Название: Hekayələr
Автор: Герберт Уэллс
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242461
isbn:
– Mən iddia edirəm ki, müasir zamanda möcüzə-filan olmur, siz nə deyirsiniz deyin, bunu sizə qəti şəkildə sübut etməyə hazıram.
– Sizə elə gəlir, – Toddi Bimiş etiraz etdi. – Bacarırsınız, sübut edin!
– Qulaq asın, cənab Bimiş, – Foderingey dedi. – Gəlin əvvəlcə aydınlaşdıraq görək möcüzə nədir. Bu, təbiət qanunları, iradənin gücü ilə uyğun gəlməyən bir şeydir…
DİVARDAKI QAPI
Üç ay bundan qabaq, bir axşam vaxtı səmimi şərait yarandığından dostum Lionel Uolles mənə “divardakı qapı” haqqında əhvalat danışmışdı. Ona qulaq asdıqca hekayətinin həqiqiliyinə qətiyyən şübhə etmirdim. O elə səmimi, sadə, adamı ələ alan əminliklə danışırdı ki, ona inanmamaq mümkün deyildi. Amma səhər öz evimdə tamamilə başqa əhvali-ruhiyyədə ayılmışdım. Yatağımda uzanıb onun əhvalatını bir-bir yaddaşımda saf-çürük edərkən artıq dünənki kimi onun həzin səsinin, tələsmədən, ürəkdən deyilən sözlərinin təsirinin altında deyildim. Bəlkə də, yemək süfrəsi arxasında göz-gözə oturanda, abajurla kölgələnmiş lampanın yumşaq işığı altında, otağın bizi əhatə edən xəyali yarıqaranlığında, qarşımızdakı qar kimi ağappaq süfrəyə qoyulmuş desert nimçəsində, rəngarəng şərablar dolu büllur qədəhlərin, gümüş qabların parıltısında, gündəlik həyatdan uzaq olan parlaq, rahat aləmdə bu hekayə daha təsirli alınmışdı. Amma indi adi ev şəraitində bu əhvalat mənə tamamilə inanılmaz görünürdü.
– O məni ovsunlamışdı! – ucadan dilləndim. – Özü də bunu olduqca məharətlə eləmişdi! Bir başqasından deyil, məhz ondan belə bir şey gözləməzdim.
Sonra elə yatağımdaca oturub çayımı içəndə bu həqiqətəuyğun olmayan əhvalatın məndə niyə belə dərin iz buraxdığını, həyəcanverici təəssürat yaratdığını aydınlaşdırmaq istəyirdim. Ağlıma belə bir fikir gəldi ki, bəlkə, dostum yaşadıqlarını başqa cür nəql edə bilmədiyi üçün öz bədii, ifadəli hekayəsində keçirdiyi iztirabları mənə ötürmək, canlandırmaq, bu duyğuları təzələmək (lazımi sözləri tapa bilmirəm) istəyib.
Nə isə… indi belə bir izahata ehtiyac görmürəm. Bütün şübhələrimə artıq son qoymuşam. İndi, Uollesin hekayətinə qulaq asdığım həmin axşam olduğu kimi, onun bütün qüvvəsi ilə mənə hansısa sirr açmaq istədiyinə inanıram. Amma o, həqiqətən də, dediklərini görmüşdümü, ya ona elə gəlmişdi, hər hansı bir nadir, qiymətli bacarığa malik idimi, bəlkə də, təxəyyül oyununun əsarətinə düşmüşdü, bax bunu mühakimə etmək fikrində deyiləm. Hətta onun ölümü belə sonralar bu məsələyə aydınlıq gətirmədi. Qoy oxucunun özü bu barədə qərarını versin!
İndi xatırlamıram ki, bu qaradinməz adamın belə açıq danışmasına nə rəvac vermişdi – mənim təsadüfi iradımmı, yoxsa onu qınamağımmı? Ola bilər ki, mən onu ciddi bir ictimai hərəkatın dəstəklənməsində zəiflik, hətta soyuqluq göstərməkdə və mənim ümidlərimi puça çıxarmaqda ittiham etdim. Birdən o özünü saxlaya bilməyib dilləndi:
– Mənim fikirlərim tamamilə başqa şeydədir… Etiraf etməliyəm, – deyə bir az susub davam elədi. – Mən o halda deyildim… Məsələ burasındadır ki… Bilirsən burda nə ruhların, nə də cin-şeytanın barmağı var… Amma qəribədir ki, Redmond, elə bil tilsimlənmişəm. Məni nə isə izləyir, həyatımı qaraldır, anlaşılmaz qüssə, üzgünlük verir.
Bir anlıq dayandı, utancaqlığa qapıldı, adətən, biz ingilislər hansısa təsirli, kədərli, eyni zamanda gözəl hislər haqqında danışanda belə oluruq.
– Sən axı Sent-Atelsten kollecində kursu tam başa vurmusan?! – qəfil verdiyi sual mənə o anda yersiz göründü. – Belə… – o, yenə də susdu. Az keçmiş əvvəlcə qətiyyətsizliklə, dəqiqəbaşı dili dolaşa-dolaşa, sonra daha səlis və sərbəst şəkildə həyatının sirri barədə danışmağa başladı. Bu, qəlbində tükənməz həsrət və kədər oyadan qeyri-adi, ilahi gözəllik haqqında onu rahat buraxmayan xatirələr idi. Bunların ucbatından bütün dünyəvi işlər, gündəlik qayğılar, kübar cəmiyyətin əyləncələri ona boş, darıxdırıcı və mənasız görünürdü.
İndi, bu müəmmanın açarına sahib olandan sonra, mənə elə gəlir ki, əslində, hər şey onun üzündə yazılmışdı. Məndə onun bir şəkli var. Bu şəkildə həmin qəribə dalğınlığı onun üzündən açıq-aydın oxumaq olar. Xatırlayıram ki, bir dəfə dostumu hərarətlə sevən bir qadın onun haqqında belə demişdi: “Qəflətən o, ətraf mühitə bütün marağını itirir. Yanındakını unudur. Qarşısında olmasına baxmayaraq, elə bil onun üçün heç kim mövcud deyil…”.
Lakin Uolles ətraf mühitə bütün marağını heç də həmişə itirmirdi. Diqqətini bir şeyə cəmləyəndə mütləq uğur qazanırdı. Doğrudan da, onun karyerası parlaq nailiyyətlər silsiləsindən ibarət idi. O məni çoxdan qabaqlamışdı, cəmiyyətdə daha yüksək mövqe tuturdu və mənim hətta arzularıma belə sığmayan ictimai rol oynayırdı.
Onun heç qırx yaşı da yox idi. Deyirlər ki, yaşasaydı, məsul bir vəzifə tutar və Nazirlər Kabinetinin yeni tərkibində yer alardı. Elə məktəbdə də həmişə xüsusi səy göstərmədən məni qabaqlayardı, bu sanki onda öz-özünə alınardı.
Şərqi Kensinqtonda yerləşən Sent-Atelsten kollecində oxuduğumuz illərdə də, demək olar ki, birlikdə olmuşuq. Kollecə daxil olanda biliyimiz eyni səviyyədə idi, amma bitirəndə məndən qat-qat öndə gedirdi. Öz parlaq mühakimə üsulu və istedadlı çıxışları ilə hər kəsi özünə heyran qoyardı, halbuki heç mən də pis oxumurdum. “Divardakı qapı” haqqında ilk dəfə elə məktəb vaxtı eşitmişdim. İkinci dəfə həmin bu qapı haqqında Uollesin ölümünə bir ay qalmış elə özündən dinlədim. İndi mən tamamilə əminəm ki, hər halda, onun üçün “divardakı qapı” həqiqi idi və əbədi, gerçək dəyərlərə doğru aparırdı. Bu onun həyatına çox erkən – təxminən beş-altı yaşında uşaq olarkən daxil olmuşdu. Yadımdadır, sirrini mənə açarkən hadisənin nə vaxt baş verdiyini dəqiqləşdirmək üçün tələsmədən, ciddi tərzdə, ucadan düşünürdü.
– Qarşımda, – deyirdi, – ağ divarın fonunda günorta günəşinin parlaq şüalarının işıqlandırdığı, tünd-qırmızı rəngdə yabanı üzüm salxımı gördüm. Mən onu birdən sezdim, necə baş verdiyini xatırlamıram… Divardakı yaşıl qapının qarşısındakı küçənin təmiz səkisinə atşabalıdı ağacının yarpaqları tökülmüşdü. Başa düşürsən, qəhvəyi, çirkli yox, yaşıl damarlı sarı yarpaqlar idi; görünür, elə təzəcə ağacdan tökülmüşdülər. Güman ki, oktyabr ayı idi. Mən hər il atşabalıdı ağacının yarpaqlarının tökülməsini həvəslə seyr edirəm və bunun necə baş verdiyindən də yaxşı xəbərdaram. Yanılmıramsa, СКАЧАТЬ