Uşaqlığın son gecəsi. Максуд Ибрагимбеков
Чтение книги онлайн.

Читать онлайн книгу Uşaqlığın son gecəsi - Максуд Ибрагимбеков страница 3

Название: Uşaqlığın son gecəsi

Автор: Максуд Ибрагимбеков

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-532-68-5

isbn:

СКАЧАТЬ hamı onun içindəki yasəmən rəngli, ürək formalı əl-üz sabununu gördü.

      – Ayy! – Dovşanın arvadı sevincək dedi. – Bu nədir belə?.. Çox gözəldir! İki ildir, sabun üzünə həsrət qalmışam. Bunu haradan tapmısan?

      Onun iki il sabun üzünə həsrət qalmasında qəribə heç nə yox idi. Çünki hamı sabun üzünə həsrət qalmışdı. Kubinka bazarında bir parça sabun çox baha satılırdı. Bir parça paltar sabununu bir kilo qəndlə, ya da iki qutu quru südlə dəyişmək olurdu, o ki qaldı əl-üz sabununa, onun haqqında heç düşünməyə dəyməzdi.

      – Özüm düzəltmişəm! – Dovşan fəxrlə dedi. – İndi necədir, xoşuna gəlir? Bu sənə müharibədən əvvəl hədiyyə etdiyim ətrin iyidir, sənin xoşuna gəlməmişdi, ətri atmışdın. Amma işə yaradı…

      – Dayan, dayan, – arvadı dedi. – Cəhənnəm olsun o ətir… Sabun! Sən bu sabunu necə düzəltmisən?

      – Çox sadə! – Dovşan daha da fəxrlə dedi. – Sabun düzəltməyə nə var? Bir az kaustik soda, əlif, bir də bəzi şeylər qatırsan – sabun hazırdır. Mənim üçün sabun bişirmək su içmək kimi asandır… Dayan görüm, hara gedirsən?!

      Dovşanın arvadı sabunu götürüb qapıdan çıxdı. Pillələri aşağı düşərkən dedi ki, indi qayıdır, sonra gözdən itdi. Dovşan təəccüblə çiyinlərini çəkib otağa qayıtdı. İkiyaşlı oğlunu qucağına alıb dedi:

      – Sənin dünyadan xəbərin yoxdur, amma biz bu gün müharibədə qələbə qazanmışıq! – Dovşanın kefi kök idi.

      İyirmi dəqiqə sonra Dovşanın arvadı qayıtdı. Təngnəfəs halda otağa girib stolun üstünə bir qutu quru süd, yarım qutu yumurta tozu və bir parça xalis kərə yağı qoydu.

      – Bunlar nədir? – Dovşan çaşqınlıqla xəbər aldı.

      – Sabun! – qadın cavab verdi. – Bu mənim ərimin düzəltdiyi sabundur… Sizin atanız dünyanın ən ağıllı adamıdır, böyük alimdir! – uşaqlara dedi. Sonra ərinə yaxınlaşıb yanağından marçıltı ilə öpdü.

      Mənə də, uşaqlarına da quru süd yaxılmış çörək dilimi verdi. Çox dadlı idi, bu bir dilim çörəyin nə qədər dadlı olduğunu sözlə ifadə etmək mümkün deyil! Sonra Dovşanın arvadı çörəyin üstünə quru süd çəkib özü də yeməyə başladı və dedi ki, axşama yumurta tozundan qayğanaq bişirəcək. Ancaq nədənsə Dovşan özü heç nə yemirdi. Sakitcə oturub xırda, kədərli gözləri ilə uşaqlarının çörəklə quru süd yeməyinə baxırdı.

      Elə o vaxt anladım, məktəbimizdə müxtəlif adamlara verilən ayamaların heç biri göydən düşməyib. Məsələn, bizdə biri vardı – “Turp” deyirdik ona. Beşinci siniflərə riyaziyyatdan dərs deyirdi. Bax həmin bu Turp həmişə deyirdi: “Axı niyə başa düşmürsünüz, bu, turpu buğda bişirmək qədər asandır”, – sonra da istehza ilə gülürdü. Nədənsə bu hərəkəti qeyri-səmimi alınırdı. Ondan zəhləmiz gedirdi, ona görə də ömrünün sonuna qədər ləqəbi “Turp” qaldı. Bax indi bizim Dovşan oturub uşaqlarına baxır, onların sabunla dəyişdirilmiş ərzaqları necə acgözlüklə yediklərinə tamaşa edirdi. O, doğrudan da, dovşana oxşayırdı. Ancaq məktəbdə hamı ona “Dovşan” deyəndə çox nəzakətlə deyir, hətta sevgi ilə deyir, daha Turp kimi yox.

      – Sən yenə sabun düzəldə bilərsən? – arvadı soruşdu. – Kubinkada dedilər ki, nə qədər sabun olsa, ala bilərlər.

      – Yox! – Dovşan cavab verdi.

      – Niyə? – qadın heyrətlə ona baxdı. – Axı özün dedin ki, bu sənin əlində su içmək kimidir. Soda, əlif, bir də nəsə lazımdır, vəssalam! Axı niyə düzəltmək istəmirsən?

      – Çünki mən cinayətkar deyiləm, – Dovşan cavab verdi.

      – Görürsünüz bu adamı! – qadın ucadan çığırdı. – Deyir ki, cinayətkar deyil! Bəs kimsən? Balacanın boğazı gəlib, bir az da belə getsə, vərəm olacaq. Böyük uşaq arıqlıqdan skeletə oxşayır, bu isə cinayətkar olmaq istəmir, eşitdiniz də!

      Kubinkadakı iri plakatı özüm görmüşdüm. Orada yazılmışdı: “Alman işğalçılarına və möhtəkirlərə ölüm!” Məhz bu möhtəkirlər üzündən adam əlində kartoçka ilə ərzaq payını tam ala bilmirdi. Bu adamlar ərzaq anbarlarına bir yol tapır, oradakı malları gətirib bazarda əlaltından baha qiymətə satırdılar. Doğrudur, onları tuturdular, ancaq hamısını necə tuta bilərdilər?

      Dovşan əlini stola çırpıb dedi:

      – İndi bütün uşaqlar acdır! Ölkədə vəziyyət ağırdır və sən bunu başa düşməlisən. Mən hələ işləyib nəsə qazanıram, bəs atası müharibədə olanlar neyləsin?

      Bu vaxt onun arvadı səsini başına atdı, uşaqlarla məcbur olub bizə keçdik. Onlar dalaşmağa başlayanda uşaqları tez bizə yığışır.

      Ertəsi gün bütün siniflə bir yerdə metal tullantısı toplamağa getdik. Dovşan da bizimlə idi. O bizə bir kiloqram misdən nə qədər patron düzəltmək barədə danışırdı, bir tankın istehsalına nə qədər polad lazım olduğunu deyirdi. Dovşan deyirdi ki, biz bakılı olduğumuz üçün fəxr etməliyik, çünki Bakı cəbhəyə ən vacib olan məhsulu – benzini verir və benzin olmadan nə tank, nə də təyyarə hərəkət edə bilər. O deyirdi ki, Bakı neftçiləri əsl qəhrəmanlardır, çünki sutkalarla neft mədənlərində açıq havada işləyirlər. Üstəlik, həmin gün ondan başqa bir məlumat da eşitdik. Sən demə, almanlar Bakıya yaxınlaşanda bütün neft mədənləri minalanmışdır və hər an partladılmağa hazır idi. Lakin bu təhlükəyə baxmayaraq, neftçilər iş yerlərini tərk etməyib, cəbhəyə gedən bir damla neft itkisinə razı olmayıblar.

      Dovşanın evi əsl cəhənnəm idi. Arvadı səhərdən axşama qədər ondan sabun bişirməyini tələb edirdi. Amma kiçik oğlu xəstələnib yatağa düşəndən sonra arvad daha heç nə demir, sakitcə ağlayırdı.

      Nəhayət, Dovşan məğlubiyyəti ilə barışdı. O, sabun bişirdi və onu taxtadan hazırladığı qəlibə boşaltdı. Beş parça sarımtıl paltar sabunu alındı. Məncə, onu fabrikdə istehsal olunmuş sabundan ayırd eləmək çətin idi. Dovşanın arvadı sabunu Kubinkaya apardı və yarım saat sonra ərzaqla dolu zənbillə geri qayıtdı.

      Həmin gündən sonra Dovşanın üzündən təbəssüm çəkilib getdi. Dərs vaxtı ancaq fizika və kimyadan danışırdı. Keçmiş vərdişlərindən yalnız biri qalmışdı – yenə hər səhər xəritəyə bayraqlar sancırdı. Qırmızı bayraqlar artıq dövlət sərhədinə çatırdı. Nəhayət, bayraqlar dövlət sərhədlərini də ötüb-keçdi. Dovşan sinfə girib bizi təmkinlə təbrik etdi. Hətta Dovşanın arvadı da hiss edirdi ki, ərinə nəsə olub. Bir dəfə qadının ona ürək-dirək verdiyini eşitdim:

      – Axı sən pis heç nə eləməmisən, – qadın Dovşana deyirdi. – Sən ki СКАЧАТЬ