Название: Mustafa Kamal Atatürk
Автор: Aleksandre Jevaxoff
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244779
isbn:
Tripolitaniya müharibəsi
«İttihad və Tərəqqi» partiyası həmin dövrdə «İmperiyanın qurtuluşu və sultan üzərində nəzarət» şüarı altında fəaliyyət göstərən, bununla belə, daxildə bir-biri ilə yola getməyən fərqli qruplaşmalardan ibarət eybəcər ansamblı xatırladırdı. Partiya içində otuza yaxın nüfuzlu şəxsdən ibarət siyasi piramida meydana çıxmışdı. Piramidanın zirvəsində isə «üçlük» (Tələt bəy, Ənvər paşa, Camal paşa) qərar tutmuşdu. Bu üçlükdə yalnız bir nəfər – Tələt bəy mülki şəxs idi. O, «İttihad və Tərəqqi»nin yarandığı ilk gündən təşkilatın sıralarında idi. İntellektual səviyyəsi ilə seçilən Tələt bəyə Mustafa Kamalın xüsusi hörməti olsa da, onunla arasında məsafə saxlayırdı. Qəhrəmanımızın üçlükdəki şəxslərdən yalnız Camal paşa ilə yaxın münasibətləri vardı.
Maraqlıdır ki, bəstəboy, gur qara saqqalı olan və çılğın xarakteri ilə seçilən Camal paşa haqqında fikirlər xeyli neqativ idi. O, qəddar və ikiüzlü hesab edilirdi, bununla belə, mahir siyasi oyunçu sayılırdı. Məhz bu baxımdan Mustafa Kamalın Camal paşa ilə dostluğu qəribə görünür. Qəhrəmanımızın özü də sonralar, 1926-cı ildə Camal paşa ilə yaxın dost olmasını xüsusi qeyd edəcəkdi. Bəs görəsən, Mustafa Kamalın ondan 10 yaş böyük olan bu adamla yaxınlığının səbəbi nə idi? Bu suala cavab axtaran tarixçilər məsələnin kökünü Camal paşa ilə Ənvər paşa arasındakı gizli ixtilafda axtarırlar. Ənvər paşanın Mustafa Kamala münasibəti birmənalı deyildi. Eynilə Mustafa Kamalın ondan xoşlanmadığı kimi! Ona görə də istisna deyil ki, qəhrəmanımız «düşmənimin dostu mənim də dostumdur» prinsipi ilə Camal paşa ilə yaxınlaşmışdı.
Ənvər paşa Mustafa Kamala niyə mənfi münasibət bəsləyirdi? Bu sualın cavabına keçməmişdən öncə kiçik təqdimat: 1881-ci il təvəllüdlü Ənvər paşa 1908-ci ildə baş verən Gənc türklər inqilabının aparıcı simalarından biri idi. Qurulan yeni hökumətdə hərbi nazir vəzifəsinə təyin ediləcəyi gözlənilirdi. Lakin bu baş vermədi. Üç il sonra isə Sultan Mehmed Rəşadın qızı Naciyə sultanla nişanlandı. Deməli, Ənvər paşanın Mustafa Kamalı öz karyera yüksəlişində başlıca rəqib kimi görməsi üçün ciddi səbəb yox idi. Onun qəhrəmanımıza mənfi münasibətinin kökündə Mustafa Kamalın tündməzaclığı dayanırdı. Mustafa Kamal ürəyindən keçənləri heç vaxt gizlətmir və sözü həmişə üzə deyir, kimsəni tənqid eləməkdən çəkinmirdi, bu isə Ənvər paşanı qıcıqlandırırdı. Çünki həmin tənqidlərdən onun ünvanına da kifayət qədər pay düşürdü.
Mustafa Kamalın Ənvər paşaya qarşı mənfi münasibətinin kökündə isə ilk növbədə sonuncunun ordunu siyasi proseslərə qatmaq cəhdləri dayanırdı. Qəhrəmanımız ciddi şəkildə buna qarşı idi. O belə hesab edirdi ki, ordunun siyasiləşməsi həm dövləti, həm də silahlı qüvvələri zəiflədir.13
Bir qədər irəli gedərək qeyd edək ki, Ənvər paşa ilə Mustafa Kamal arasında ixtilaf 1913-cü ilin əvvəlində, Birinci Balkan müharibəsinin14 gedişində daha da dərinləşəcəkdi. Belə ki, həmin vaxt qəhrəmanımızın xidmət elədiyi Bolayır korpusu düşmənə qarşı yeni hərbi əməliyyat keçirmək üçün əmr almışdı. Bu korpusun qərargah rəisi Mustafa Kamalın dostu Əli Fəthi idi. Əməliyyatın uğurla başa çatması isə Ənvər paşanın qərargah rəisi olduğu 10-cu korpusun dəstəyindən asılı idi. Lakin gözlənilən dəstək gəlmədiyi üçün Əli Fəthinin bölüyü ağır məğlubiyyətə düçar oldu. Nəticədə Mustafa Kamalla Ənvər paşanın arasındakı soyuqluq daha da artdı. Sonradan uğursuzluğun səbəbləri müzakirə olunarkən Osmanlı ordusunun baş qərargahı bütün məsuliyyəti Bolayır korpusunun üzərinə qoydu. Bu da azmış kimi, Ənvər paşanın İstanbula yeni təyinat almasına qərar verildi. İşi belə görən Mustafa Kamal və dostu Əli Fəthi istefa raportu yazdılar. Ancaq tezliklə məlum oldu ki, Ənvər paşanın yeni təyinatı ilə bağlı qərar ləğv olunub. Ona görə də Mustafa Kamalla Əli Fəthi raportlarını geri götürdülər.
Onu da deyək ki, Mustafa Kamal Tripolitaniyaya yollanmaq üçün «İttihad və Tərəqqi» partiyasının mərkəzi komitəsindən pul istəmiş, lakin rədd cavabı almışdı. Belə ki, ona Ənvər paşanın rəhbərliyi altında döyüşməyi məsləhət görmüşdülər. Mustafa Kamal isə bununla razılaşmamışdı.
Hər halda, heç nə qəhrəmanımızın müharibə bölgəsinə yollanmasına əngəl ola bilmədi. Şəxsi vəsaiti hesabına, üstəlik, özünü yolboyu «qəzet müxbiri Şərif bəy» kimi qələmə verərək Misirdən adlamaqla Tripolitaniyaya gəldi və iki ilə yaxın (1911 – 1912-ci illər) sürən həmin müharibədə minbaşı rütbəsi ilə yaxından iştirak elədi. Savaşın gedişində sağ qolundan yaralandı.
Qanlı müharibə İtaliyanın qələbəsi ilə başa çatdı. Beləliklə, zəifləməkdə olan Osmanlı dövləti Şimali Afrikadakı son torpaqlarını da itirdi.
Balkan müharibələri
1912-ci ilin oktyabrında Osmanlı dövləti növbəti savaşla üz-üzə qaldı. Bu dəfə Balkan dövlətləri – Bolqarıstan krallığı, Serbiya krallığı, Yunanıstan krallığı və Çernoqoriya krallığı güclərini birləşdirdilər. Yeni yaranmış ittifaqın məqsədi Osmanlı dövlətini Avropadakı torpaqlardan çıxarmaq idi.
Tarixə Birinci Balkan müharibəsi kimi düşən bu savaş türklərin məğlubiyyəti ilə nəticələndi. Belə ki, tərəflər arasında 1913-cü il mayın 30-da Londonda imzalanan müqavilənin şərtlərinə görə, Osmanlı imperiyası Balkanlarda və Egey dənizində olan torpaqlarının çoxundan əl çəkmək məcburiyyətində qaldı. Albaniya isə müstəqil knyazlıq elan edildi.
1913-cü ilin iyununda Birinci Balkan müharibəsinə qoşulan ölkələr arasında yeni savaş meydana gəldi. Yunanistan, Bolqarıstan, Qaradağ, Albaniya və Serbiya krallıqları ilə Osmanlı imperiyası və Rumıniya arasında baş verən bu müharibədə Mustafa Kamalın xüsusi xidmətləri oldu. O, Dimetoka ve Ədirnənin düşməndən azad edilməsində mühüm rol oynadı. Tarixdə İkinci Balkan müharibəsi kimi qəbul olunan həmin savaşın nəticəsində London anlaşmasının şərtləri xeyli dəyişdi. Osmanlı СКАЧАТЬ
13
Bir sıra tarixçilərin fikrincə, Mustafa Kamal ordunun siyasiləşməsinə qarşı çıxmaqda tamamilə haqlı idi. Hadisələrin sonrakı gedişi də bunu təsdiqlədi. Məsələn, Osmanlı dövlətinin Balkan müharibələrindəki uğursuzluğu məhz siyasi partiya və hərəkatların ordu daxilinə nüfuz etməsi, nəticədə isə silahlı qüvvələrdə parçalanmalara gətirib çıxarması ilə izah olunur (red.)
14