Onlar ertəsi günü qatarda, demək olar ki, üç saat məstedici söhbətlə məşğul oldular. Söhbət başlanan kimi Yucin iki il bundan qabaq elə bu yolla, bu qatarla, elə bu saatlarda necə getdiyini nağıl etdi. O gecələmək üçün yer axtararaq, bu böyük şəhərin küçələrini necə dolaşdığını, necə işə başladığını, öz yerini tapdığına əmin olmadıqca Aleksandriyaya qayıtmadığını danışdı. İndi o, rəssamlıq təhsili alacaq, sonra isə Nyu-Yorka, yaxud Parisə gedəcək, jurnallarda işləyəcək və bəlkə də şəkillər çəkəcəkdir. Yucin, ona heyran olanlar qarşısında lovğalanmağı sevirdi, burada isə ona heyran olacaqlarına əmin idi. Onun yol yoldaşı ondan başqa heç nəyi görməyən gözlərlə ona baxırdı. Bu adam həqiqətən Ancelanın bu vaxta qədər tanıdığı adamların heç birinə oxşamırdı – o, gənc idi, istedadlı idi, məğrur idi, zəngin təfəkkürə malik idi. O, Ancelanın da can atdığı, lakin görməyə azacıq belə ümidi olmayan aləmə – incəsənət aləminə özü üçün yol açmaq istəyirdi. Budur, gələcək rəssam ona öz planlarını nağıl edirdi, Paris haqqında danışırdı. Bu nə qədər gözəldir!
Onlar Çikaqoya yaxınlaşdıqları zaman Ancela dedi ki, bilaixtiyar Çikaqodan Sent-Pola gedən və Blekvudda dayanan qatara minməlidir. Doğrusu, onun qəlbində bir qədər qüssə var idi və ürəyi sıxılırdı, çünki yay tətili qurtarmaq üzrə idi və yenidən məktəb məşğələlərinə getməli idi. Onun sabiq məktəb yoldaşı blekvudlu miss Minqgildə keçirdiyi iki həftə gözəl bir yuxu kimi ötüb keçdi. Yoldaşı Ancelanın vaxtını şən keçirməsi üçün bütün səyini göstərdi. Artıq hər şey arxada qalmışdı. Yucinlə tanışlığı da tezliklə kəsiləcəkdi. O yenidən görüşmək haqqında hələ bir söz belə deməmişdi. O, Yucinin belə parlaq boyalarla təsvir etdiyi aləmi yaxından tanımağın yaxşı olacağı haqqında düşünürdü ki, Yucin dedi:
– Mister Benqs mənə dedi ki, siz hərdənbir Çikaqoya gəlirsiniz?
– Bəli, doğrudur, – deyə qız cavab verdi. – mən teatra getmək və bəzi şeylər almaq üçün bəzən orda oluram.
Ancela bu səfərlərin əməli iş mülahizələri ilə izah olunduğunu demədi – o, ailədə şey almaq bacarığı ilə şöhrət qazanmışdı və şey almaq üçün qohum-qardaş onu tez-tez Çikaqoya göndərirdi. O, təcrübəliliyi və təsərrüfatçılığı ilə hamısını ötüb keçmişdi. Bundan başqa hər cür əziyyəti məmnuniyyətlə öz üzərinə götürdüyünə görə, bacıları və dostları onu çox qiymətləndirirdilər. Əməyə olan bu məhəbbəti nəticəsində onun bütün ailə üçün qulluqçuya çevrilməsi təhlükəsi oyanırdı. Bununla belə, hansı işə girişsə, onu vicdanla görürdü, lakin demək olar ki, ancaq xırda təsərrüfat məsələləri ilə məşğul olurdu.
Yucin soruşdu:
– Siz bu yaxınlarda Çikaqoya gəlməyi nəzərdə tutursunuzmu?
– Əvvəlcədən demək çətindir. Adətən mən qışda, opera tamaşaları başlayan zaman gəlirəm. Bəlkə də, həmd-səna gününə gələ bildim.
– Bəs ondan qabaq?
Qız hiyləgərcəsinə cavab verdi:
– Çətin.
– Təəssüf. Mən isə ümid edirdim ki, hələ bu payız sizi görərəm. Hər halda gəldiyiniz zaman mənə xəbər verin. Mən məmnuniyyətlə sizinlə teatra gedərəm.
Yucin əyləncələrə çox az pul xərcləyirdi, lakin bu dəfə bir qədər cızıqdan çıxmağı qət etdi. Axı bu qız tez-tez gəlməyəcəkdir. Bir də ki, o bu yaxın günlərdə əmək haqqının artırılacağı ümidində idi, bu isə işi əsaslı sürətdə dəyişirdi. Qız gələn vaxt o institutda oxuyacaq və onun üçün yeni fəaliyyət sahəsi açılacaqdır. Gələcək ona ən əlvan rənglərdə görünürdü.
– Bu sizin tərəfinizdən böyük lütfkarlıqdır, – deyə Ancela cavab verdi. – Mən gələndə sizə xəbər verərəm. Axı mən əyalət qızıyam, mənə böyük şəhərdə olmaq ancaq hərdənbir müyəssər olur, – deyə o əlavə etdi və başını silkələdi.
Yucin, bu qızın öz yoxsulluq və təcrübəsizliyini belə açıq etiraf etməsini hiyləsiz sadəlik kimi qəbul etdi və bu xüsusiyyət onun xoşuna gəldi. Adətən qızlar özlərini belə tutmurlar. Onun dodaqlarında yoxsulluq və təcrübəsizlik az qala məziyyət kimi görünürdü. Bu, bir etiraf kimi, hər halda gözəl səslənirdi.
Yucin:
– Aldatmayın ha, – dedi.
– Niyə aldadıram. Mən sizi məmnuniyyətlə xəbərdar edərəm.
Qatar vağzala yanaşdı. Bu dəqiqə Yucin Ancelanın Stella qədər gözəl və əlçatmaz olmadığını və temperament etibarilə, yəqin ki, Marqaretdən uzaq olduğunu unutdu. O, qızın gözəl, donuq saçlarına, incə dodaqlarına və başqa bir xüsusiyyətlə cilvələnən mavi gözlərinə baxır, onun açıqqəlblilik və təbiiliyindən heyrətə gəlirdi. Qatar dayanan kimi o, qızın çamadanını götürdü və onun gedəcəyi qatarı tapmağa kömək etdi, sonra isə vidalaşarkən uzun müddət onun əlini sıxdı. Axı bu qız o qədər sevimli idi, onu elə rəğbət və maraqla dinləyirdi ki!
Yucin qızı şəhərkənarı qatarın vaqonuna əyləşdirərək:
– Unutmayın ha! – deyə təkrar etdi.
– Unutmaram.
– Əgər sizə məktub yazmış olsam, acıqlanmayın.
– Əksinə çox şad olaram.
O vaqondan çıxa çıxa:
– Yaxşı, onda mən sizə yazaram, – dedi.
Yucin perronda durub qatar gedənə qədər ona baxdı. Bu tanışlıq onu sevindirirdi. Nə gözəl qızdı – təmiz, düzgün, hiyləsiz. Yaxşı qadın elə belə olmalıdır: abırlı və təmiz. Bu, Marqaret kimi başlı-başına qalmış, Stella kimi laqeyd, ehtirassız gözəl deyil, – deyə əlavə etmək istədisə də buna qüvvəsi çatmadı. Hansı bir səs isə ona pıçıldayırdı ki, Stella rəssam üçün kamillik nümunəsidir. İndi belə Stellanı xatırlamaq ona ağır gəlirdi. Lakin Stella onun həyatından həmişəlik getmişdi – buna heç bir şübhə yox idi.
Bundan sonra Yucin tez-tez Ancela haqqında düşünürdü, fikrində Blekvudun nə cür olduğu, qızın nə kimi şəraitdə yaşadığı və nə kimi adamlarla əhatə olunduğu haqqında fərziyyələr düzəldirdi. Yəqin onlar da Yucinin Aleksandriyada olan qohumları kimi sevimli və sadə qəlblidirlər. Onun təsadüf etdiyi böyük СКАЧАТЬ