Название: Vinni-Puh
Автор: Алан Александр Милн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244076
isbn:
– Sən əsl yoldaşsan, – İa dedi, – əsl dostsan. Bəziləri kimi deyilsən!
Beləcə, Puh quyruğu axtarmağa yollandı. Vinni şam və küknar ağaclarının yanından ötüb-keçdi, nəhayət, ac-susuz halda Qalın Meşəyə çatdı. Axı Bayquş bu meşədə gözəl «Şabalıd» qəsrində yaşayırdı. Hə, evdə yox, möhtəşəm qəsrdə. Qəsrin qapısının üzərinə həm zınqırov bərkidilmişdi, həm də düymə. Düymənin altında yazılmışdı:
QAPINI AÇMASALAR, XAHİŞ EDİRƏM, DÜYMƏNİ BASIN!
Zınqırovun altında isə belə yazılmışdı:
ƏGƏR QAPINI YENƏ AÇMASALAR, XAHİŞ EDİRƏM, KƏNDİRİ ÇƏKİN!
Elanların ikisini də Kristofer Robin yazmışdı, çünki Meşədə yalnız o yazmağı bacarırdı. Ağıllı Bayquş belə oxumağı, imza qoymağı bacarsa da, sözləri onun kimi düzgün yaza bilmirdi.
Puh qapını döydü, zəngi basdı, sonra zınqırovun kəndirini çəkdi və axırda ucadan səsləndi:
– Bayquş! Qapını aç! Ayı gəlib.
Qapı açıldı; Bayquş qapının arasından çölə boylandı.
– Xoş gördük, Puh! – Bayquş dedi. – İşlər necədir?
– İşlər pisdir, çox pis, – Puh dedi. – Köhnə dostum İa-İa quyruğunu itirib özünə yer tapa bilmir, ağlayıb-sıtqayır. Onun quyruğunu necə tapa bilərəm?
– Hm, – Bayquş sözə başladı, – belə hallarda adi prosedur…
– «Bala Sadur» nə deməkdir? – Puh soruşdu. – Unutma ki, başımın içinə talaşa və ağac ovuntusu doldurublar, uzun sözlər məni çaşbaş salır.
– Bu söz nə etmək lazım olduğunu bildirir. Birincisi, mətbuata bildirmək lazımdır. Sonra…
– Sağlam ol! – Puh dedi. – Hə, neyləmək lazımdır? Asqırdın, sözünü tamamlaya bilmədin…
– Bağışla, Puh, ancaq mən asqırmadım. Dedim ki, əvvəlcə…
– Bax yenə asqırdın! Sağlam ol! – Vinni-Puh hüznlü səslə dedi.
– Mətbuata bildir, – Bayquş aydın səslə ucadan dedi. – Qəzetə elan ver. Yazmaq lazımdır ki, İa-İanın quyruğunu tapana yaxşı şeylər verəcəyik.
– Aydındır! Yeri gəlmişkən, «yaxşı şeylər» barədə, – Puh başını yelləyib sözünə davam etdi, – adətən, bu vaxtlarda toqqanın altını yaxşıca… – Puh küncdəki bufetə sarı boylandı. – Bir qaşıq qatılaşdırılmış süd, ya da, tutalım, bir az bal olsaydı…
– Deməli, belə… – Bayquş dedi. – Elan yazıb ağaclara yapışdırmaq lazımdır.
«Bir qaşıq bal, – Ayı mızıldandı, – ən pis halda bircə qaşıq bal».
Vinni dərindən ah çəkib Bayquşun dediklərini dinləməyə çalışdı. Bayquş son dərəcə uzun sözlərlə danışırdı; sözlər get-gedə daha da uzanırdı… Nəhayət, Bayquş dedi ki, elanı Kristofer Robin yazmalıdır.
– Mənim qapımın üzərindəki elanları da o yazıb. Onları gördünmü, Puh?
Bayaqdan bəri Bayquş nə danışırdısa, Puh növbəylə «Hə» və «Yox» cavabları verirdi. Odur ki sonuncu dəfə «Hə» dediyi üçün bu dəfə «Yox, heç vaxt» dedi. Hərçənd söhbətin nədən getdiyini başa düşməmişdi.
– Necə yəni? Sən elanları görməmisən? – Bayquş təəccüblə soruşdu. – Gedək göstərim.
Çölə çıxdılar. Puh zınqırovu və onun altındakı elanı gözdən keçirdi. Zınqırovun kəndirinə baxanda ona elə gəldi ki, hardasa buna bənzər şeylər görüb… Hardasa, tamamilə başqa bir yerdə…
– Gözəl kəndirdir, elədir? – Bayquş soruşdu.
Puh başını tərpətdi.
– Mənə nəyisə xatırladır, – o dedi, – amma harada gördüyümü yadıma sala bilmirəm. Onu hardan almısan?
– Bir dəfə meşədə gəzirdim, gördüm ki, kolluqdan asılıb. Əvvəlcə elə bildim, orada kimsə yaşayır, kəndiri çəkdim, ancaq o qopdu. Fikirləşdim ki, yəqin, heç kəsə lazım deyil, götürüb gətirdim evə…
– Bayquş, – Puh təntənəylə bəyan etdi, – kiminsə ona çox böyük ehtiyacı var.
– Kimin?
– İa-İanın… Onu çox sevirdi.
– Çox sevirdi?
– Ona bağlanmışdı, – Vinni-Puh ah çəkdi. – Axı bu, adi kəndir deyil, İa-İanın quyruğudur.
Vinni dərhal kəndiri qarmaqdan çıxardı və aparıb sahibinə, yəni İa-İaya verdi. Kristofer Robin quyruğu yerinə bərkidəndən sonra İa-İa meşədə o tərəf-bu tərəfə qaçmağa, oynaqlamağa başladı. İa-İa quyruğunu elə vəcdlə oynadırdı ki, gəl görəsən. Bundan sonra Vinni-Puha yalnız evə qaçıb toqqanın altını bərkitmək qalırdı. Yarım saat sonra o, dodaqlarını silib məğrur-məğrur oxumağa başladı:
Quyruğu kim tapdı, kim?
Əlbəttə ki, mən özüm!
EFİLANTLA GÖRÜŞ
Bir dəfə Kristofer Robin, Vinni-Puh və Piqlet sakitcə oturub söhbət eləyirdilər. Birdən Kristofer Robin dedi:
– Piqlet, bilirsən, bu gün Efilantı gördüm.
– Neyləyirdi? – Piqlet təəccübünü gizlətmək üçün etinasız səslə soruşdu.
– Heç, elə-belə, avaralanırdı, – Kristofer Robin dedi.
– Bir dəfə mən də kimisə görmüşdüm, – Piqlet dedi. – Deyəsən, o idi.
– Mən də görmüşdüm, – «Görəsən, Efilant kimdir?» – öz-özünə fikirləşən Puh sözə qarışdı.
– Onları nadir hallarda görmək olur, – Kristofer Robin saymazyana əlavə etdi.
– Xüsusilə də indi, – Piqlet dedi.
– Xüsusilə də ilin bu vaxtında, – Puh söhbətin kimdən getdiyini bilməsə də, söhbətə qarışdı.
Sonra başqa şeylərdən СКАЧАТЬ