Название: Yağış adam
Автор: Леонора Флейшер
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243628
isbn:
Çarli əda ilə çiyinlərini çəkdi.
– Eldorf lazım olan detalları tapıb nasoslarda dəyişikliklər edəcək, sonra mən EPA-ya gedəcəyəm, maşınları xırıd edəcəyəm, pulları qaytaracağam və… – o, qəsdən sözünə ara verdi, – və biz səksən min qabağa düşəcəyik. Necə olsa, – Çarli özündənrazılıq ifadə edən «iki nömrəli» gülüşünü işə saldı, – bir neçə telefon zənginin müqabilində pis gəlir deyil.
Günəş qərbdəki dağların arxasına enirdi. Gümüşü «ferrari» səhranı yarıb keçən yolda saatda yüz otuz kilometr sürətlə irəliləyirdi. Göyün üzü yavaş-yavaş qaralırdı, üfüqdəki buludların qıvrım telləri hələ qızılı rəngdə olsa da, sallaq qarınları bozarıb tünd rəng almışdı. Ulduzlar bir-bir yanır, yan-yana düzülüb naxışlı bürclər əmələ gətirirdi. Susanna Palmieri üşürgələndi. Səhranın üzərində hüdudsuz səma həmişə onu üzürdü, elə bil əzməyə çalışırdı, adamın necə də kiçik və köməksiz olduğunu öz gözünə soxurdu.
Susanna Çarli ilə münasibətlərində hər hansı bir dayanıqlıq görmürdü və qarşı tərəfdən buna zəmanət almağa da ümid bəsləmirdi. Çarli onun üçün cavabını bilmədiyi tapmaca idi. Bu gənc və yaraşıqlı kişi Susannaya hansı gözlə baxırdı? O da tərəf-müqabilinə Susanna qədər, yaxud təxminən onun qədər bağlılıq hiss edirdimi? Çarli, adətən, hisslərini büruzə vermirdi, təkcə nədənsə qcıqlandığını və bir də işdə əsəbiləşdiyini görə bilərdin. Görəsən, o, Susannanı nə dərəcədə yüksək qiymətləndirir? Ümumiyyətlə, özündən başqa kimsə onu ciddi maraqlandırırmı?
Yataqda bir yerdə olanda Susanna and içməyə hazır idi ki, bu, həqiqətən, belədir. Çarli çılğın və eyni zamanda nəvazişli olurdu, onu elə məhəbbətlə qucaqlayır, elə şirin-şirin öpürdü ki!.. Susanna bilirdi ki, Çarlinin çox xoşuna gəlir, bunu onun gözlərindəki parıltıdan, şəhvət dolu baxışlarından, hətta dodaqlarının ehtiraslı titrəyişindən duyurdu. Amma yataqdan qalxıb şalvarını əyninə keçirən kimi bayaqkı incəqəlbli gənc dönüb başqa Çarli Bebbittə çevrilirdi. Bu Çarli Bebbitti ancaq öz xeyri maraqlandırırdı, hər kəsdə yapışmaq üçün zəif yer axtarırdı. Başqaları xəyallara dalanda o, planlar qururdu. Susanna onu sevirdi, amma Çarlidən həmişə xoşu gəldiyinə əmin deyildi.
Son on-on beş kilometr yolu qız sakitcə oturmuşdu, Çarliyə baxır, lakin onun daş sifətində heç bir ifadə oxuya bilmirdi. Çarli ikiəlli sükandan yapışmışdı, gözlərini yola zilləmişdi və nə haqdasa fikirləşirdi. Görəsən, nə düşünür? Çarli fikirlərini Susanna ilə bölüşmürdü. Heç vaxt ürəyindəkiləri açıb ona demirdi. Amma Susanna anlayırdı ki, Çarli uğur qazanacağına dediyi qədər əmin deyil, sadəcə, özünü belə göstərir. Əslində isə hansısa ağır bir fikir daim onun beynini gəmirir. Yaxın münasibətlərinin tarixçəsi nə qədər qısa olsa da, Susanna artıq bu insanı tanımağa başlayırdı.
– Mən təkid etmirəm, ancaq özün necə düşünürsən? – nəhayət, qız yumşaq səslə sükutu pozdu. – Bəlkə, hələ ki mehmanxanaya çatmamışıq, nəsə demək istəyirsən?
Qaşqabağını sallamış Çarli Susannaya baxdı, sifəti açılmadı.
– Zarafat edirəm, – Susannanın səsi bu dəfə çox quru çıxdı və qaşları gərildi.
Çarli gülümsədi. «Bu qız da özünə görə deyil. Mənim zəhmimdən-zaddan qorxmur, onsuz da hərləyib-fırlayıb sözünü deyəcək», – düşündü.
– Yaxşı ki biz cümə günü yola düşdük, – Çarli zarafata salmaq istədi. – İndi heyif çıxmaq üçün sənin ixtiyarında düz üç gün var.
– Qulaq as, – Susanna soyuq məntiqlə cavab verdi, – əgər sən işlərdən belə narahatsansa, niyə zəng edib vəziyyətin nə yerdə olduğunu öyrənmirsən? Başa düşürəm, boş şeydir… fikirləşməyə dəyməz… amma sən daim bu barədə fikirləşirsən. Elə deyil?
Çarli güldü. Onun gülüşündə də gərginlik hiss olunurdu.
– Aman Tanrım! Deyəsən, mən düzgün anlamadım… Bəlkə, arada başqa qadın söhbəti var? – Susanna özünü qorxmuş kimi göstərib gözlərini bərəltdi.
– Nə bilirsən, bəlkə, bir yox, üç qadından söhbət gedir? – Çarli onu cırnatdı.
– Yaxşı, bəsdir zarafata saldıq. Ola bilsin, doğrudan səni axtarırlar, nəsə, təcili iş çıxıb, Çarli.
Susanna maşında quraşdırılmış telefonun düyməsini basdı və kommutatora zəng etdi.
– Üç-sıfır-bir-doqquz, – telefonçu qız cavab verdi.
– Bebbitt, – Çarli ona soyadını dedi.
Susanna narahatlıqla yerində qurcalandı və Çarliyə baxdı.
– Mister Beytmendən iki zəng olub, o, telefon nömrəsini qoyub…
Çarli telefonçunun sözünü kəsdi:
– Lazım deyil.
– Başa düşdüm. – Telefondakı səs davam etdi. – O!.. – səs titrədi. – İlahi!..
Çarli ilə Susanna baxışdılar. Görəsən, daha nə pis hadisə baş verib?
– Mister Munidən də bir zəng gəlib, – səs çox kədərli idi. – Sizin üçün məlumat qoyub. Məlumatda deyilir ki, o sizin atanızın vəkilidir. Sinsinnatidə. Və sizin… sizin atanız vəfat edib, ser.
Susannanın nəfəsi karıxdı və qız məlul-məlul Çarliyə baxdı. Çarlinin sifətində bir əza belə tərpənmədi. O susurdu.
– Dəfn bazar günü olacaq, – telefonçu qız həyəcanını güclə boğurdu. – Mister Muni sizi tapa bilmədiyi üçün təəssüflənir. O… O sizin üçün telefon nömrəsi saxlayıb…
Çarli telefon əlaqəsini kəsdi. İlk baxışdan sanki heç nə baş verməmişdi: maşın eyni sürətlə şütüyürdü, Çarli eynilə dinməz-söyləməz baxışlarını yola dikmişdi. Ancaq Susanna onda gözlə görmək mümkün olmayan bir dəyişiklik hiss edirdi. Qızın ürəyi ağrıyırdı, gözləri yaşla dolmuşdu, necə təsəlli verəcəyini bilmirdi. Çarlinin atası… Dəhşət…
– O, Çarli, – Susanna pıçıldadı, – sən… sən özün necəsən… sürə bilirsən?
Çarli cavab vermədi. Ayağını əyləcə basdı və «ferrari» yavaş-yavaş sürətini azaltdı. Sonra o, yolun kənarına çıxıb maşını saxladı. Amma yerindən tərpənmədi. Çarli əvvəlki kimi sükanın arxasında oturub qabağa, tamamilə sükuta qərq olmuş lal səhraya baxırdı.
Susanna yavaşca onun çiyninə СКАЧАТЬ