Hekayələr. Ömər Seyfəddin
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ömər Seyfəddin страница 9

Название: Hekayələr

Автор: Ömər Seyfəddin

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241792 

isbn:

СКАЧАТЬ saat kəfkiri kimi yellənə-yellənə bir qab çalxalayırdı. Pul qabından on quruş götürdü. Xəstələrə məxsus o vasvası addımlarla, ayaqlarını sanki çürük bir döşəməyə basırmış kimi diqqətlə yeridi. Mənzilin dar pilləkənə açılan qapısını araladı. Söykənib gözlədi. O qədər səbirsizdi ki… Bir dəqiqə ona iki saat gəldi. Uşaq nəfəsi kəsilə-kəsilə qapıya çatanda hər qəzetdən bir dənə aldı, qalan pulu ona bağışladı… Qapını cəld örtərək otağına döndü. Dərin kreslosuna çökdü. Zəif dizlərinin üstündə qəzetləri açmağa başladı. Hər qəzet özünün bugünkü nüsxəsini Orxan bəyə həsr etmişdi. Ayaqlarının sızıltılarını unutdu. Bu yüksək pəncərədən quş baxışıyla parıltılı dəbdəbəsini gördüyü İstanbulun qəlbi sanki bu kağızların içindəydi. Hamısı Orxan bəyin çöhrəsini təbii böyüklükdə ilk səhifələrində vermişdi. Fon Sədriştayn indiyə qədər bu məşhur gənc dahinin özünü heç görməmişdi. Amma şəklinə baxan kimi tanış gəldi. Bu incə qaşlar, bu dərin gözlər, bu şirin gülüş… Ona heç yad gəlmədi. Bu nəcib üzü çox görmüşdü. Amma harada? Nə vaxt? Necə? Diqqətlə baxaraq düşündü, düşündü. Nəsə xatırlaya bilmirdi. "Haliç" qəzetinin başındakı bayram proqramına bir göz gəzdirdi. Bu bayramda İstanbulun bütün elmi, ədəbi, siyasi qurumları, universitetləri, rəssam, musiqişünas, memar, heykəltəraş, teatr cəmiyyətləri, liseylər, dəniz, quru, hava idman klubları, elektrikçilik, təyyarəçilik, dənizçilik dərnəkləri-filan hamısı iştirak edir, ordu İstanbuldakı hərbi hissələrini rəsm-keçid üçün sübh erkəndən Çamlıcada toplayırdı. Sevgili dahinin doğulduğu, böyüdüyü, hələ də içində yaşadığı kiçik imarət oradaydı. Bütün xalq dənizdən, Üsküdar körpüsündən o tərəfə doğru axışırdı. Fon Sədriştayn belə, ədəbiyyatı heç sevməzkən, Orxan bəyin əsərlərindən bəzilərini oxumuşdu. "Ölkənin oyanışı" adlı şeirini xatırlayınca ruhunda şirin bir həyəcan dalğalandı. Proqramdan sonra Orxan bəyin həyatına dair yazılan şeyləri oxumağa başladı. Bu böyük şair hələ iyirmi yeddi yaşındaydı. Bir aşiq kimi xalqı sevmiş, daim xalqın içində yaşamış, bir-birinin ardınca on cildə yaxın əsərlər nəşr etmişdi. On doqquz yaşındaykən Anadolunu gəzmiş, kəndlərdə, daxmalarda, obalarda müsafir qalaraq türklərin milli dastanlarını dinləmiş, onun ruhuna nüfuz etmişdi. Sonra millətinə üç cild nəfis şeir, iki cild roman vermiş, üç mükəmməl tragediya yazmışdı. "Turan"ın altun hərflərlə çap etdiyi sətirlər insanın ruhunda ülvi, böyük bir təqdir oyadırdı. Təkrar-təkrar oxudu:

      "… Orxan əsrimizin ən böyük dahisidir. O, dövrlərdən bəri qəflət kabusuyla keyimiş bir millətə yüksək vicdanını eşitdirdi. Dilini öyrətdi. Ondan əvvəl türklərin ümumi bir dili yoxdu. İstanbulda əsl türk dili təhqir olunur, bir qrup şair, ədib, cızma-qaraçı bədnam fransız təqlidçilərini yamsılayır, başqa bir qrup isə ərəbcə, farsca mübaliğə ilə danışmağı bir mərifət, bir sənət sayırdı. Yaxud "təsfiyyəçilərin"12 süni dilini milli türkcə zənn edirdilər. Orxan bəy ilk zərbəni bu qafillərə endirdi. Ədəbi şah əsərlərindəki təbiiliyi mümkün qədər irəli çıxarıb demək istədi ki:

      – Ədəbiyyat, sənət bir zümrə üçün, bir sinif üçün, bir neçə nəfərin xəstəhal keyfi üçün deyildir. Sənət bütünlüklə millətindir! Onun danışdığı, kitablardan öyrənmədən bildiyi təbii dillə təqdim olunmalıdır!"

      "Böyük qəzet" gənc şairi daha təntənəli şəkildə tərifləyirdi:

      "Ey gənc dahi! Sən bizim xaliqimizsən! Səndən əvvəl türk millətləri bir-birini tanımazdı. Xivə, Buxara, Səmərqənd, Kaşqar, Qafqaz, Azərbaycan, Anadolu İstanbulun dilini anlamazdı. İstanbulun qoynunda yaşayanlar belə öz məmləkətlərinin ədəbiyyatını duymazdılar. Səndən əvvəl şairlər bütün duyğularını xalqdan gizlədərdilər. Dinin sirli dərinliklərinə dalaraq orada vəcdlər yaşamazdılar. Ədəbiyyatımıza əsrlik bir dəyanəti, bugünkü fəlsəfəyə uyğun bir sahiblik düşüncəsini ilk dəfə gətirən sən oldun. Sən müqəddəs bir günəş kimi doğdun! Göydəki həyatverici günəş kainatın yüksək, alçaq yerlərinə öz aydınlığını necə bərabər səpərsə, sən də eynilə onun kimi millətini "avam, xas" deyə ikiyə ayırmadın. Hamısının üstünə dini bir vəcdin, milli bir məfkurənin şölələrini saçdın. İstanbulun incə qızları, Anadolunun pəhləvan oğulları, hətta Türküstanın sadə çobanları şeirlərini əzbərlədi. Yüzlərcə ildən bəri qəlbimizdə uyuyan ilahi eşq sənin bir misranla təkrar alovlandı…"

      "Gözəl İstanbul" qəzetinin heç bir şeyi bəyənməməklə, hər şeyə hücum etməklə şöhrət tapan tənqidçisi belə: "Mən Orxan bəyin dühası qarşısında səcdə edirəm. Ona qədər təbii dildə bu qədər yüksək əsərlər yazılmamışdı. O, İstanbul ləhcəsini bütün türk millətinə sevdirdi. İstanbul ləhcəsi onun sayəsində bütün bir millətin səmimi dili oldu. Ona qədər hər kəs ya fars, ya fransız dilini təqlid edirdi. O nə fransıza, nə farsa baxdı. Nə də aşıq sazlarını, təkkə neylərini təqlid etdi. Gözlərini öz ruhuna çevirdi. Türk hissini duydu. Qəhrəmanlıqlarını, hekayələrini, mövzularını, dilini də türk vicdanında tapdı…" – deyə təqdirdən özünü saxlaya bilmirdi.

      Fon Sədriştayn qəzetlərə elə dalmışdı ki, arvadının onu çağırdığını eşitmədi. Qapı birdən açılınca özünü topladı:

      – Yemək hazırdı!

      – Mən yeyə bilməyəcəyəm. Mədəm pozulub.

      – Süd iç.

      – Sonra.

      – Özün bil!

      – …

      Oxuduğu qəzetlər sağ yanında bir yığın olmuşdu. Birdən top səsləri başladı. Pəncərədən baxdı. Proqramın dediyi kimi, donanma Çamlıca qarşısında rəsm-keçidə başlayır, şairi salamlayırdı. Deməli, saat on ikiydi:

      – Axşama doğru çıxaram. Gecə şənliyində orada olaram, – dedi.

      Yenə qəzetlərə daldı. Millətinin bu qədər böyük bir dahi yaratması, ləzzəti dillə deyilməz bir sevinclə onun ruhunu sarırdı. "Yarın" qəzetinin müxbiri gənc şairlə söhbətini təqdim edirdi. Fon Sədriştayn, Orxanın sözlərini təkrar-təkrar oxudu. Bu dahi: "Mən hər şeyi anamdan öyrəndim. Anam məni dini bir vəcd içində böyütdü. Şeirlərimdə duyduğunuz "lirizm"in mənbəyi ondan aldığım dini tərbiyənin həyəcanlarıdır.

      Şeirlərimi, hekayələrimi, tragediyalarımı əvvəlcə rəvayət halında ondan eşitdim. Onun xalqdan gələn ruhu mənə xalq sevgisini, xalq eşqini aşıladı. Bundan dolayıdır ki, qafiyələrim xalqın təbirləri, musiqim xalqın dilindəki ahəngdir…" – deyirdi. On cild əsəri başqa-başqa mətbəələr tərəfindən ayrı-ayrı şəkillərdə yayımlanmışdı. "Yarın" qəzeti hər şəkildən bir örnəyin rəsmini göstərir, bütün əsərlərinin mövzularına dair məlumat verirdi.

      Fon Sədriştayn saatlarca bu təfsilatı oxudu. Min ildən bəri bir millətin ruhunda axmadan üst-üstə yığılan enerjisini daşırmaq, yetmiş-səksən milyonluq bir millətin uyuyan vicdanını oyatmaq, şübhəsiz, СКАЧАТЬ



<p>12</p>

Təsfiyyəçilər – dili saflaşdıranlar.