdi.
Yucin:
– Mən uzun zamandır ki, sizi görmürdüm, – dedi, – yenə də bizdə işləyirsiniz?
– Ancaq bu həftəliyə, – deyə qız cavab verdi. – Mən xüsusi studiyalarda çəkilirəm. İmkan olanda mən orada işləməyi üstün tuturam.
Yucin onun həmişə necə şən olduğunu xatırlayaraq təəccüb etdi:
– Mənə isə belə gəlirdi ki, bizdə işləmək sizin xoşunuza gəlir.
– Xoş gəldiyini deyə bilmərəm, – deyə qız güldü və qara gözləri ilə hiyləgərcəsinə ona baxdı.
– Xeyr, doğru deyirəm, – deyə Yucin cavab verdi və sonra gizli bir ümidlə soruşdu: – Siz on altısında olacaq axşam ziyafətimizdə iştirak edəcəksinizmi?
Qız:
– Ola СКАЧАТЬ