Название: Hekayələr
Автор: Проспер Мериме
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241723
isbn:
– Əgər dediyim şərtlə bu saatı sənə verməsəm, heç kişi deyiləm! – Zabit səsini daha da qaldırdı. – Bax, bu əsgərlər şahiddirlər, mən sözümdən ömrümdə qaçmamışam.
Belə deyərək o, saatı uşağa lap yaxınlaşdırdı. Elə yaxınlaşdırdı ki, saat onun həyəcandan sapsarı saralmış yanağına toxunurdu. Fortünatonun qəlbinin dərinliyində saatı ələ keçirmək hərisliyi və qonaqpərvərlik borcu mübarizə aparırdı. Bunu uşağın sifətindən aydın oxumaq olurdu. Onun açıq sinəsi güclə enib-qalxırdı, sanki nəfəsi bu dəqiqə kəsiləcəkdi. Saat isə gözləri qabağında kəfgir kimi o tərəf-bu tərəfə gedib-gəlir, fırlanır və hərdənbir burnunun ucuna toxunurdu. Nəhayət, onun sağ əli saata tərəf qalxdı, barmaqlarının ucu ona toxundu və saat birdən onun ovcunun içinə düşdü, ancaq zabit zəncirin ucunu hələ buraxmamışdı. Siferblat mavi rəngdə idi… Qapağı təptəzə… elə bil, zavoddan indicə çıxmışdı… Günün altında par-par parıldayırdı… Yaman şirnikləndirici bir şey idi.
Fortünato sol əlini qaldırdı və baş barmağı ilə çiyninin üstündən ot tayasını göstərdi. Zabit onu dərhal başa düşdü. Elə həmin dəqiqə də saatın zəncirini əlindən buraxdı. Fortünato saatın yalnız indi onun olduğunu anladı. O, çəpiş cəldliyi ilə yerindən sıçradı və ot tayasından on-on beş addım aralandı. Voltijerlərin hamısı ot tayasını eşələməyə başladı.
Çox keçmədi ki, onlar küləşin tərpəndiyini gördülər. Oradan, əlində xəncər, qanına qəltan olmuş bir adam çıxdı. O ha çalışırdı qəddini düzəldib ayağa qalxsın, ancaq soyumuş yarası buna imkan vermirdi. O yıxıldı. Zabit özünü onun üstünə atdı və xəncərini əlindən aldı. Müqavimət göstərməsinə baxmayaraq, onun əl-ayağını bağladılar.
Kəndirlə sarınmış və yerdə uzanıb qalmış Jianetto başını ona yaxınlaşan Fortünatoya tərəf çevirdi, qəzəbdən çox nifrət ifadə edən səslə dedi:
– Satqın oğlu satqın!
Uşaq bir az bundan əvvəl Jianettodan aldığı gümüş pulu onun üstünə tulladı. O, bu pula layiq olmadığını başa düşmüşdü. Qaçaq uşağın bu hərəkətinə məhəl qoymadı. O, çox soyuqqanlıqla zabitə dedi:
– Qamba, əzizim, yeriyə bilmirəm, məni şəhərə siz aparmalı olacaqsınız.
– Elə indicə, bir az bundan əvvəl çəpişdən bərk qaçırdın ki… – Döyüşdən qalib çıxmış qəddar zabit dilləndi. – Ancaq arxayın ol, səni tuta bildiyim üçün elə şadam ki, dalıma alıb birnəfəsə, dincəlmədən dörd-beş kilometr də apara bilərəm. Qaldı ki, vətəndaş Jianetto, biz sənin üçün xərək düzəldərik, ağacın budaqlarından və sənin şinelindən… Krespoli fermasında isə at taparıq.
Məhbus:
– Yaxşı! – dedi. – Şinelimin üstünə bir az da küləş qoyun ki, yerim lap rahat olsun.
Voltijerlərin başı işə qarışdıqları anda (onlardan bir neçəsi şabalıd ağacının budaqlarını kəsib xərək düzəldir, bir neçəsi isə Jianettonun yarasını bağlayırdı) Mateo Falkone və onun arvadı qəfildən evin aşağısında, makiyə gedib çıxan cığırın döngəsində göründülər. Arvad şabalıdla dolu böyük çuvalın altında əyilib ikiqat olmuşdu və çətinliklə yeriyirdi. Əri isə tüfəngin biri əlində, o birisi isə çiynindən asılmış vəziyyətdə cəld irəliləyirdi. Bu yerlərdə silahdan başqa ayrı şey götürmək kişi üçün qəbahət sayılar.
Əsgərləri görən kimi Mateonun ağlına gələn fikir bu oldu ki, yəqin onu tutmağa gəliblər. Nəyə görə? Mateonun ki məhkəmə ilə ədavəti, məhkəməlik bir işi yox idi! Xeyr. O, ad-san sahibi idi, necə deyərlər, etibar qazanmış şəxsiyyət idi; ancaq o, korsikalı idi, özü də dağlı… Korsikalı dağlılar arasında da az adam tapılar ki, xəncərlə, tüfənglə törətdiyi cinayətlərini və başqa əməllərini yadına salmasın. Mateonun vicdanı başqalarınınkı ilə müqayisədə daha təmiz idi, çünki, açığını desək, on il olardı ki, tüfəngini heç bir adama tuşlamamışdı. Bununla belə o, ehtiyatlı idi, lazım gəlsəydi, özünü çox gözəl müdafiə edə bilərdi.
Cüzeppaya dedi:
– Arvad, kisəni qoy yerə, özün də hazır dayan!
Arvadı deyilənə həmin dəqiqə əməl etdi. Mateo çiynindən asdığı tüfəngi ona verdi ki, işdir, birdən atışma olsa, əl-ayağına dolaşmasın. Özü isə əlindəki tüfəngə patron qoyub hazır oldu və sıra ilə əkilmiş ağacların yanınca yavaş-yavaş öz evinə tərəf irəlilədi. Cüzi düşmənçilik hərəkətinə qarşı böyük ağaclardan birinin arxasına girib gizlənməyə və oradan atəş açmağa hazır vəziyyət aldı. Arvadı da patron dolu çantanı və həmişə yanlarınca gəzdirdikləri ehtiyat tüfəngi sürüyə-sürüyə aparırdı. Xeyirxah evdar qadının vəzifəsi döyüş vaxtı ərinin tüfəngini doldurmaqdır.
Bu biri tərəfdən, Mateonun belə ehtiyatla, yavaş-yavaş tüfəngi qabağında tutub, barmağını tətiyə qoyaraq irəlilədiyini görərkən zabit özü də həyəcanlandı. Onu fikir götürdü. Əgər, işdir, birdən Mateo Jianettonun qohumu, yaxın dostu olsa və onu müdafiə etmək istəsə, onda hər iki tüfəngdən atılacaq güllələr onların üstünə yağacaq, özü də elə yağacaq ki… “Birdən qohumluğa baxmadı, məni nişan aldı?” O, fikrində belə götür-qoy edə-edə özünə toxtaqlıq verib tək-tənha Mateonun qabağına getmək, köhnə dost kimi ona yaxınlaşmaq və əhvalatı ona danışmaq qərarına gəldi. Mateo ilə onun arasındakı bu qısa məsafə zabitə çox uzun göründü.
– Ey dost! – o, gendən-genə harayladı. – Necəsən? Mənəm ey, Qamba, sənin qohumun!
Mateo ayaq saxladı. Heç bir cavab vermədi və zabit danışa-danışa ona tərəf gələndə Mateo tüfənginin lüləsini yuxarı qaldırmağa başladı. Zabit onun yanına çatanda tüfəngin lüləsi artıq havaya tuşlanmış vəziyyətdə idi.
Qamba ona əl verərək:
– Salam, qardaş! – dedi. – Çoxdandır, səni görmürəm.
– Salam, qardaş.
– Evin yaxınlığından keçirdim, gəldim sənə və əmiqızı Pepaya baş çəkim. Bu gün hey ayaq döymüşük, ancaq yorğunluqdan şikayətlənməyə dəyməz, çünki ovumuz uğurlu olub. Jianetto Sanpyeronun əl-ayağını elə bir az bundan əvvəl bağladıq.
– Allaha çox şükür! – Cüzeppa sevindiyindən az qaldı bağırsın. – Keçən həftə o, bizim bir sağmal keçimizi oğurlamışdı.
Bu sözlər Qambanın ürəyindən oldu.
– Yazıq neyləsin? – Mateo söhbətə qarışdı, – görünür ac olub.
– Şir kimi vuruşurdu. – Zabit СКАЧАТЬ