Название: Vinni-Puh
Автор: Алан Александр Милн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244076
isbn:
O, bal küpələrinin ən böyüyünü götürüb həyətdə başı buludlara dəyən ağacın yoğun budağına çıxdı. Sonra aşağıya enib digər küpələri də bir-bir götürdü. Axır ki, xilasetmə əməliyyatı başa çatdı, Puh budaqda oturub ayaqlarını yelləməyə başladı. Onun yanında on küpə yan-yana düzülmüşdü. Bəs deyincə yeməyi vardı, su isə ona çətin ki, çatardı.
Ancaq ertəsi gün Puhun yanında dörd küpə qaldı.
İki gün sonra bir küpə qaldı.
Dördüncü gün artıq Puh budaqda tək oturmuşdu. Elə bu vaxt Piqletin suya atdığı şüşə onun yanına çatdı. Puh şüşəni görüncə bərkdən «Bal! Bal!» deyə qışqırdı və özünü suya atdı, şüşəni qamarlayıb yenidən ağaca dırmaşdı.
– İşə bax! Heyif! – Puh şüşəni açanda peşman oldu. – Boş yerə əziyyət çəkdim, islandım! Dayan görüm, bu nə kağızdır?
O, kağızı şüşədən çıxarıb diqqətlə nəzərdən keçirməyə başladı.
– Bu, məktubdur, – o dedi, – müraciətnamədir. Bu isə «Pı»ya oxşayır, hə-hə, yəqin ki, «Puh» deməkdir. Bu müraciətnamə mənə yazılıb, mənsə oxuya bilmirəm! Kristofer Robini və ya Bayquşu, ya da Piqleti tapmaq lazımdır: onlar oxumağa kömək eləyərlər. Amma axı mən üzə bilmirəm!
Ağlına başqa bir fikir də gəldi. Öz-özünə dedi: «Əgər şüşə üzə bilirsə, deməli, küpə də üzə bilər; demək ki, küpəyə minib mən də xilas ola bilərəm». O ən böyük küpəni götürüb ağzını bərk-bərk bağladı.
– Hər gəminin öz adı olmalıdır, – o dedi. – Mən öz gəmimi «Üzən Ayı» adlandıracağam.
Bu sözlərlə gəmini suya atdı, özü də arxasınca tullandı.
Puh və «Üzən Ayı» bir neçə dəfə suda batıb-çıxandan sonra, axır ki, Puh birtəhər gəmiyə minə bildi.
Kristofer Robin meşənin ən hündür yerində yaşayırdı. Nə qədər yağış yağırsa yağsın, heç vaxt onun evini su basmırdı. Odur ki evdə rahat oturub müxtəlif məsələlər barədə fikirləşirdi. O hər səhər evdən çıxıb (çətirlə) su basan yerə çubuq sancırdı. Ertəsi gün çubuq suyun altında qalır, onda o, yeni çubuq sancmalı olurdu. Beləliklə, onun evinə gedən yol getdikcə qısalırdı. Nəhayət, Kristofer başa düşdü ki, ömründə ilk dəfə adada qalıb. Bundan gözəl nə ola bilərdi!
Həmin səhər Bayquş uçub gəldi: onunla hal-əhval tutmaq istəyirdi.
– Qulaq as, Bayquş, – Kristofer Robin dedi, – əladır, deyilmi? Mən adada yaşayıram!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.