Название: Hekayələr
Автор: Джек Лондон
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241754
isbn:
Kişinin baxışlarındakı tutqun çaşqınlıq qadının gözündən yayınmadı. O, düşüncəli tərzdə, sanki çətin problemi həll edirmiş kimi dilləndi:
– Güman ki, sizi boğar, ya da şikəst edərdim.
– Qadını?
– Adam məcbur olanda edər. – Qadın kişinin bu sözü deyərkən dodaqlarını bir-birinə sıxdığını gördü. – Əlbəttə, siz köməksiz bir qadınsınız, amma məsələ burasındadır ki, mən həbsə düşə bilmərəm. Dostum məni Qərb tərəfdə gözləyir. Bədbəxtliyə düçar olub, onun köməyinə çatmalıyam. Amma… məncə, sizə bir elə ağrı vermədən boğa bilərəm.
Qadın gözlərini geniş açıb uşaq sadəlövhlüyü ilə kişiyə baxdı.
– Ömründə quldur görməmişdim, – o dedi. – Siz heç təsəvvür edə bilməzsiniz ki, sizinlə kəlmə kəsmək mənimçün necə də maraqlıdır.
– Mən quldur deyiləm, miss… Yəni əsl quldur deyiləm. – Qadının inamsızlıqla baxdığını görüb tez əlavə etdi: – Əlbəttə, madam ki özgəsinin evinə soxulmuşam, elə düşünmək olar… Ancaq ilk dəfədir belə bir iş tuturam. Mənə mütləq pul lazımdır. Bir də yalnız mənə çatası şeyi götürmək istəyirəm.
– Heç nə anlamıram, – qadın gülümsündü. – Məgər oğurluq sizə çatası şey deməkdir?
– Həm elədir, həm də yox. Nə isə… mən çıxıb getsəm yaxşıdır.
Kişi qapıya tərəf addımlayanda qadın onun yolunu kəsdi. Necə də canlar alan bir maneə idi! Kişi sol əlini uzadıb sanki onu qucaqlamaq istədi, ancaq tərəddüd edib dayandı. Aydın görünürdü ki, qadının gözəlliyi onun əl-qolunu bağlayır.
– Görürsünüzmü? – qadının qalibanə səsi eşidildi. – Bilirdim ki, mənə toxunmazsınız.
Kişi əməlli-başlı özünü itirmişdi.
– Ömründə qadın ürəyi sındırmamışam, – o dedi. – Asan deyil qadini incitmək. Ancaq siz qışqırsanız, mən buna məcbur olacağam.
Miss Setlif inadla dedi:
– Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki! İstəyirəm izah edəsiniz ki, nə üçün oğurlamaq – sizə çatacaq şeyi götürmək deməkdir.
Kişi isə heyran nəzərlərlə qadına baxaraq dedi:
– Mənə həmişə elə gəlirdi ki, qadınlar oğrulardan qorxurlar. Ancaq deyəsən, siz elələrindən deyilsiniz.
Qadının şən gülüşü eşidildi.
– Bilirsiniz, oğrudan oğruya fərq var. Mən sizdən qorxmuram, çünki başa düşürəm ki, siz qadın incidən adamlardan deyilsiniz. Gəlin söhbət edək. Bizə heç kəs mane olmaz. Evdə təkəm, atam gecə qatarı ilə Nyu-Yorka gedib, xidmətçilər isə yatırlar. Sizi nəyəsə qonaq etmək istəyirəm. Axı qadınlar tutduqları oğrulara nəsə təklif edirlər, hər halda, romanlarda belə yazılır. Ancaq bilmirəm yeməyi hardan götürüm. Bəlkə, nəsə içəsiniz?
Kişi hələ də tərəddüd içində dayanıb dillənmirdi. Miss Setlif onun xoşuna gəldiyini və bu istəyin anbaan artdığını yaxşı anlayırdı.
– Qorxursunuz? – o soruşdu. – Sizi zəhərləmərəm, düz sözümdür. Əmin olasınız deyə özüm də içərəm.
– Siz həddindən artıq gözəl qızsınız! – bunu deyərək kişi bayaqdan bəri ilk dəfə tapançanı aşağı saldı. – Bundan sonra dünyasında inanmaram ki, şəhər qızları qorxaq olurlar. Bax, siz zərif, balaca qadınsınız, cəsarətiniz isə başdan aşır. Ən əsası isə adamı inandırırsınız. Görəsən, silahlı quldurla sakitcə söhbət edə bilən qadın çoxmu tapılar? Lap elə kişi də.
Onun sözlərinin sehri altında qadın şirin-şirin gülümsədi. Amma danışarkən yenidən ciddiləşdi.
– Ona görə ki, siz düz adama oxşayırsınız. Quldura bənzəmirsiniz, ancaq yenə də oğurluğun daşını atın. Özünüzə başqa iş axtarın. Yaxşı, bu zibil tapançanı qırağa qoyacaqsınız, ya yox? Gəlin işdən danışaq. Hər şeydən əvvəl sizə münasib iş tapmaq lazımdır.
– Bu şəhərdə ay tapdın ha, – kişi acı-acı dedi. – Mən axtarmaqdan zara gəlmişəm. Sözün düzü… pis adam deyildim, ta işsiz olana qədər.
Onun əsəbi sözləri şən gülüşlə qarşılandı. Bu gülüş kişinin ürəyinə yağ kimi yayıldı. Qadın isə bunu başa düşüb girəvəni əldən vermək istəmədi. Qapının yanından aralanıb bufetə sarı getdi.
– Mən bufetdən bir şey tapanacan siz hər şeyi yerli-yataqlı danışın. Nə içirsiniz, viski?
– Bəli, miss, – hələ də əlində tapança olan kişi çaşqın halda nəzarətsiz qapıya baxıb qadının arxasınca yeridi.
– Sizinlə içəcəyimə söz vermişdim, amma viski xoşlamıram. – Qadın gülümsünərək əlavə etdi: – Mən çaxıra üstünlük verirəm.
Miss Setlif çaxır şüşəsini qaldırıb icazə istəyirmiş kimi kişiyə baxdı.
– Əlbəttə, viski kişi içkisidir, – o dedi. – Düzü, qadınların viski içməsini xoşlamıram. Çaxır isə başqa məsələ, çaxır olar.
Miss Setlif süzgün və qılıqlı baxışlarını ona zilləyib stəkanını toqquşdurdu.
– Sizin uğurlarınız şərəfinə… Arzu edirəm ki, özünüzə münasib iş tapasınız.
Oğrunun çöhrəsində qəzəb sezən qadın tez susdu. Kişi viskidən bir qurtum alıb stəkanı yerə qoydu.
– Nə oldu? – ev sahibəsinin qayğılı səsi eşidildi. – Viskidən xoşunuz gəlmədi?
– Qəribə viskidir, tüstü iyi verir.
– Ah, sizə şotland viskisi süzmüşəm. Siz isə, əlbəttə, yerli viskilərə öyrəşmisiniz. İndi dəyişərəm.
Az qala ana qayğısı ilə lazımi butulkanı tapıb stəkanı dəyişdirdi.
– Bu necə, xoşunuza gəldi?
– Bəli, xanım. Bundan tüstü qoxusu gəlmir. Əsl mən deyən viskidir. Dərhal görünür ki, təmizdir, qatışığı yoxdur.
– Çox içənsiniz?
– Elə deməzdim. Düzdür, əvvəllər həddimi aşdığım vaxtlarım olub, o da ayda bir-iki СКАЧАТЬ