–Zdorov! – Məni rusca salamladı, əl tutub görüşdük. – Kto xozyain?
Mənə maraqlı göründü. Mənim adıma, mənim yanıma gəlibsə, xozeynu neynir?
–Nc vajno. – Astadan cavab verdim, şef özü belə tapşırmışdı, “hər şeyə görə məni narahat etməyin, yola verin, getsin”, demişdi. – Nə lazımdı, mənə deyin.
Bundan sonra daha heç nə demədi. Vitrinlərin, polkaların arası ilə bir xeyli gəzdi, qiymətlərə baxdı. Sonra xırım-xırda şeylər; ketçup, siqaret, südlü sosiska, cem, mayanez və başqa tez-tez tələb olunan ərzaqlardan götürdü. Karzinə yığıb kassaya yaxınlaşdı.
–Posçitay! – dedi.
Ərzaqları bir-bir götürüb qiymətlərinə baxdım, kassa aparatına vurub hesabladım. Çek çıxardıb təqdim etdim.
–Sizdə qiymətlər münasibdir, başqa yerlərə baxmış nisbətən ucuzdu. – Bunu da rusca dedi və aldıqlarının pulunu ödədi.
Pulun qalığını qaytardım. Alıb cibinə qoydu və çıxıb getmək istədi. Hörmət əlaməti olaraq mən də onunla çıxdım ki, qapıdan yola salım, getsin.
–Xətrinə dəyib-eliyən yoxdur ki? – Çöldə bunu soruşdu.
–Yox! Yaxşılıqdı. Çoxdan burdayam. Alışmışam. Hamı da tanıyır.
–Varsa, de, çəkinmə. – İsrarla soruşdu. – İstəyirsən, şefin telefonunu ver, bu dəqiqə zəng vurub tapşırım…
–Ehtiyac yoxdur. – Gülümsündüm ki, arxayın olsun. – Münasibətimiz yaxşıdır. Təşəkkür edirəm.
–Bax də… Bura Moskvadır, yetim-yesir yeri deyil. Diribaş olmaq lazımdır. Fağır olarsan, başına qapaz vurub çörəyini əlindən alarlar. – dedi.
Darvazanın ağzına çatmışdıq deyə sağollaşdıq. O, ancaq rus dilində danışdı, mən də rusca cavablandırdım. Niyə belə elədi, baş açmadım. Adətən, burda həmyerlilər görüşəndə öz dillərində danışırlar. Aralıda dayanan maşınına oturub getdiyini görəndən sonra bazaya qayıtdım. Murad qapının ağzında məni gözləyirdi.
–Həmyerlindi? – Çatan kimi soruşdu. – Bəs niyə rusca danışırdmız? Adı nədir?
–Hə. – deyib çiynimi çəkdim, hesabat verməyi xoşlamırdım.
–Onu hardan tanıyırsan? – Əl çəkmədi. – Ya o, səni hardan tanıyır?
–Tanımırdım. İndi tanış olduq.
–Adı nəydi? – Bir də soruşdu.
–Maraqlanmadım.
–Bax ha… ehtiyatlı ol. – Murad xəbərdarlıq etdi. – Biz adam tanıyanıq, sifətindən dələduza oxşayır.
–Elə demə… – İnciyəntəhər oldum.
–Bəs nə deyim? – Murad gülümsündü, yəqin ki, könlümü almaq islədi. – Görmürsən qurddur?
–Mənim həmyerlim qurd olmalıdır də… – Pərtliyim sovuşdu. – Çaqqal, it olmayacaq ki…
Doğrusu, Muradın cavabını versəm də, acı sözlərinə alındım, bir az da pərtfason oldum, ancaq çox da büruzə vermədim, özümü o yerə qoymadım, guya əhəmiyyətsiz hesab elədim. Özlüyümdə bir az da götür-qoy etdim. Murad dayanmışdı, mənim hələ də sözlü adama oxşadığımı, nəsə deyəcəyimi gözləyirdi.
–Bizə qarşı nə dələduzluq eliyəcək? – Mən də acıqlı cavab verdim. – Burda hər şey göz qabağındadı. Ərzaq məhsullarından götürdü, onu da qəpiyinəcən ödədi.
–Narahat olma. Bizim də nəzərimiz üstündəydi. Dedik birdən narkotik-zad atar polkalara… Siz çölə çıxan kimi dərhal göz gəzdirdik gəzdiyi yerlərə… Tərtəmizdir.
İndi başa düşdüm ki, şef nəyə görə çeçenlərə bu qədər üstünlük verir.
***
Dəqiq yadımda deyil, aradan bir həftə, on günmü keçmişdi, yenə Vaxob qaça-qaça gəldi ki, bəs həmyerlin qapının ağzındadır.
Yenə də sakitlikdi, boş idim. Bilmirəm təsadüfdən idimi, yoxsa həmyerlim aralıda durub bazanın qabağını güdürdü, sakitlik olanda gəlirdi, hər nəydisə, yenə özümüz idik. Sözün diizü, Muradın danışığından sonra mən də ehtiyatlı davranmağa qərar vermişdim.
Çıxdım qarşılamağa. Gördüm ki, formadadı, əynində ədliyyə işçilərinin geyimi vardı, çiynində də üç böyük ulduz parıldayırdı, polkovnik rütbəsindəydi. Buna çox sevindim, ehtimalım düz çıxmışdı, həmyerlim sistem adamıydı, özü də yüksək rütbəli. İstər-istəməz fərəhləndim, qürur hissi məni ağuşuna aldı. Buna kim sevinməzdi?
–Salam. – Bu dəfə öz dilimizcə, azərbaycanca danışırdı.
–Salam. – Əl tutub görüşdük.
–Şefin burdadı? – Mənə elə gəldi ki, sözgəlişi, “xala, xətrin qalmasın” deyə soruşur.
–Problem yoxdur, mən burdayam.
–Özü olsaydı, yaxşıydı.
Belə deyəndə, dalağım sancdı. O dəqiqə başa düşdüm ki, nəsə “yükləmək” istəyir. Havayı deyildi, on beş ildən artıq idi ki, həm Moskva kimi mərkəzi şəhərdəydim, həm də ticarətin mərkəzində. Sistem işçilərinin biznes adamlarından umacaqları olduğundan xəbərdardım. İndi bunu çox adam bilirdi. Ticarətdə işləyəsən, bunu bilməyəsən…
–Narahat olmayın, nə lazımdır, deyin.
–Bilirsən, bu gün bizim şefin ad günüdür. Onun da hər şeyi var, bahalı maşınları, villası, daçası, bir sözlə, heç nəyə ehtiyacı yoxdur. İstəyirdim bir blok bahalı siqaret hədiyyə edim, xarici… Durub atıla-atıla yanına gedəsi deyiləm ki…
–Malboro. – Dərhal təklif etdim, özüm siqaret çəkmədiyimdən, həm də bizdə, bazada olan ən bahalı siqaret bu idi. Odur ki, ağlıma gələni səsləndirdim.
Xəfıfcə gülümsündü.
–Malboro СКАЧАТЬ