Название: Yağış adam
Автор: Леонора Флейшер
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243628
isbn:
– Mənim iki yaşım olanda anam dünyasını dəyişdi. Və biz ikimiz qaldıq. İkicəciyimiz.
Susanna dodağını dişlədi.
– O… səni döyürdü?
Çarli tərəddüd keçirirdi.
– Fiziki mənada yox, – nəhayət, o dilləndi. Çətinliklə danışırdı. – Amma onun fikrincə, mən fərsiz övlad idim, əlimdən dəyərli bir iş gəlmirdi. Bilirsən, o, «küçə futbolu» deyilən şey tanımırdı. Onun üçün ancaq yüksək liqa var idi. Mən hər şeydə birinci olmalıydım, olmasaydım, deməli, «fərsiz» idim, – Çarli acı təbəssümlə Susannaya baxdı. – Tez-tez təkrar edirdi: «Adam bunu bacarmalıdır!» Mən o istəyən kimi olmalıydım.
Bir müddət hər ikisi sakitcə oturdu, hərə öz xatirələrini eşələyirdi.
– Mən səninlə gedirəm, – qəflətən Susanna sükutu pozdu.
Çarli başını buladı.
– Diqqətinə görə çox sağ ol, – o, yenə gülümsədi, – amma buna ehtiyac yoxdur.
– Mən özüm belə istəyirəm, – Susanna təkid göstərdi. – Bunun mənim üçün əhəmiyyəti var.
Hər ikisi eyni inadla başını yelləyirdi.
– Narahat olmağına dəyməz! – Çarli qəti etiraz etdi.
Onun son sözləri Susannanın xətrinə dəydi. Qız əlini Çarlinin yanağından götürüb geri çəkildi. Çarli yenə onu özündən itələyirdi. Amma bu dəfə, deyəsən, tələsdiyinə peşman olmuşdu. Çünki Susannanın əlinin istisini itirən kimi birdən-birə özünü tənha və köməksiz hiss etdi, təzədən qıza sığındı.
– Bağışla, kiminlə söhbət etdiyimi tamam yadımdan çıxardım, – Susanna incik tərzdə pıçıldayıb gülümsədi. Sonra Çarlinin başını sinəsinə sıxdı, yanaqlarını, saçlarını sığalladı. Qızın gözlərində kədər var idi, eyni zamanda belə bir anda Çarlinin ona ehtiyac hiss etdiyini görüb təsirlənmişdi.
Deyəsən, o, doğrudan da, Çarliyə lazım idi.
İkinci fəsil
Onlar geri qayıdırdılar. Gecənin qaranlığında maşın əvvəlkindən də böyük sürət yığmışdı. Çarli çox əsəbi və qayğılı görünürdü, amma Susanna bunu təbii hesab edirdi. Qəfildən atasının ölüm xəbərini almış adam özünü başqa cür necə aparmalı idi ki? Şəhərə yaxınlaşanda Çarli qısaca, bir qədər də əlaqəsiz ifadələrlə planını izah etdi. İndi o, Susannanı evinə qoyacaq, qız orada gözləyəcək, pal-paltarını, uzaq yol üçün lazım olan əşyalarını yığacaq. Çarli isə onun «volvo»sunu götürüb kostyumunun dalınca gedəcək. Borc sahibləri Çarlini Los-Ancelesdə görməməlidirlər, indi çox adam onu göydə axtarır, yerdə əllərinə düşməməlidir, buna görə öz «ferrari»si ilə gəzə bilməz. Əslində, heç evinə qayıtması da düz deyil, ancaq nə etmək olar? Tez gedib-qayıdar, qalan məsələləri telefonla həll edər. Gecəni Susannagildə keçirərlər, səhər alatoranlıqda isə aeroporta yollanarlar. Sinsinnatiyə günortadan sonra çatarlar, mehmanxanaya gedərlər, ertəsi gün dəfndə iştirak edərlər və dərhal geriyə – Los-Ancelesə qayıdarlar. Palm-Sprinqsdə istirahəti isə başqa həftənin sonuna keçirərlər – Çarli buna da söz verirdi.
Çarli kostyumunu evdən götürüb qayıdanda Susanna artıq nə lazımdısa yığmışdı. O, birbaşa telefona yaxınlaşdı və birinci sinifdə iki təyyarə bileti sifariş etdi. Ardınca Sinsinnatiyə, «Brodhem» otelinə zəng vurdu və ikinəfərlik nömrə kirayələdi.
– Yox, cəmi bir gecəlik. Ertəsi gün səhər tezdən otağı təhvil verəcəyik.
Təyyarənin təkərləri Los-Ancelesin beton uçuş zolağından qopan kimi Çarli dalbadal iki kiçik stəkan viski içdi, oturacağında yerini rahladı və üzünü pəncərəyə çevirib yuxuya getdi. Susanna təklikdə balıq kürüsündən yaxma yeyə-yeyə şampan şərabı içdi. Şərab xoşuna gəlmədi, qızın özü kimi incik və sönük idi, güclə köpüklənirdi. Qədəhin dibindən qalxan hər köpük sanki Susannanı bir az da ölgünləşdirirdi: Çarli Bebbitt yenə onsuz keçinirdi.
Təyyarədə yemək paylananda da Çarli oyanmadı, Susanna isə onu qaldırmağa cəhd göstərmədi. Görünür, son günlərin gərginliyi Çarlini tamamilə əldən salmışdı. Susanna tək qalmağı ilə barışıb salatdan xırda doğranmış omar tikələrini dənlədi, qızardılmış kornuoll cücəsinin yarısını yedi.
Çarli bir də təyyarə enəndə gözlərini açdı və dərhal möhkəm aclıq hiss etdi. Gözəgəlimli sarısaç təyyarə bələdçisi artıq yemək verməyin gec olduğunu, mətbəxin bağlandığını dedi və təəssüf etdiyini bildirdi. Çarli ona «bir nömrəli» (ağlı başdan çıxaran!) gülüşü ilə cavab verdi və yumşaq səslə dedi:
– Bağışla, mənim mələyim, sənə narahatlıq yaradıram, sadəcə, bu gün səhərdən dilimə heç nə dəyməyib, acından ölürəm.
Bir neçə dəqiqədən sonra bələdçi əlində ağır məcməyi geri qayıtdı. Məcməyi dadlı yeməklərlə dolu idi: soyuq dəniz xərçəngləri, can ətindən zərif steyk («heç mənə can əti vermədilər», – deyə Susanna fikirləşdi), qızarmış kartof, salat, isti köpməcələr, şokoladlı muss, təzəcə dəmlənmiş qəhvə və konyak.
– Bu sizə bəs edərmi? – bələdçi canıyananlıq etdi.
«Bir nömrəli» təbəssüm bu dəfə Çarlinin bütün sifətinə yayıldı.
– Siz mənim cavan ömrümü xilas etdiniz, – o, şəhvətlə dedi. – Heç bilmirəm, xəcalətinizdən necə çıxım.
«Bilirsən, – Susanna iştahla yeyən Çarliyə baxıb düşündü. – Mərc gəlməyə hazıram ki, çox yaxşı bilirsən».
Mehmanxana Susannanı təəccübləndirdi. Böyük və vaxtilə kübar «Brodhem»in qədimliyi dərhal nəzərə çarpırdı. Mehmanxananın köhnə cah-calalının izləri hələ itməmişdi, amma çat vermiş mərmər döşəməsi, parlaqlığını itirmiş büllur çilçıraqları onun bugünkü nüfuzundan yox, keçmiş qüdrətindən xəbər verirdi.
Çarli Bebbitt yeniliyi, parlaqlığı, müasirliyi sevirdi. Burada isə hər şey fərqli idi.
Onları qeydiyyatdan keçirib kirayələdikləri miskin nömrəyə apardılar. Susanna yorğunluqdan güclə ayaq üstə dururdu. Yuxusu gözündən tökülürdü, yatmaqdan başqa heç nə istəmirdi. Sabah onları çətin gün gözləyirdi, hərçənd bu gün də asan olmamışdı. Suvağı tökülmüş hündür tavan, nə vaxtsa СКАЧАТЬ