Название: Yağış adam
Автор: Леонора Флейшер
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243628
isbn:
Qız ağzını açıb qulaq asırdı.
– Təəccüblənmə.
– Bəs nə edim? – Susanna bic-bic gülümsədi.
– Yaxşı, özün bilərsən, – Çarli də güldü. – Deməli, kitabçamı göstərib dedim: «Olarmı dostlarımı «byüik»də gəzdirim? Bu da mənim mükafatım olsun». O icazə vermədi. Buna baxmayaraq fikrimdən dönmədim. Açarları çırpışdırdım.
– Niyə? – Susanna cavab gözləyirdi.
– Çünki haqqım vardı! – Çarlinin səsi titrədi. – Mən, onun öz sözləri ilə desək, görkəmli nailiyyət əldə etmişdim. O isə ömründə, heç olmasa, bir dəfə mənimlə insan kimi davranmadı.
Susannanın ağlına kədərli bir fikir gəldi: «Hələ o vaxtdan onun özündə də eyni çatışmazlıqlar yaranıbmış». Amma qız heç nə demədi, diqqətlə qulaq asırdı.
– Kolumbiya bulvarında bizi polis saxladı. Dörd nəfər idik. O, maşının qaçırıldığı barədə polisə məlumat vermişdi. Oğlum icazəsiz maşınımı götürüb deməmişdi, oğurluq hadisəsini qeydə aldırmışdı. – Çarlinin rəngi qaralmışdı, xoşagəlməz xatirələr ona əziyyət verirdi. – Bizi mərkəzi polis idarəsinə apardılar. Başqa uşaqları ataları bir saat ərzində oradan çıxardılar. Mən iki gün məntəqədə qaldım.
– İlahi! – Susanna pıçıldadı.
– Dəhşət idi, – Çarli büzüşdü, həmin qırx səkkiz saat bir anda gözünün önündən keçdi. – Heç vaxt belə heyvani hisslər, belə qorxu keçirməmişdim. Həbsxanaya düşsəm, axırım necə olardı? Az qala şalvarımı batırmışdım… Oradan çıxandan sonra isə evdən getdim. Və bir daha qayıtmadım.
Vəssalam. Bu da Çarlinin əhvalatı. Anasız qalmış oğlan uşağına atası dözülməz həyat şəraiti yaradır. Onun fikrincə, yeganə oğlunun kifayət qədər ağlı, bacarığı yoxdur, necə deyərlər, atasının adına layiq deyil. Və valideyninin zülmündən bezmiş oğlan evdən qaçır. Bundan sonrakı həyatını yalnız bir şeyə sərf edir: atasına sübut etməyə çalışır ki, onun barəsində yanılırmış… Amma artıq gecdir. Atası daha heç vaxt oğlunun uğurlarına sevinə bilməyəcək, uğursuzluqlarına görə onu danlamayacaq. Və heç vaxt onunla fəxr etməyəcək.
Çarli qəsdən özünü şən göstərib şit-şit güldü və Susannaya baxdı. Bununla demək istəyirdi ki, «hər şey cəhənnəm olsun, heç nə vecimə deyil», amma qızın yanıqlı baxışlarına tuş gəlib üzünü çevirdi. Xatirələr onu kövrəltmiş və müdafiəsiz qoymuşdu. Çarli sıxıldı, ayağa qalxıb «keçmişinə» üstdən-aşağı nəzər yetirdi:
– Bir bu zir-zibilə bax. Kovboy papaqları, oyuncaq qatarlar… – o, başını yellədi və qəlbində qarışıq hisslər oyadan bu yerdən qaçmaq istədi. – Gedək. Mən yenə acmışam. Soyuduculara bir də hücum çəkək. – Susannanın əlindən tutub yerindən durğuzdu.
Çardağın qapısına tərəf gedəndə Çarlinin gözü nəyəsə sataşdı, donub-qaldı. Küncdəki qutulardan birindən qalın parçanın ucu çıxmışdı. Onun yaddaşının dərinliyində nəsə tərpəndi və sanki Çarlinin donunu açdı.
– Aman Allah!
Çarli uzaqdan, lap uzaqdan – illərin qaranlığından süzülüb gələn zəif bir musiqi eşitdi… “Bitlz”…
O əyilib qutunun ağzını açdı. Bu, adi uşaq yorğanı idi. Yuyulmaqdan bəzi yerləri süzülmüş köhnə yorğan.
Çarlı yorğanı qutudan çıxardı.
– Sənindir? – Susanna soruşdu, hərçənd suala ehtiyac yox idi.
Çarli cavab vermədi. Tapıntısını işığa tutub qiymətli muzey əşyası kimi ehmalca qatlarını açdı. Əli ilə süzülmüş yerləri sığalladı, sonra üzünü yorğana sürtüb iyini ciyərlərinə çəkdi. Bu yorğandan ən şirin xatirələrin iyi gəlirdi.
– Çarli, – Susanna nəvazişlə onu səslədi.
Xatirələr yox oldu.
– Lənət şeytana, birdən yadıma düşdü… Yəqin, uşaqlıqda sənin də… xəyallarında yaşayan dostların olub…
Qız başını tərpətdi. Əlbəttə, olub. Onun «xəyallarında yaşayan rəfiqəsi» müqəddəs Məryəm idi… Susanna indiyədək ürək sözlərini təkcə ona söyləyir, hərdən müqəddəs Məryəmlə elə danışır ki, sanki yanında oturub əlindən tutmuş rəfiqəsinə sirlərini açır.
– Mənim dostumun adı isə Yağış Adam idi. Hə, dəqiq. Yağış Adam. Qorxanda, ya kimsə xətrimə dəyəndə başımı yorğanımın altına soxub gizlənirdim, Yağış Adam isə mənim üçün mahnı oxuyurdu, – Çarli gülümsədi. – Yadımdadır ki, tez-tez belə olurdu. Tez-tez qorxurdum. İlahi, gör nə qədər vaxt keçib!
– Bəs o nə vaxt yoxa çıxdı? – Susanna təsirlənmişdi. – Dostunu soruşuram.
– Yadımda deyil, – Çarli etiraf etdi. – Görünür, mən böyümüşəm, o da çıxıb gedib…
O, yorğanı bir neçə saniyə də əlində saxlayıb qutuya tulladı və xatirələrə birdəfəlik son qoydu.
– Gedək, yemək axtaraq.
Axşam Susanna Çarlinin otağında çarpayıda oturub onun şəkil albomlarını vərəqləyirdi. Çarli isə atasının vəkili Con Muni ilə aşağıda qonaq otağında söhbət edirdi. Vəkil qırmızı ağacdan yonulmuş masanın üstünə qalın zərf qoydu.
– Vəsiyyətnamədir – Senford Bebbittin son iradəsi.
Çarli mister Bebbittin yeganə və şəkk-şübhəsiz varisi idi, ona görə arxayınlıqla Cona qulaq asırdı. Vəkil isə məsələni uzadırdı. Əslində, ondan bircə şey tələb olunurdu: deməliydi ki, «oğul, bütün bunların hamısı sənindir». Amma Çarli məhz bu sözləri eşitmirdi. Vəkil tələsmir, soyuqqanlığını qoruyurdu. Həyat da qumar kimi bir şeydir: bütün oyunçular öz sözünü deməmiş kartlarını açmamalısan.
– İndi keçək vəsiyyətnamənin oxunmasına. Ancaq bundan qabaq, atanızın öz istəyi ilə, mən sizə bir məktub da oxumalıyam. Etiraz etmirsiniz ki? – Con Muni eynəyinin üstündən Çarliyə baxdı.
– Niyə etiraz etməliyəm? – Çarli çiyinlərini çəkdi. Ürəyində isə fikirləşdi ki, nə yaxşı söhbət məktubdan gedir, atası onun üçün, çoxları kimi, o dünyadan videomüraciət göndərməyib. СКАЧАТЬ