Название: Yağış adam
Автор: Леонора Флейшер
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243628
isbn:
– Sən bunlara görə narahat olma, – o, Susannanın sözünü kəsdi.
Çarlidən gün ərzində daha bir gözlənilməz hərəkət! Onun bu yazıq kollarla nə düşmənçiliyi ola bilərdi?
Susanna pilləkənləri qalxdı və giriş qapısının ağzında Çarlinin arxasında dayandı. Gənc Bebbitt lazım olan açarı tapıb uzun illərdən sonra doğma evinin qapısını açdı. İçəri girən kimi Susannanın heyrətdən gözləri böyüdü. Geniş zalın ortasında ikinci mərtəbəyə aparan böyük mərmər pilləkən var idi. Divarlara hər birinin boyu üç metrə çatan, barokko üslubunda çərçivələrə salınmış güzgülərdən üz çəkilmişdi. Çərçivələr qızıl suyuna salınmışdı. Güzgülər elə yerləşdirilmişdi ki, Çarlinin və Susannanın əksləri sonsuzluğa qədər uzanırdı. Hər şey Renessans dövrünün rəsm əsərlərindəki səhnəni xatırladırdı. Ev boş idi. Senford Bebbittin xatirəsinə hörmət əlaməti olaraq dəfn günündə bütün qulluqçulara istirahət vermişdilər.
Çarli qonaq otağının qapısını itələdi. Mebel yağının qoxusu havası dəyişdirilməmiş salonun iyinə və ağır pərdələrin tozuna qarışıb burunları qıcıqlandırdı. Bu hündür pərdələri hər gün təmizləsən də, qırçınların arasına dolmuş bütün tozu sorub çıxarmaq olmurdu.
Bahalı Şərq xalçaları ilə bəzədilmiş qonaq otağının ucu-bucağı görünmürdü. Susanna sanki xalça okeanına düşmüşdü, qırmızı ağacdan əntiq mebellərin arası ilə üzürdü.
Divarlardan çoxlu rəsm əsərləri asılmışdı. Onların çərçivələri qızıl suyuna salınmışdı. Demək olmazdı ki, bunlar hamısı möhtəşəm, orijinal əsərlər idi, amma ev sahibinin keçmiş əzəməti və zəngin mirası haqqında tam təsəvvür yaradırdı, eyni zamanda evi bürümüş sükutu və kədəri daha qabarıq nəzərə çarpdırırdı. Təsəvvürə də gətirmək mümkün deyildi ki, bu nəhəng otaqda nə zamansa gülüş sədaları, uca səslər eşidilib, sevgi dolu sözlər söylənilib. Bu məkan hisslərin yaşandığı yox, hadisələrin cərəyan etdiyi bir meydana bənzəyirdi. Ancaq bir həqiqətdir ki, nə zamansa bu yerdə də hisslər, özü də çox güclü hisslər yaşanmışdı. Çarli buna şahidlik edə bilərdi.
Gənc mister Bebbitt qapıda dayanıb qonaq otağını qarış-qarış nəzərdən keçirirdi.
– Sənə nə olub? – Çarlinin sifətinin ifadəsindən heç nə başa düşə bilməyən Susanna soruşdu.
Çarli qıza baxmadı, özü ilə danışırmış kimi pıçıldadı:
– Mən ona evi tərk etdiyimi deyəndə bax burada dayanmışdım… O isə oturmuşdu… Bax, orada oturmuşdu.
Çarli başını yellədi, sanki birdən-birə qulaqlarına dolmuş səsləri, beyninə hakim olmuş xatirələri silkələyib yerə tökmək istəyirdi. Sonra o, Susannanın əlindən yapışdı, evi gəzdirdi: geniş mətbəxləri, yeməkxananı, kitabxananı, ikinci mərtəbədə sayı-hesabı bilinməyən yataq otaqlarını göstərdi. Birinci mərtəbədə iki mətbəx, hərəsinin də öz qulluqçuları, aşpazları var idi. Yeməkxananın divarlarına iri şamdanlar pərçimlənmişdi, iyirmi nəfərlik uzun masanın üstündən isə büllur çilçıraq asılmışdı. Zəngin kitabxanada tavana çatan rəflərdə dəri üzlüklü kitablar düzülmüşdü, əksəriyyətinin adı qızıl suyu ilə yazılmışdı. Hər yataq otağında buxarı, enli çarpayı, mərmər vanna, əlüzyuyan qoyulmuşdu.
Susannanın isə üçüncü mərtəbədəki kiçik otaqdan daha çox xoşu gəlmişdi. Çarli bu evdən çıxıb gedənə qədər həmin otaqda yaşamışdı. Açıq-aşkar görünürdü ki, yeniyetmə çağlarında Çarli kinolarda göstərilən yaşıdlarından fərqlənmirmiş: ensiz çarpayı, beysbol yarışlarında qazandığı diplom və mükafatlarla bəzədilmiş divarlar, hərbi təyyarələrin – MiQ və F-14-lərin maketləri…
Həmin illərdən bu otaqda heç nə dəyişməmişdi. Hətta çirkli köynəklər də on il əvvəl Çarli onları necə büküb atmışdısa, eləcə də dolabda qalmışdı.
Kiçik taxt, rəfdə qalaqlanmış «Dəfinələr adası», «Robin Qud», uşaqların sevdiyi digər klassik əsərlər Susannanın tanıdığı Çarli Bebbittin obrazına heç cür uyğun gəlmirdi. Və bu çox təsirli idi, Susannanı həyəcanlandırırdı. Onun burada gördüyü Çarli Bebbitti Los-Ancelesdə, ümumiyyətlə, kimsə tanımırdı.
Divar dolabında Çarlinin əşyalarını qurdalayan Susanna oradan köhnə bir qutu çıxardı. Döşəmədə oturub qutunu açdı. Şəkillər, üstü avtoqraflı albomlar, «Kiss» qrupunun plakatı, o vaxtın hit mahnılarının mətnləri… Sevdiyi adamın uşaqlıq illərinə səyahət Susannaya çox maraqlı gəlirdi. Qız başını qaldıranda onu diqqətlə izləyən Çarlinin dodaqlarında incə təbəssüm gördü.
– Necə də məzəlidir!
– Səni kimi gözəl qulaqları olan gənc qızın uşaq oyunları oynaması artıq gecdir, – Çarli zarafatla dedi.
– Mən uşaq oyunları oynamıram. Sadəcə, maraqlanıram. Sən onun yeganə oğlu olmusan… Sən doğulanda onun neçə yaşı vardı? Qırx beşə yaxın? Bəlkə də, fikirləşirmiş ki, daha övladı olmayacaq. – Susanna dodağını dişlədi, amma davam etdi. – Odur ki o səni sevməyə bilməzdi.
Çarli qıza tərəf əyilib onun qulaqlarının sırğalığını sığalladı. Susanna buna əhəmiyyət vermədi.
– Bəs onda niyə o sənə nifrət edirdi?
Çarli sualı eşitməzliyə vurdu.
– Çəhrayı qulaqcıqlar… balaca xalı da var… bax, burasında.
Susanna onun nəyə işarə etdiyini anlayırdı. Çarli istəyirdi ki, başqa məsələdən danışsınlar, atası ilə münasibətlərinə toxunmasınlar. İstəyirdi ki, matəm kostyumunu çıxarsın. İstəyirdi ki, elə buradaca, uşaq otağında, öz köhnə çarpayısında Susannanı sevsin. Qoy o balaca oğlan illər sonrası özünün çevrildiyi kişi ilə görüşsün.
Birdən-birə Susanna da eyni şeyi istədiyini başa düşdü.
Sonra Susanna onun köhnə, tər iyi verən köynəyini geyindi, cins şalvarını əyninə keçirdi. Çarli isə kostyumun şalvarını geyindi və qurşağa qədər çılpaq qaldı: yeniyetməlik vaxtının paltarları daha ona olmurdu. İkilikdə böyük evin bu başından vurub o başından çıxdılar, mətbəxdə soyuducularda, anbarda rəflərdə nə tapsalar yedilər: konservləşdirilmiş dəniz ilbizləri, yengəclər, albalı və vanilli dondurmalar. Onlar özlərini dünyanın ən böyük və bahalı kukla teatrında nəzarətsiz qoyulmuş uşaqlar kimi aparırdılar.
Evin içini ələk-vələk edəndən sonra Çarli ilə Susanna dama qalxdılar. Geniş və tozlu çardaq həm də işıqlı və kifayət qədər səliqəli idi. Qədimi, dəmir örtüklü sandıqlarda Bebbittlərin ailə həyatının bir çox məqamlarından xəbər СКАЧАТЬ