Название: Buratinonun macəraları
Автор: Алексей Толстой
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242119
isbn:
– Nə ağlayıb sızıldayırsan, ay axmaq?
– Mən ona görə qəmliyəm ki, evlənmək istəyirəm, – deyə Pyero cavab verdi.
– Bəs niyə evlənməyibsən?
– Ona görə ki adaxlım məndən qaçıb…
– Ha-ha-ha, – deyə Arlekin qəşş edib özündən getdi, – görürsünüz də bu axmağı!
O, ağacı götürüb Pyeronu döyməyə başladı.
– Adaxlının adı nədi?
– Daha məni vurmayacaqsan ki?
– Nə danışırsan, mən hələ təzə başlamışam.
– Belə olan halda, onun adı Malvina, yaxud mavi saçlı qızdı.
– Ha-ha-ha, – Arlekin yenə bərkdən şaqqanaq çəkib Pyeroya üç şapalaq ilişdirdi. – Qulaq asın, möhtərəm tamaşaçılar… Heç mavi saçlı da qız olar?
O, tamaşaçılara üzünü çevirərkən birdən qabaqdakı oturacaqda ağzı qulağının dibinə getmiş, uzunburun, papağı qotazlı, ağacdan yonulmuş oğlanı gördü…
– Bir baxın, bu ki Buratinodu! – deyə Arlekin qışqırıb barmağı ilə onu göstərdi.
– Canlı Buratinodu! – Pyero köynəyinin uzun qollarını yellədərək çığırdı.
Karton ağacların arxasından xeyli kukla çıxdı. Qara maskalı qızlar, vahimə doğuran papaqlı saqqallılar, göz yerinə düymə qoyulmuş pırpız tüklü itlər, burnu xiyara bənzəyən qozbel adamcığazlar…
Hamısı səhnə boyu düzülmüş şamlara doğru yüyürdülər və diqqətlə baxıb bir ağızdan qışqırışdılar:
– Bu, Buratinodu! Bu, Buratinodu! Yanımıza gəl, ay dəcəl, şən Buratino!
Belə olanda Buratino oturacaqdan suflyor budkasının üstünə, oradan da səhnəyə atıldı.
Kuklalar onu tutub qucaqladılar, öpüb çimdiklədilər… Sonra bütün kuklalar “Quşların polkası”nı4 oxumağa başladılar:
Quş polka rəqsin eylədi,
Səhər tezdən çəmənlikdə.
Dimdik sola, quyruq sağa,
Bu, Karabasın rəqsidi.
İki böçək təbil çalır,
Qurbağasa kontrabas.
Dimdik sola, quyruq sağa,
Bu rəqsi eylər Barabas.
Quş polka rəqsin eylədi,
Ona görə çox şən idi.
Dimdik sola, quyruq sağa,
Baxın, beləcə rəqs idi…
Tamaşaçılar mütəəssir olmuşdular. Körpəli bir qadın göz yaşlarını saxlaya bilmədi. Bir yanğınsöndürən isə lap hönkür-hönkür ağlamağa başladı.
Təkcə arxa oturacaqlarda oturmuş oğlanlar hirslə ayaqlarını yerə döyürdülər:
– Uşaq deyilsiniz, bəsdir bir-birinizi yaladınız, tamaşanı davam etdirin!
Bu səs-küyü eşidən kimi səhnənin arxasından bir adam çıxdı. Onun sir-sifəti elə heybətli idi ki, ona kim bircə kərə baxsaydı, qorxudan dili tutulardı.
Pırtlaşmış saqqalı yerlə sürünürdü, dombalan gözləri yerindəcə oyum-oyum oynayırdı. Yekə ağzındakı dişlərinin xırçıltısı eşidilirdi, elə bil bu, adam deyil, əsl timsah idi. Əlində yeddisaçaqlı qamçı tutmuşdu.
Bu, kukla teatrının sahibi, kukla elmləri doktoru, sinyor Karabas Barabas idi.
– Ha-ha-ha, hu-hu-hu! – deyə o, Buratinonun üstünə bağırdı. – Mənim gözəl komediyamın tamaşasına mane olan sənsən?
O, Buratinonu qarmalayıb teatrın anbarına apardı və onu orada mıxdan asdı. Geri qayıdıb kuklaları yeddisaçaqlı qamçısı ilə hədələdi ki, tamaşanı davam etdirsinlər.
Kuklalar komediyanı birtəhər başa vurdular, pərdə salındı, tamaşaçılar dağılışdılar.
Kukla elmləri doktoru, sinyor Karabas Barabas isə mətbəxə şam yeməyinə getdi.
Mane olmasın deyə, saqqalının ucunu cibinə yığdı, şişə çəkilmiş bütöv bir ev dovşanının və iki cücənin qızardığı ocağın qırağında oturdu.
Barmaqlarına tüpürüb qızartmaları yoxladı, hələ yaxşı bişməmişdi.
Ocaqda odun az idi. Onda o, üç kərə əlini əlinə vurdu.
Arlekin və Pyero qaça-qaça gəldilər.
– O avara Buratinonu yanıma gətirin, – deyə Kara-bas Barabas əmr etdi. – O, quru ağacdan qayrılıb, ataram onu ocağa, yeməyim daha tez qızarar.
Arlekin və Pyero diz çöküb yalvardılar ki, yazıq Buratinonu bağışlasın.
– Hanı mənim qamçım, – deyə Karabas Barabas bağırdı.
Onların ikisi də hönkür-hönkür ağlayaraq anbara sarı getdilər, Buratinonu mıxdan çıxarıb mətbəxə gətirdilər.
Sinyor Karabas Barabas Buratinonu yandırmaq əvəzinə ona beş dənə qızıl pul verir və evə buraxır
Kuklalar Buratinonu gətirib ocağın qırağına atan zaman sinyor Karabas Barabas dəhşətli şəkildə fısıldaya-fısıldaya ocağın közünü qurdalayırdı.
Birdən onun gözləri qan rənginə düşdü, bütün sifəti qırışlarla örtüldü. Ola bilsin, burnunun deşiyinə bir qırıq kömür düşmüşdü.
– Həəp…həəp…həəp… – deyə Karabas Barabas gözləri axmış halda uladı, – həəp-çi!..
O elə bərkdən asqırdı ki, ocağın külü havaya sovruldu.
Kukla elmləri doktoru asqırmağa başlayanda özünü saxlaya bilməzdi, bəzən əlli, bəzən də lap yüz dəfə dalbadal asqırardı.
O belə qeyri-adi asqırıqlardan sonra gücdən düşər və rəhmdil olardı.
Pyero xəlvəti Buratinoya pıçıldadı:
– Çalış, onunla asqıran vaxtı danışasan…
– Həəp-çi! Həəp-çi! – Karabas Barabas açılmış yekə ağzına hava alaraq, СКАЧАТЬ
4