Hekayələr. Проспер Мериме
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 8

Название: Hekayələr

Автор: Проспер Мериме

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241723

isbn:

СКАЧАТЬ çatmışdı ki, nisbətən ayıq başların tamam sərxoş başlar üçün narahat olduqları anda hamı birdən danışmaq istəyirdi.

Harada olursa-olsun, İngiltərə haqqında danışmaq imkanını heç vaxt əldən verməyən Alfons de Temin bu dəfə də sözə başladı:

– Yaxşı olardı ki, Londonda olduğu kimi, Parisdə də hər kəs öz məşuqəsinin şərəfinə sağlıq desin və bu, adət halını alsın. Belə olsa, biz, nəhayət, dostumuz Sən-Klerin kimin ucbatından qəm dəryasına qərq olduğunu biləcəyik. – Bu sözləri deyəndən sonra o özünün və yaxın oturanların qədəhlərini şampanla doldurdu.

Bir az pərt olmuş Sən-Kler cavab verməyə hazırlaşırdı ki, Jül Lamber onu qabaqladı:

– Mən bu gözəl adəti qiymətləndirir və onu qəbul edirəm, – deyib qədəhini təntənə ilə yuxarı qaldırdı. – Parisin bütün modabaz qadınlarının sağlığına. Otuz yaşında olan çəpgözlər, axsaqlar və sairlər istisna olmaqla.

– Ura! Ura! – Gənc ingilispərəstlər qışqırışdılar.

Sən-Kler qədəhini yuxarı tutaraq ayağa qalxdı:

– Cənablar, – deyə sözə başladı, – mənim qəlbim dostumuz Jülün qəlbi kimi geniş deyil, ancaq mənim qəlbim daha sadiqdir, çünki mənim sədaqətim, dəyanətim o dərəcədə tərifəlayiqdir ki, ürəyimdə gəzdirdiyim, xəyalı ilə yaşadığım bir qadından çoxdandır ki, ayrılmışam. Buna baxmayaraq, əminəm ki, mənim seçimimi siz də təqdir edəcək, bəyənəcəksiniz. Əlbəttə, əgər siz artıq mənim rəqibim deyilsinizsə. Cənablar, Jüdit Pastanın14 sağlığına! Avropanın ilk faciə aktrisasını tezliklə görə biləcəyimizin şərəfinə!

Temin deyilən sağlığı tənqid etmək istədi, ancaq alqışlar ona imkan vermədi. Bu atmacadan yayınan Sən-Kler vəziyyətdən çıxdığına əmin oldu və sakitləşdi.

Sonra məclisdəkilər bir qədər teatrdan danışdılar. Dram mövzusu siyasətdən danışmaq üçün imkan yaratdı. Söhbət lord Vellinqtondan15 ingilis atlarına, ingilis atlarından qadınlara keçdi, çünki cavan və subay kişi üçün əvvəlcə gözəl at, sonra isə gözəl qadın dünyada ən çox arzulanan şeylərdir.

Daha sonra belə arzulara çatmaq yolları haqqında mübahisə etdilər. Atlar da arvadlar da alınırlar. Gəlin bu haqda daha danışmayaq. Bu cür incə məsələlərdə təcrübəsi az olduğunu təvazökarlıqla etiraf edən Sən-Kler qeyd etdi ki, qadına xoş gəlmək üçün birinci şərt başqalarından fərqlənmək və seçilməkdir. Ancaq orijinal olmaq üçün ümumi bir qayda mövcuddurmu? Onun fikrincə, belə bir qayda yox idi.

Jül dilləndi:

– Belə çıxır ki, qadınlara xoş gəlmək məsələsində axsaq, beli donqar bir adamın bəxti qədd-qamətli, boylu-buxunlu adamın bəxtindən daha çox gətirir, hə?

– Siz ifrata varırsınız, – Sən-Kler etiraz etdi. – Bununla belə, mən öz fikrimdə qalıram. Məsələn, əgər mən qozbel olsaydım, dərddən tapançanı beynimə sıxıb özümü öldürməzdim, əksinə, gözəl qadınları özümə məftun etməyə çalışardım. Hər şeydən əvvəl mən iki cür təbiətli qadınlarla maraqlanardım: ürəyi həssas, insanı qəlbdən duyanlarla, ya da orijinallıq axtaranlarla. İngiltərədə deyildiyi kimi, qeyri-adi qadınlarla. Belələri isə çoxdur. Birincilərə öz vəziyyətimi bütün dəhşətilə danışardım və təbiətin mənimlə amansız rəftarını bütün çılpaqlığı ilə ortaya qoyardım. Mən onları vadar edərdim ki, mən qarabəxtə rəhm etsinlər; ehtiraslı məhəbbətə qadir olduğumu onlara hiss etdirərdim. İstənilən rəqibi dueldə öldürər, özümü isə zəif dozalı tiryəklə zəhərləyərdim. Bir neçə aydan sonra mənim donqarıma daha diqqət yetirməzdilər və mənimlə maraqlanan qadınlardan hansını seçmək məsələsi mənim özümdən asılı olardı. Özlərini orijinal, qeyri-adi aparan qadınlara gəldikdə isə onlar üzərində qələbə çalmaq asan olardı. Əsas məsələ odur ki, onları inandırasan. Guya hər şey öz düzgün və mütləq yerini tapıb, nə bilim, qozbel də insandır, o da mənsəb sahibi ola bilər. Bax, bu halda qadınlar zahiri eybəcərlik barədə fikirləşməz, ümumi qaydanı qəbul edərlər.

– Sən bir Don Juana bax! – deyə Jül qışqırdı.

Polkovnik Boje dedi:

– Cənablar, axsaq doğulmaq xoşbəxtliyinə nail olmadığımız üçün gəlin qıçımızı sındıraq!

– Mən Sən-Klerin fikrinə tamamilə şərikəm, – vur-tut iki-üç qarış boyu olan Hektor Rokantən yerindən cavab verdi. – Bir də görürsən, ən gözəl, ən modabaz qadınlar elə adamlara təslim olurlar ki, heç adamın ağlına da gəlməz… O adamlara ki, elələrini siz yaraşıqlılar heç də özünüzə təhlükəli rəqib hesab etməzsiniz.

Temin çox təmkinlə dedi:

– Hektor, zəhmət olmasa, ayağa qalxın və zəngi basın ki, bizə şərab gətirsinlər.

Cırtdan yerindən qalxdı və məclisdəkilər ona baxaraq “Quyruğu kəsik tülkü təmsilini”16 xatırlayıb gülümsədilər.

– Mənə qalsa, – Temin söhbətinə davam etdi, – mən başqa cür düşünürəm. Nə qədər çox yaşayıramsa, bir o qədər də əmin oluram ki, gözəl zahiri görkəm, – bunu deyərkən o, divarda onunla üzbəüz vurulmuş güzgüyə özündən razı halda diqqət yetirdi, – və zövqlə geyinmək bacarığı ən təkəbbürlü qadınlara da qalib gəlməkdə orijinal üsuldur.

O, paltarındakı çörək qırıntısını çırtma ilə vurub kənara atdı.

– Bah! – Cırtdan qışqırdı. – Gözəl sifətlə və Ştaubun17 tikdiyi paltarla siz ancaq bir həftəlik qadınların diqqətini cəlb edə bilərsiniz və onlar da sizi ikinci görüşdən sonra darıxdırarlar. Özünü sevdirmək üçün başqa nə isə lazımdır… Əsl mənada sevilmək o deməkdir ki… Lazımdır ki…

– Bura baxın! – Temin cırtdanın sözünü yarımçıq kəsdi. – Əsaslı dəlil, misal istəyirsiniz? Siz hamınız Masinini tanıyırdınız və onun necə adam olduğunu da bilirdiniz. Hərəkətlərində ingilis nökərlərini, danışığında isə onların atlarını xatırladırdı… Lakin o, Adonis18 qədər gözəl idi, Brümel19 kimi də qalstuk taxardı… Əslinə qalsa, o, mənim tanıdıqlarım arasında ən məhzun, ən cansıxıcı adam idi.

– Elədir, – polkovnik Boje söhbətə qarışdı. – Təsəvvür edirsinizmi, bir dəfə necə oldusa, mən onunla min kilometrə qədər yol getməli oldum. Dilxorluqdan az qala öləcəkdim…

– Bilirsinizmi, hamınızın tanıdığı bədbəxt Riçard Torntonun СКАЧАТЬ

14

Jüdit Pasta – (1798-1865) – məşhur italyan müğənni qadını. 1820-30-cu illərdə Parisin opera teatrında çıxış etmişdir.

15

Lord Vellinqton – (1769-1852) – hersoq, ingilis komandiri, Vaterloo döyüşündə Müttəfiq qüvvələrin komandiri olmuşdur.

16

Quyruğu kəsik tülkü təmsili” – Fransa təmsilçisi Ləfontenin (1621-1695) təmsili nəzərdə tutulur. Quyruğu kəsilmiş tülkü, heyvanlara quyruğun yararsız olduğunu deyir və onlara quyruqlarını kəsdirməyi məsləhət görür.

17

Ştaub – o zamanın kübar cəmiyyətinə xidmət göstərən dərzi, moda mütəxəssisi.

18

Adonis – Yunan mifologiyasının qəhrəmanlarından biri; o dərəcədə yaraşıqlı oğlan olub ki, baş tanrı Zefsin qızı, Gözəllik İlahəsi Afrodita ona aşiq olub.

19

Brümel – Corc Brümel (1778-1840) – ingilis modabazı, kübar cəmiyyətdə modalar qanunvericisi.