Cəld yatağımdan qalxdım. Səhərin bu alatoranında məni narahat edən kim ola bilərdi? İlk ağlıma gələn su sızması oldu. Cəld hamama və ədəbxanaya baxdım, hər şey qaydasındaydı. Ordan özümü atdım mətbəxə, birdən, Allah eləməmiş, nəsə yanar, ya qaz sızması ola bilər. Şükür, burada da salamatçılıqdı, hər şey öz qaydasındaydı.
Qapının zəngi isə lap iliyimə işləyirdi. Elə gecə paltarında dəhlizə yüyürdüm.
– Gəldim e.., gəldim. – Səsləndim ki, bəlkə zəng düyməsini basan eşidə, əl saxlaya, amma o da hər kimidisə, inadından dönmürdü.
Məcbur olub gecə paltarında qapını açdım.
Arıq, hündürboy kişi ilə üzbəüz qaldım, tanıyırdım, adı da Muxtar idi, qonşu blokda yaşayırdı, hərdənbir binanın həyətində rastlaşırdıq. Salaməleykimiz olmasa da bir-birimizi tanıyırdıq, bilirdik ki, bir binada yaşayırıq. Nə özündən, nə də adından xoşum gəlirdi. "Ay sənə ad qoyanın… demişdim… Əsl muxtar olmalı adamlar qalmışdı qıraqda, bu adam muxtarlıq edirdi…".
Muxtar kişinin qoltuğunda qovluq varıydı, bildim ki, elə-belə gəlməyib, nəsə işi var.
– Ə kişi, noolub? – Salamsız-kəlamsız yeridim üstünə. – Qoymazsan yatıb dincələm. Bilmirsən ki, mən iş adamıyam, ancaq şənbə-bazar günü dincələ bilirəm.
– Elə mən də ona görə tezdən gəlmişəm. Nə vaxt gəlirəm, evdə yoxsan. Qonşulardan soruşuram, deyirlər, işə getmisən.
– Hə, nə məsələdi? Nəyə gəlmisən?
– Əvvalə, salam. – Heç təmkinini pozmadan davam elədi. – Mən bu boz binada yaşayan sakinlərin etimadı ilə imza toplayıram.
Muxtar kişini həm də demaqoq kimi tanıyırdıq. Bir problem-zad olanda ora-bura zəng vurur, lazım gələndə ərizə yazıb göndərir, işi yoluna qoydurardı.
– Nə imza? – Təəccüblə soruşdum. – İndi də məndən demaqoqluq etmək fikrindəsən? Zibili aparıb atmamışam? Suyu açıq qoymuşam, axıb qonşuların mənzilini batırıb? Lifti zibilləmişəm? Kommunal ödənişi vaxtında ödəməmişəm?
Muxtar kişini tez-tez Tofiqlə birlikdə görürdüm – komendant Tofiqlə. İkisi də bir çəkmənin taylarıydı, heç seçilmirdilər. Bircə fərq Muxtar kişinin yaşlı olmasıydı, az qalırdı səksəni haqlasın… Tofiqin də yaşı az olmazdı, yetmişi çoxdan haqlamış olardı. Hər ikisinin işi-gücü onun-bunun arxasınca baxıb qeybətini qırmaqdı.
Nə isə… Hər ikisinin üzünü görmək istəmir adam. Deyirəm bircə nə olaydı, bunların üzünü mürdəşir tez yuyaydı…
– Nə imza, Muxtar kişi? – Baxdım ki, Muxtar kişi qabağımda karıxıb qalıb, matdım-matdım mənə baxır, sonra gedib mənə də söz qoşmasın ki…
Başı ilə işarə verdi. Bunda iştaha bir bax?! Evə keçmək istəyir kaftar.
– Yox! – Çəmkirdim. – Evə olmaz. Nə sözün var, burda de.
– Bax! – Muxtar kişi qoltuğundakı qovluğa işarə verdi. – Burda bütün sənədlər var. Gərək göstərim ki, oxuyub qol çəkəsən.
– Eybi yoxdur. Oxumadan qol çəkərəm. Sən elə burda göstər, nə yazdığını de, sənə inanıram…
– Olmaz! – Muxtar kişi əl çəkmədi, inadkarlıq göstərdi. – Bir belə adamın evinə girmişəm. Sən indi məni evinə buraxmayacaqsan? Nədən qorxursan? Mən səksəni çoxdan haqlamışam. Bilirsənmi?
– İstəyirsən lap doxsanı, yüzü haqla, nə işimə qalıb.
– İmkan ver, keçim içəri. – Muxtar kişinin dirəşməsi lap ciddiləşdi. – Səni orda başa salaram.
– İndiyə kimi görmüsən, ya eşitmisən ki, bir adam mənim qapımdan içəri ayaq basıb?
– İşim-gücüm qurtarıb, durub səni güdəcəyəm. – Muxtar kişi gülümsündü. – İstəyirsən hər gün qonaqlıq elə, qohumların, dostların gecə də qonaq qalsınlar, çıxıb evlərinə getməsinlər.
Əlqərəz, gördüm ki, Muxtar kişi lap dirəşib, əl çəkmir, razılaşdım.
– Yaxşı, keç. – Dedim. – Ancaq mətbəxə. Özü də sənədləri tez göstərəcəksən, qol çəkəcəm, götürüb çıxacaqsan.
Muxtar kişini içəri buraxıb qapını bağladım. Mətbəxin yolunu ona göstərdim. O, ayaqqabısını, gödəkçəsini çıxarıb mətbəxə keçənə kimi otağa gəlib üst paltarımı geyindim. Hər ehtimala qarşı vəsiqəmi də götürüb mətbəxə gəldim. Muxtar kişi qovluğunu masanın üstünə qoyub içindəki bəzi kağızları çıxartmışdı.
– Bax, bu ərizə şəhər sovetinin sədri cənabınadı – boz binanın sakinləri adından, – deyə Muxtar kişi izahat verməyə başladı. – Yazıb xahiş edirik ki, aşağıda – dəmir yolun qırağında məskunlaşmış məcburi köçkünlərin evlərinə gedən yolun yerini dəyişin, bizim binanın qabağından gedib-gəlməsinlər. İki qonşu binanın sakinləri də bizə qoşulacaqlar. Kənd adamıdırlar, yerişlərini-duruşlarını bilmirlər. Zibillərini də gətirib bizim binanın sakinləri üçün nəzərdə tutulmuş məişət tullantıları qablarına atırlar. Biz bu xoşagəlməzliklərə çoxmu dözməliyik?
Ərizəni tələmtələsik gözdən keçirdim. Muxtar kişi dediyi kimi, hər şeyi təfsilatı ilə yazmışdı, hələ beş də üstünə qoymuşdu. Sonda da belə bir qeyd etmişdi: "Artıq dərəcədə xahiş edirik, yolun yerini dəyişdirəsiniz, biz aşağıda imza edənlər bu biabırçılığa daha dözə bilmərik…".
– Muxtar kişi, bəs niyə təklif vermirsiniz? Demirsiniz ki, yolu hara dəyişmək olar? – Soruşdum və özüm də fikirləşə-fikirləşə qaldım, gerçəkdən yolu hansı tərəfə dəyişmək olardı.
Məncə, yolu dəyişmək mümkünsüzdü. Binanın sol tərəfindən məhəlləyə gedən yol hansısa idarə tərəfindən tutulmuşdu, hündür hasar lap dəmir yolun qırağınadək çəkilmişdi. Sağ tərəfdən də bizdən sonrakı iki bina qurtaran yerdə başqa bir qaraj ərazini tutmuşdu, orda da iritonnajlı maşınlar saxlanılır, həm də təmir-xidmət işləri həyata keçirilirdi. Oradan da yol salmaq mümkün deyildi.
СКАЧАТЬ