Название: Hekayələr
Автор: Герберт Уэллс
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242461
isbn:
– Hm! – Foderingey dedi. – Nə deyirəm ki… – deyə ah çəkdi. – Cəhd edərəm. Bax…
O, pencəyini axıradək düymələyib Yer kürəsinə bacardıqca sərt və əminliklə müraciət edərək əmr verdi:
– Fırlanmağı kəs! Eşidirsən?
Elə həmin anda o, bir dəqiqədə onlarca mil sürətlə təpəsi üstə boşluğa yuvarlandı. Saniyəbaşı havada dövrə vurmasına baxmayaraq, düşünmək qabiliyyətini itirməmişdi. Axı fikir – çox heyrətamiz şeydir: o gah qatran kimi yavaş-yavaş axır, gah da şimşək kimi bir anda çaxır!
Bir neçə saniyə götür-qoy edən Foderingey əmr etdi:
– Qoy mən sağ-salamat yerə enim! Hər nə olursa-olsun, mən yerin üstündə salamat qalım!
O bu əmri vaxtında vermişdi, çünki sürətli uçuşun nəticəsində onun paltarı qızıb közərməyə başlamışdı. Foderingey şappıltı ilə yerə dəydi, amma zərbənin gücünə baxmayaraq, heç bir yeri zərər görmədi, çünki yerin təzə qazılmış, yumşaq hissəsinə düşmüşdü. Bazar meydanının saat qülləsinə bənzəyən nəhəng daş və metal yığımı onun yaxınlığında uçub dağıldı və daşdan, kərpicdən, suvaqdan ibarət hissələri sıçrayaraq hər tərəfə dağıldı, elə bil bomba partlamışdı. Havada uçan inək divarın bir hissəsinə möhkəmcə çırpılaraq yumurta kimi əzildi. Sonra qulaqbatırıcı gurultu eşidildi: bütün ömrü boyu eşitdiyi gurultular bu səsin yanında yatan tozun xışıltısına bənzəyirdi. Ardınca daha bir neçə nisbətən zəif gurultu eşidildi. Elə güclü külək əsirdi ki, Foderingey ətrafına baxmaq üçün çətinliklə başını qaldırırdı. Ancaq həddindən artıq karıxıb özünü itirdiyindən harada olduğunu, nə baş verdiyini dərk edə bilmirdi. Ağlına gələn ilk o oldu ki, əlini atıb başını yoxladı, küləkdə dalğalanan saçlarının yerində olduğunu görüb arxayınlaşdı.
– İlahi! – Foderingey küləkdən boğula-boğula, güclə dilləndi. – Bir az da belə davam eləsə, başımı itirəcəyəm! Nəsə yanlış oldu. Tufan və ildırım baş verdi. Halbuki bir neçə dəqiqə əvvəl necə sakit gecə hökm sürürdü. Məni bu işə şirnikləndirən Meydiq oldu! Küləyə bax da! Belə böyük xətalara davam eləsəm, axırı pis qurtaracaq! Meydiq haradadır? Gör aləm bir-birinə necə qarışıb!
Pencəyinin küləkdə yellənib-qalxan ətəklərindən imkan tapıb yan-yörəsinə boylandı. Ətrafda hər şey çox əcaib görünürdü.
– Hər halda, səma yerindədir, – o dedi. – Amma başqa şeylər haqqında bunu deyə bilmərəm. Elə səmanın özü də elə görünür ki, elə bil qasırğa yaxınlaşır. Ay əvvəlki kimi başımızın üstündə asılıb. Lap elə bir neçə dəqiqə qabaq olduğu kimi… Hava günün günortaçağındakı kimi işıqlıdır. Bəs qalan şeylər hanı?! Şəhər necə oldu? Hanı? Hər şey hara yoxa çıxıb? Bir də nəyə görə güclü külək əsməyə başladı, mən ki qasırğa sifariş verməmişdim?!
Bir neçə uğursuz cəhddən sonra Foderingey birtəhər qalxıb əlləri və ayaqlarını torpağa möhkəm dayayaraq dördayaqlı vəziyyətdə dayandı. O, parlaq ay işığına qərq olmuş dünyaya külək əsən tərəfdən baxmağa başladı, tərsinə çevrilmiş pencəyi isə başının üzərində şappıldayırdı.
– Hə, nəsə dünyada pozulub, – deyə donquldandı, – amma bunun nə olduğunu bir Allah bilir!
Hər tərəf ayın ağımtıl, parlaq işığına, vıyıldayan küləyin qaldırdığı toz buludlarına bürünmüşdü, yalnız yerin dağıntılara qarışmış bir hissəsini ayırd etmək mümkün idi: nə ağacları, nə binaları, nə də adət etdiyi heç nəyi sezmək olmurdu; burulğanın qaranlığında itib-batan xaosdan, ildırımdan, yaxınlaşan qasırğadan başqa heç nə görünmürdü. Çaxan ildırımın işığında Foderingey qarşısında biçimsiz talaşa yığını gördü: halbuki bir müddət əvvəl qarağac idi, indi isə köklərindən budaqlarına qədər parçalanmışdı. Bir qədər aralıda isə dağıntılar arasından əyilmiş və burulmuş dəmir dirəklər görünürdü: başa düşdü ki, bu, dəmir körpünün qalıqlarıdır.
Məsələ burasındadır ki, cənab Foderingey nəhəng planetin oxu ətrafında dövr etməsini dayandırarkən onun səthindəki hərəkət edən müxtəlif cisimləri nəzərə almamışdı. Lakin Yer kürəsi öz mehvərində əslində elə sürətlə fırlanır ki, onun ekvatordakı səthi bir saatda min mildən artıq məsafə qət edir (bizim genişlik anlamımızda beş yüz mildən artıq). Ona görə də dünya dayanan kimi həm şəhər, həm Foderingey və Meydiq – hər şey istisnasız olaraq bir saniyədə təxminən doqquz mil sürətlə, yəni güllənin uçuşundan da dəfələrlə sürətli şəkildə yerindən qopub uçmuşdu. Və hər bir insan, canlı varlıq, hər bir ağac, bina, bir sözlə, Yer üzündə mövcud olan bütün cisimlər yerindən qoparaq uçub, dağılıb məhv olmuşdu. Vəssalam!
Əlbəttə, Foderingey nə baş verdiyini anlaya bilməzdi. Amma dərk edirdi ki, bu dəfə uğursuzluğa düçar olub, buna görə də qəlbində hər cür möcüzəyə nifrət duydu. İndi o, tamamilə qaranlıqda qalmışdı, çünki buludlar toplaşıb ayın qabağını tutmuşdu. Yağan dolunun sürətli zolaqları işgəncə verirmiş kimi havada səyirir və sovrulurdu. Küləyin qulaqbatırıcı uğultusu və sel dünyanı bürümüşdü. Foderingey gözlərini ovucları ilə örtüb küləyin əsdiyi səmtə boylanaraq ildırımın işığında ona yaxınlaşan nəhəng su dalğasını gördü.
– Meydiq! – Foderingeyin zəif səsi azğın tufanın gurultusunda əridi. – Ey, Meydiq!.. Dayan! – üzünü yaxınlaşan dalğaya tutub qışqırdı. – Dayan! Allah xatirinə yaxınlaşma!
Sonra ildırım və tufandan xahiş elədi:
– Bir dəqiqə dayanın! İmkan verin fikrimi cəmləyim. İndi nə edim?! Axı nə edim? İlahi! Heç olmasa, Meydiq burda olsaydı… Bildim! – birdən Foderingey bağırdı. – Bircə, Allah xatirinə bu dəfə qarışıqlıq olmadan keçinək.
Hələ də üzü küləyə doğru dördayaqlı vəziyyətdə dayanıb gərgin halda düşünürdü ki, ən xırda yanlışa yol vermədən vəziyyəti necə düzəltsin.
– Budur, – nəhayət, dedi, – indi əmr edəcəyim hər nə varsa yalnız sonda “Haydı” deməklə həyata keçsin! İlahi! Axı niyə daha əvvəl bu barədə düşünməmişəm?
O, tufanın uğultusundan daha bərkdən çığırmağa cəhd etdi; öz səsini yaxşı eşitməkdən ötrü daha yüksək səslə bağırdı:
– Beləliklə… başlayıram. İndicə dediklərimi unutma! Əvvəla, istədiklərimin hamısı yerinə yetəndən sonra qoy möcüzə yaratmaq qabiliyyətimi itirim, qoy mənim iradə qüvvəm adi insanlardakı kimi olsun. Qoy bütün bu təhlükəli möcüzələrə son qoyulsun. Bütün bunlar heç xoşuma gəlmir. Kaş ki onları yaratmayaydım! İkincisi – qoy mən bu möcüzələrin hələ baş vermədiyi СКАЧАТЬ