Название: Fiesta
Автор: Эрнест Миллер Хемингуэй
Издательство: JekaPrint
isbn: 978-9952-8449-4-8
isbn:
– Bəlkə Foyota gedək? Gəl, faytonu saxlayıb yolumuza davam edək.
Onu ona görə özümlə gətirmişdim ki, qəlbimin dərinliyində kiminləsə qarşılıqlı yemək yeməyin daha yaxşı olacağına ümid edirdim. Axırıncı dəfə nə vaxt fahişə ilə yemək yediyim xatırlamadığımdan, bunun necə darıxdırıcı olduğu da yadımdan çıxmışdı. Biz restorana girib, qəbul masasında oturan xanım Lavinin yanından keçib, balaca bir otağa daxil olduq. Corcetin kefi bir az düzəlmişdi.
– Bura o qədər də pis deyil, – o dedi. Çox dəbdəbəli olmasa da, yeməkləri dadlıdır.
– Lejedə yediklərindən daha yaxşıdır.
– Yəqin, Brüssel demək istədin.
Biz bir şüşə də şərab içdik və Corcet mənimlə zarafatlaşmağa başladı. O, artıq çəkinmədən gülümsəyərək bütün pis dişlərini göstərir və biz qədəhləri toqquşdururduq.
– Pis oğlana oxşamırsan, – o dedi. Amma heyif ki, xəstəsən. Yoxsa, yaxşı yola gedərdik. Bəlkə deyəsən sənə nə olub ?
– Müharibədə yaralanmışam, – mən dedim.
– Ah, bu amansız müharibə!
Yəqin ki, biz müharibə mövzusunu davam etdirib onun sivilizasiya üçün bir faciə olduğu ilə razılaşıb ondan yaxa qurtarmaq haqqında uzun-uzadı danışacaqdıq. Artıq sıxılmağa başlamışdım. Elə bu vaxt başqa otaqdan kimsə məni çağırdi:
– Barns! Ey, Barns! Ceykob Barns!
– Dostum məni çağırır, – dedim və çıxdım.
Bredoks öz dəstəsini böyük masa ətrafına toplamışdı: Kon, Frensiz Klayn, xanım Bredoks və tanımadığım bir neçə adamlar.
– Bizimlə rəqsə getmək istəyirsən? – Bradoks soruşdu.
– Hara?
– Əlbəttə ki, rəqs zalına. Yoxsa, bizim yenidən rəqsə qayıtmağımızdan xəbərsizsən? – xanım Bredoks müdaxilə etdi.
– Sən gəlməlisən, Ceyk. Hamımız gedirik, – Frensiz masanın sonundan dilləndi. O, gülümsədi.
– Əlbəttə, o gəlir, – Bredoks dedi. Gəl, bizimlə kofeyə qonaq ol, Barns.
– Yaxşı.
– Rəfiqəni də gətir, xanım Bredoks gülə-gülə dedi. Kanadalı bu qadın, onlara xas bütün nəzakət qaydalarına əməl edirdi.
– Çox sağolun, indi gəlirik, – mən dedim və balaca otağa geri qayıtdım.
– Sənin dostların kimdir? – Corcet soruşdu.
– Yazıçılar və rəssamlar.
– Çayın bu tərəfində onlardan yaman çoxdur.
– Həm də lap çox.
– Razıyam. Amma, hələ də aralarında pul qazananlar var.
– Hə, elədir.
Biz yeməyi və şərabımızı bitirdik.
– Gəl gedək, – mən dedim. Gedək, kofeni də onlarla içək.
Corcet çantasını açıb, kiçik güzgüsünə baxa-baxa üz-gözünə əl gəzdirdi, dodaq boyasını təzələdi və şlyapasını düzəltdi.
– Yaxşı, sən deyən olsun, – o dedi.
Biz Bredoks, onun yoldaşları və çoxlu adamlarla dolu olan otağa daxil olduq.
– İcazə verin, nişanlım Madmazel Corcet Leblankı sizə təqdim edim, – mən dedim. Corcet o gözəl gülüşü ilə gülümsədi və biz hamı ilə əl sıxıb tanış olduq.
– Sizin müğənni Corcet Leblankla qohumluğunuz var? – xanım Bredoks soruşdu.
– Heç tanımıram, – Corcet cavab verdi.
– Amma, adlarınız eynidir, – xanım Bredoks mehribanlıqla təkid edirdi.
– Yox, – Corcet dedi. Elə deyil. Mənim soyadım Hobindir.
– Ancaq cənab Barns sizi Madmazel Corcet Leblank kimi təqdim etdi. Öz qulaqlarımla eşitdim, – fransızca danışmağın həyəcanından düşünməyə macal tapmayan xanım Bredoks dediyindən dönmək istəmirdi.
– O, axmaqdır, – Corcet dedi.
– Ah, demək, bu, bir zarafatdır, – xanım Bredoks dedi.
– Əlbəttə, – Corcet dedi. Gülmək üçün söylədim.
– Eşidirsən, Henri? – xanım Bredoks stolun aşağısına tərəf səsləndi.
– Cənab Barns öz nişanlısını Madmazel Leblank kimi təqdim etsə də, əslində onun soyadı Hobindir.
– Əlbəttə, əzizim, Madmazel Hobin, mən onu çoxdan tanıyıram.
– Oh, Madmazel Hobin, Frensiz Klayn xanım Bredoksun lovğa və həyəcanlı fransızcasından fərqli olaraq, öz səlist və təbii fransız ləhcəsi ilə dilləndi.
– Siz çoxdandır Parisdəsiniz? Bura xoşunuza gəlir? Parisi sevirsiniz ya yox?
– Bu kimdir? – Corcet məndən soruşdu. Onunla mütləq danışmalıyam?
O əyləşib əlini əlinin üstünə qoymuş, başını dik tutub dodaqlarını danışmaq üçün büzmüş Frensizə tərəf çevrildi.
– Yox, mən Parisi sevmirəm. Bura baha və çirkli şəhərdir.
– Doğrudan? Ancaq mən buranı həddindən ziyadə təmiz hesab edirəm. Hətta, deyərdim ki, Avropanın ən təmiz şəhərlərindən biridir.
– Fikirlər müxtəlifdir.
– Çox qəribədir! Ola bilsin, bu şəhərdə yenisiniz.
– Mən kifayət qədər uzun müddətdir ki, buradayam.
– Ancaq razılaşmaq lazımdır ki, burada çoxlu yaxşı insanlar var.
Corcet mənə tərəf döndü.
– Əcəb yaxşı dostların var.
Frensiz içkili olduğundan söhbəti daha da uzatmaq marağında olsa da, Lavinin kofe və likör gətirməsi ilə söhbət yekunlaşdı və biz hamımız Bredoksun dediyi rəqs klubuna yollandıq.
Rəqs СКАЧАТЬ