Hekayələr. Проспер Мериме
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 7

Название: Hekayələr

Автор: Проспер Мериме

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241723

isbn:

СКАЧАТЬ başqalarının səmimi etiraflarını istər-istəməz dəfələrlə dinləməli olmuşdu. Dostları – söhbət burada həftədə iki dəfə görüşdüyü adamlardan gedir – Sən-Klerin inamsızlığından narazılıq edir, şikayətlənirdilər. Doğrudan da, birisi təklifsiz-filansız öz sirrini bizə açıb danışırsa və biz ona öz sirlərimizi etibar etmiriksə, təbii ki, onun qəlbinə toxunmuş oluruq. Deməli, belə çıxır ki, naqqallıq da, boşboğazlıq da qarşılıqlı olmalıdır.

Yaraşıqlı eskadra komandiri, Alfons de Temin bir gün söhbət əsnasında bildirdi:

– Onun pencəyi həmişə aşağıdan yuxarıya qədər düyməli olur. Bu lənətə gəlmiş Sən-Klerə bir damcı da etibar edə bilmərəm.

Jül Lamber:

– Mənə elə gəlir ki, o, yezuitdir9, – dedi. – Tanışlardan kimsə mənə and içərək bildirdi ki, onu iki dəfə Sən-Sülpis kilsəsindən çıxan görmüşdür. Onun nə düşündüyündən, nə fikirlə yaşadığından heç fələk də baş açmaz. Onun olduğu yerdə mən özümü sərbəst hiss etmirəm.

Onlar ayrıldılar. Alfons de Temin “İtaliya bulvarı”nda başını aşağı dikib heç kimə baxmadan gedən Sən-Klerə rast gəldi. Onu saxlayıb qoluna girdi və Sülh küçəsinə qədər gedə-gedə kobud və qısqanc əri olan madam N. ilə keçirdiyi məhəbbət macəralarını təfsilatı ilə danışdı.

Jül Lamber həmin gecə bütün pullarını kartda uduzdu. O, rəqs etməyə başladı. Rəqs edərkən elə həmin gecə son qəpiyinə qədər uduzmuş başqa bir qanıqara cənaba təsadüfən toxundu. Hər iki tərəf bir neçə təhqiredici söz işlətdi. Nəticədə duelin yeri, vaxtı təyin edildi. Jül Sən-Klerdən onun sekundantı10 olmağı xahiş etdi və buna görə ondan borc pul aldı, ancaq sonralar da qaytarmadı.

Bütün bunlarla yanaşı Sən-Kler tez ünsiyyət yaradan adam idi. Onun nöqsanları yalnız özünə baha başa gəlirdi. İltifatlı, çox vaxt isə xeyirxah idi, nadir hallarda bikef görünərdi. O, çox səyahət etmiş və çox oxumuşdu. Səyahətləri, oxuduğu kitablar haqda yalnız onu məcbur edəndə danışardı. Onu da deyək ki, o, boylu-buxunlu, yaraşıqlı idi. Sifətinin alicənab və ağıllı ifadəsi var idi. Həmişə təmkinli görünərdi, eyni zamanda təbəssümü çox xoş idi.

Onun gözəl bir keyfiyyətini unutdum: Sən-Kler bütün qadınlara qarşı diqqətli olmağı ilə seçilirdi və kişilərdən çox qadınların söhbətini xoşlayırdı. Sevirdimi? Bunu demək çətin idi. Hər halda, əgər zahirən bu qədər soyuq olan adam məhəbbətin nə demək olduğunu duyurdusa, hamı bilirdi ki, onun sevgi hədəfi yalnız gözəl qrafinya Matilda de Kursi ola bilər. Bu, cavan, dul bir qadın idi. Sən-Kleri tez-tez onun yanına gedib-gələn görərdilər. Onların bir-birinə yaxınlaşmasını aşağıdakı fərziyyələrlə əsaslandırırdılar: Sən-Klerin qrafinya ilə son dərəcə nəzakətli rəftarı və eyni rəftarın qrafinya tərəfindən Sən-Klerə göstərilməsi; qadının adını camaat içində çox nadir hallarda çəkməsi; məcbur qalıb ondan danışmalı olanda belə, onu zərrə qədər tərifləməməsi. Bundan başqa, Sən-Kler qrafinya ilə tanış olmamışdan əvvəl musiqinin vurğunu idi, qrafinya isə daha çox rəssamlığı sevirdi. Onlar görüşüb tanış olandan sonra zövqləri də dəyişdi. Nəhayət, keçən il qrafinya müalicə məqsədilə yola düşdükdən altı gün sonra Sən-Kler də onun dalınca yollanmışdı.

Tarixçi olmaq vəzifəm məni vadar edir sizə deyəm ki, günlərin bir günü, iyul gecələrinin birində, günəşin doğmasına az qalmış bağ-bağatlı malikanələrdən birinin qapısı açıldı. Oradan bir adam, başqalarını şübhələndirməkdən qorxurmuş kimi, oğruya xas olan ehtiyatla yola çıxdı. Bu bağ-bağatlı malikanə madam de Kursinin idi, oradan çıxan adam isə Sən-Kler idi. Kürkə bürünmüş qadın onu həyət qapısına qədər ötürdü və malikanənin divarboyu cığırı ilə uzaqlaşan adama tamaşa etmək üçün başını qapıdan çıxarıb onun arxasınca xeyli baxdı. Sən-Kler dayandı, ehtiyatla ətrafına nəzər saldı və əli ilə həmin qadına işarə etdi ki, qayıdıb evə getsin. O, yay gecəsinin şəffaf ala-toranında həyət qapısının yanında hərəkətsiz dayanmış qadının solğun sifətini görə bilirdi. Sən-Kler yenidən qadının yanına qayıtdı və onu nəvazişlə qucaqladı. O, qadının evə getməsi üçün onu dilə tutmaq, yola gətirmək istəyirdi, ancaq deməyə hələ nə qədər sözü vardı! Onların söhbəti on dəqiqə idi ki, davam edirdi. Evindən çıxıb işə yollanan bir kəndlinin səsi eşidiləndə, tələsik öpüşdən sonra qapı örtüldü və Sən-Kler cəld oradan uzaqlaşdı.

O, tanış yolla irəliləyirdi. Sən-Kler sevindiyindən az qala tullana-tullana gedirdi. Gah əlindəki əsanı yol boyu kollara çırpır, gah dayanır, gah da yavaş addımlarla irəliləyərək, şərq tərəfdə təzəcə allanmağa başlayan üfüqə diqqətlə tamaşa edirdi. Başqa sözlə, onu azadlığa çıxmış xoşbəxt bir dəliyə oxşatmaq olardı. Yarım saat yol getdikdən sonra o, yay ayları üçün xəlvət, sakit bir guşədə kirayələdiyi balaca evin qapısına gəlib çatdı. Qapını öz açarı ilə açıb içəri daxil oldu, sonra özünü böyük bir divanın üstünə saldı. Gözlərini tavana zilləyərək, xoş təbəssümlə dodaqlarını büzüb xəyal aləminə qapıldı. Təxəyyülü onun gözləri qarşısında tam xoşbəxtliyi təsvir edir, yalnız xoş mənzərələri canlandırırdı. “Necə də xoşbəxtəm! – deyə öz-özünə düşünürdü. – Nəhayət, məni duyan bir qəlbə rast gəldim!… Bəli, mən öz idealımı tapdım… Mən eyni vaxtda özümə həm dost, həm də məşuqə tapdım… Necə bir varlıq!… Necə ehtiraslı bir qəlb! Xeyr, o mənə qədər heç vaxt heç kimi sevməmişdir və bundan sonra da məndən başqa kimsəni sevməyəcəkdir…” Və bu dünyanın işlərinə özünəvurğunluqla müdaxilə edərək “Bu, Parisin ən gözəl qadınıdır”, – deyə fikirləşir və qadının üzünün bütün cizgilərini incəliklərinə qədər xəyalında canlandırırdı. “O, hamının içindən məni seçib. Cəmiyyətin ən ləyaqətli cavanları onun ayaqları altına döşənməyə hazırdırlar. Elə birisi bu qusar11 polkovniki. Özü də necə gözəl, boylu-buxunlu, cəsur, ədabazlıqdan tamamilə uzaq bir adamdır. Yaxud tamaşa salonlarında məharətlə oynayan və gözəl akvarelləri12 ilə hamını heyran qoyan o gənc rəssam. Hələ mən Balkan döyüşlərində Dibiçin13 komandanlığı altında vuruşan o rus əyyaşını demirəm; alnında qılınc zərbəsinin yeri hələ də qalır… O, bunların hamısına rədd cavabı verib. Mən isə…” Sən-Kler yenə əvvəlki fikrinə qayıtdı: “Mən necə də xoşbəxtəm! İlahi! Necə də xoşbəxtəm!” O, yerindən qalxır, otaqda gəzişir, sanki havası çatmırmış kimi pəncərəni açır və yenidən yumallanıb özünü divana salırdı.

Xoşbəxt aşiq də bədbəxt aşiq kimi qüssəli və darıxdırıcı olur. Hər iki vəziyyətdə olan dostlarımdan biri məni dinləməyə məcbur etməyin üsulunu tapmışdı; o, mənə dadlı-ləzzətli yemək verib başımı qatar, özü də başına gələn məhəbbət macəralarından ağızdolusu danışardı. Ancaq qəhvədən sonra, mən mövzunu dəyişdirməyə СКАЧАТЬ

9

Yezuit – mürtəce katolik ruhanilərin cəmiyyətinin üzvü, katolik rahibi. Yezuitlər 1764-cü ildə Fransadan qovulublar. Lakin, "İsa Cəmiyyəti"nin bərpası zamanı onlar yenidən önə çıxıblar. Sonuncu Burbonlar sülaləsi hakimiyyətinin əks-inqilabi siyasətində əhəmiyyətli rol oynayıblar. Onları dəstəkləyənlər fransız cəmiyyətin bütün təbəqələrindən olublar. Lakin böyük səylə təşkilata bağlılıqlarını gizli saxlayıblar.

10

Sekundant – 1) duel iştirakçılarını müşayiət edən şahid və vasitəçi; 2) idmanda (boks, şahmat, qılıncoynatma və s.) vasitəçi və köməkçi tərəf.

11

Qusar – çar ordusunda və bəzi başqa ölkə ordularında macar forması geyinən süvari əsgər və ya zabit.

12

Akvarel – 1) su ilə qarışdırılmış rəng; 2) bu rənglərlə işlənmiş rəssamlıq əsəri.

13

Dibiç İvan İvanoviç (1785-1831) – Rus feldmarşalı, 1828-1829-cu illərdə baş vermiş Rusiya-Türkiyə müharibəsində xüsusilə fərqlənmişdir.