Mustafa Kamal Atatürk. Aleksandre Jevaxoff
Чтение книги онлайн.

Читать онлайн книгу Mustafa Kamal Atatürk - Aleksandre Jevaxoff страница 6

Название: Mustafa Kamal Atatürk

Автор: Aleksandre Jevaxoff

Издательство: Altun Kitab

Жанр:

Серия: Tarixi yaradanlar

isbn: 9789952244779

isbn:

СКАЧАТЬ köçürülmüşdü. Hətta Osmanlı padşahı V Mehmedin də şəhəri tərk eləmək üçün hazır vəziyyətdə gözlədiyi deyilirdi. Halbuki müttəfiqlər üçün də işlər qaydasında deyildi. Düşmən admiralları yerli şəraiti yaxşı bilmədiklərindən düzgün hücum taktikası qurmağa çətinlik çəkirdilər. İstifadə olunan xəritələr köhnə və qeyri-dəqiq idi. Bütün bunlar azmış kimi, əsgərlər arasında qarın yatalığı yayılmışdı.

      1915-ci il aprelin 25-də təxminən 65 min nəfərlik fransız və ingilis ordusu Osmanlı qoşunları üzərinə hücuma keçdi. Fransızlar Anadolu19 tərəfdən – Qumqaladan, ingilislər isə sağ cinahdan – Suvala və Qabatəpə istiqamətindən irəliləyirdi. Məqsəd aydın idi: türkləri iki tərəfdən sıxışdıraraq sonda boğazlardan (Dardanel və Bosfor) çıxarmaq! İngilislər hədəfə doğru daha rahat və sürətlə irəliləməkdə idi.

      Eyni gündə avstraliyalı və yeni zelandiyalılardan ibarət 1500 əsgər Qabatəpədən şimaldakı Arıburnuna çıxdı. Türklər və almanlar Arıburnunu müdafiə etməyə ehtiyac duymamışdılar. Çünki bu ərazidəki cəngəlliklər təbii istehkamı xatırladırdı. Belə hesab edilirdi ki, düşmən bölükləri onu yarıb keçməyə cəsarət etməzlər. Lakin avstraliyalı və yeni zellandiyalı əsgərlər, haqqında danışdığımız təbii istehkamı ağlasığmaz çətinliklər bahasına da olsa, yarıb keçə bildilər. Ardınca isə qarşılarına çıxan Osmanlı döyüşçülərini məhv etməyə başladılar. Avstraliyalı zabit Tullox yüksək bir yerə çıxıb öncə dərin və rahat bir nəfəs aldı, sonra isə qalibanə tonda «Bərq vuran Günəş, aydın Səma, çörəkotunun xoş rayihəsi!» dedi. Lakin sözünü yenicə bitirmişdi ki, rəhbərlik etdiyi bölük atəş altına düşdü. Hər şey bir göz qırpımında baş vermişdi – Mustafa Kamalın komandanı olduğu diviziya düşmənin başı üstünü almışdı.

      Sonralar alman generalı Kannengisser yazacaqdı: «Həmin gün xoş bir təsadüf nəticəsində Kamal bəy özünün yenicə təşkil etdiyi hərbi bölüyünü təlimə çıxarmışdı. Lakin qəfildən əsgərlərinin təlaş içində qaçışdığını görür. Nə baş verdiyini soruşur.

      – Onlar gəlir! – deyə döyüşçülərdən biri həyəcanlı şəkildə cavab verir.

      – Onlar kimdir?

      – İngilislər, ingilislər!

      – Qoy olsun, onda irəli! – Kamal qəti əmr verir.

      Beləliklə, ərazi qısa vaxtda düşməndən tamamilə azad edildi. Avstraliya ordusu Arıburnundakı çox da böyük olmayan qayalıq bir əraziyə sıxışdırıldı».

      Mustafa Kamalın bu qətiyyəti hərb tarixinə düşüb. Onun böyük sərkərdə olduğuna artıq kimsə şübhə eləyə bilməzdi.

      Sonralar başqa bir alman generalı fon Sanders20 yazmışdı ki, üç ay davam edən Arıburnu döyüşlərində Mustafa Kamal düşmənin «bütün amansız hücumlarının qarşısını ala bildi, onlara möhkəm və sərt müqavimət göstərdi. Mən onun enerjisi və qətiyyətinə heyran qalmışdım!»

      Yeri gəlmişkən, Mustafa Kamal almanlara bir o qədər də yaxşı münasibət bəsləmirdi, yuxarıda da vurğuladığımız kimi, Osmanlının onlarla eyni cəbhədə yer almasından məmnun deyildi. Bununla belə, haqqında söylədikləri xoş sözlərdən o qədər həzz almışdı ki, almanlara qarşı münasibəti dəyişmişdi. «İmperator Vilhelm, yəni zəmanəmizin görkəmli sərkərdələrindən biri alman olsa da, məni «Dəmir xaç» ordeni ilə təltif etdi. Bu mənim üçün böyük şərəfdir» – qəhrəmanımız tanışlarından birinə etiraf eləmişdi.

      Lakin nə «Dəmir xaç» ordeni, nə də fon Sandersin haqqındakı yüksək fikirləri Ənvər paşanın ona qarşı mənfi münasibətini dəyişmədi. Belədə fon Sandersdən onu başqa cəbhəyə dəyişdirməsini xahiş etdi. Hətta dostlarından birinə demişdi: «Düşünürəm ki, bir küncə çəkilsəm yaxşıdır». Lakin xoşbəxtlikdən bu baş vermədi. Növbəti döyüş onun hərbçi kimi şöhrətini və nüfuzunu daha da artırdı. Söhbət onun Anafartalar cəbhəsindəki şücaətindən gedir.

      1915-ci ilin iyununda Mustafa Kamala albay (polkovnik) rütbəsi verildi. Elə həmin ilin avqustunda ingilis ordusu Suvla körfəzinin21 şimalına hücum etmək qərarına gəldi. Buradan bir qədər aralıda iki kənd (Böyük Anafarta və Kiçik Anafarta) yerləşirdi. Körfəzlə həmin kəndlər arasındakı ərazi sıldırımlıqlardan ibarət idi. Ona görə də türklər bu əraziyə cəmi bir neçə qaravolçu məntəqəsi qoymaqla kifayətlənmişdi. İngilislərin oradan hücuma keçmək istəməsinin səbəbi də bu idi. Onlar hər şeyi nəzərə almışdılar, bircə Mustafa Kamalı yox!

      Vəziyyətdən hali olan fon Sanders qəhrəmanımıza bölgədəki bütün qüvvələrin komandanlığını tapşırdı.

      Bunun ardınca, 1915-ci il avqustun 7-də Mustafa Kamal olduqca cəsrətli bir addım atdı: digər cəbhələri boş qoymaq bahasına bütün qüvvəni Anafarta istiqamətində cəmləşdirdi. Ardınca isə ingilislər üzərinə hücum əmri verdi. Hücuma rəhbərliyi də şəxsən öz üzərinə götürdü. İngilislər çaşqın vəziyyətə düşdülər. Yeri gəlmişkən, həmin hücum zamanı qəhrəmanımız ölümdən döndü: belə ki, yaxınlıqda partlayan düşmən mərmisinin qəlpələrindən bir neçəsi onun sinəsinə tuş gəldi və döş cibindəki saatı parçaladı. Bir sözlə, Mustafa Kamal möcüzə nəticəsində sağ qaldı.

      Hücum isə uğurla başa çatdı. İngilis mövqeləri cəmi bir neçə saat ərzində ələ keçirildi.

      Çanaqqala zəfəri və ondan sonra

      Qeyd edək ki, 1915-ci il martın 18-də başlayan və tarixə «Çanaqqala savaşı» kimi düşən Dardanel boğazı uğrunda döyüşlər 1916-cı ilin əvvəllərinədək uzandı. Belə ki, həmin il yanvarın 8-9-da Osmanlı ordusu Seddülbahiri düşmənlərdən azad etdi. Bundan sonra Antantanın birləşmiş qüvvələri döyüş meydanından geri çəkilmək məcburiyyətində qaldılar.

      Osmanlı ordusunun 253 min şəhid verdiyi savaşda əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 200 min, fransızlar isə 40 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.

      Düşmənin ağır məğlubiyyətə uğradılmasında Mustafa Kamal həlledici rol oynadı. «Adi bir alay komandirinin bu şücaəti tarixdə nadir hallardan biridir. Onun savaş boyunca müxtəlif vaxtlarda apardığı hərbi əməliyyatlar nəinki bir döyüşün, bəlkə də, bütöv müharibənin, hətta bütünlükdə bir millətin taleyini həll etməkdə böyük rol oynadı» – bunu sonralar ingilis tarixçilərindən biri yazacaqdı.

      İngilis tarixçisi yanılmır: Mustafa Kamal ağlı, əzmi və cəsarəti ilə yalnız Çanaqqala savaşının sonluğunu müəyyənləşdirmədi, eyni zamanda tarixin gedişatına təsir elədi. СКАЧАТЬ



<p>19</p>

Anadolu (və ya Kiçik Asiya) – Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir.

<p>20</p>

Otto Liman fon Sanders – Birinci Dünya müharibəsi ərzində Osmanlı ordusunda məsləhətçi və hərbi komandan olaraq xidmət etmiş alman general. 1918-ci ildə Sinay və Fələstin cəbhəsində gedən döyüş əməliyyatlarında Osmanlı ordusuna rəhbərlik etmişdir.

<p>21</p>

Suvla körfəzi – Egey dənizinin Daranel boğazından qərbdəki Gelibolu yarımadası ətrafında yerləşən körfəz