Название: Xəmsə
Автор: Низами Гянджеви
Издательство: Hədəf nəşrləri
Серия: Uşaq ədəbiyyatı
isbn:
isbn:
– Bala, hamı çıxıb getdi. Sən burada tək qalmısan. Söylə, məqsədin nədir?
Mürid cavab verdi:
– Ey yeri qəlbimdə əbədi məskən salan şeyx, sənin ayağının tozu mənim başımın tacı olduğuna şübhən olmasın. Mən bura məgər yellə gəlmişəm ki, yellə də gedəm? Məni səndən heç bir od-alov, tufan qopara bilməz. Yel kimi gələnlər yel kimi də gedərlər. Dözümdə, sədaqətdə, əqidədə yolundan sapmayanlar hünər yolunu tutan ərlərdir. Çəkisinə görə toz yüngüldür. Ona görə o, hara gəldi tez qonar, hara gəldi tez uçar. Vüqardan, əzəmətdən doğulan dağlar birdən-birə yaranmır. O, dözümü, səbri ilə ucalır. Pərdə arxasındakı əsl həqiqətləri üzə çıxarmaq zamanın vərdişidir. Kişilərin işi ağır yük daşımaqdır. İnsan eşşək deyil. O, kürəyində yük daşımaqdan əl çəkməlidir. O, bu mətləbdən agah olsa, zahidlik yükünü daşıyar. İnsanın zahidlik məramı düz xətt kimi əyilməz olmalıdır. İnsan bu kamillik səviyyəsinə qalxsa, ona heç bir xəta-bəla dəyməz. Hamı yasa batsa da, o yasa batmaz.
Sülh, əmin-amanlıq məqsədi güdən zər yelkənli bayrağın altında olduğu üçün Nizaminin zahidliyi həmişə səfa gətirir.
SİRR SAXLAYAN İLƏ CƏMŞİDİN DASTANI
Cəmşid şahın çox güvəndiyi yaxın bir həmdəmi var idi. O, gündən nur alan Ay kimi şahdan işıq alırdı. Oğlan şaha mehriban münasibət bəsləyirdi. Şah da ona məftun kəsilmişdi. Şah bütün saray əhlindən bu cavanı üstün tuturdu. Ona öz xəlvət işlərindən söz açardı. Etibarda hamıdan artıq olan bir sirr belə bu gəncdən gizli saxlanılmazdı.
Bir gün gənc oğlan şaha yaxın olsa da, ondan uzaqlaşmaq istədi. Onun şahdan uzaq düşməyi yayından çıxan oxa bənzədi. Dəliqanlı gəncin ürəyi sirlə dolu idi. Ancaq o, bu barədə heç kəsə bir söz deyə bilmirdi.
Qonşu ağbirçək qarı bir gün gəlib gördü ki, cavan oğlanın laləyə bənzər yanaqlarından əsər-əlamət yoxdur. Dəliqanlı gəncin sifəti qoca qarının sifətindən artıq solub-saralmış, bənizindən də miskin bir görkəmdə idi. Qarı onun əhvalını görüb dilə gəldi:
– Ey sərv boylum, elə bil xəzan kimi solmusan. Sən ki şah irmağında su içən, bəslənən fidan idin. Sənin ki qismətin sarayda zövqü-səfa çəkmək idi. Bəs necə oldu ki, belə bir sıxıntı səni yaxaladı? Çöhrəndəki bu solğunluq nədir? Kədər və qəm çəkmək qocaların aqibətidir. Belə bir hal heç cavanlara yaraşarmı? Lalə rənginə çalan yanağın nə üçün reyhana dönüb? Sən dünyada şahlıq edən bir şəxsin üzdə-gözdə olanısan. Gərəkdir ki, sənin üz-gözün şahın üz-gözü kimi şölə saçsın. Şahı görməklə adamlar gülər, şadlanar. Kim ki şaha yaxındır, ona məhrəmdir, o, hamıdan şad və bəxtiyar olar. Dəliqanlı gənc söylədi:
– Ay nənə, xəbərin yoxdur ki, mənim sinəmdə sirlə dolu bir xəzinə yatır. Mən səbrimin ucbatından od tutub külə döndüm. Səbrim məni saraldıb bu vəziyyətə saldı.
Şahın calalı kimi könül aləmi də böyükdür. O gövhəri əmanət verənlər kimi sirrini də mənə əmanət vermişdi. Ancaq şahın verdiyi sirlərdən sinəm alışıb yanır. Onun heç birini heç bir kəsə açıb söyləyə bilmərəm. Sirlər ürəyimdə o qədərdir ki, açıb kiməsə deməsəm, o, ürəyimi partladacaq. Bunun çarəsi nədir? Dilimi dişlərimləmi doğrayım? Bircə gülüşümü də sizə ehtiyatlanıram. Elə bilirəm ki, bu gülüşümlə sirrin quşu ağzımdan uçub gedər. Bu gülüşümlə caynağından xilas olmasam, qəlbim qana dönəcək, ömrüm zindana çevriləcək. Hiss edirəm ki, dözməsəm, sirr saxlamağı bacarmasam, həmin gün başım bədənimdən ayrılacaq.
Qarı dedi:
– Çəkin, bunları heç kəsə açma. Öz sirrinin sirdaşı olduğunu bir düşün. Heç bir kəsə güvənib sirrini açma. Hətta kölgədən də ehtiyatlı ol! Onu da özünə yaxın bilmə. Özünə rəva bilirsənmi ki, qılınc ilə al-qanına boyanasan. Ondansa, qızıl kimi saralıb-solmağın yaxşıdır. Eşitmişəm ki, hər gecə baş dilə yalvararaq deyir:
– Çəkin! Sirrini heç kəsə açma! Əgər baş saxlamaq istəyirsənsə, boşboğazlıqdan çəkin. Bütün aləmə gündüz kimi sirrini açma. Dilini saxlayanların nə işi dolaşır, nə də çaşqın vəziyyətə düşürlər. Yersiz hürmək yalnız qudurğan köpəklərin işidir. Kimin dili uzundursa, onun dilini kəsərlər. Dil ağızda gizlənəndə daha gözəldir. Qılınc isə qınında olanda daha möhtəşəm olur. Bu öyüd insanın rahatlığının təminatçısı və rəhmidir. İnsanın başına həmişə dilin ucbatından bəla gəlir. Qanlı ləyəndə başının ah çəkməsini istəmirsənsə, dilini dişinlə kəs! Hər kəsə sirrini açmaqdan daşın! Dilin şəkər olsa belə, dodaqlarını açıb sirrini faş etmə. Bil ki, ağzından çıxan hər sözü kimsə dinləyə və eşidə bilər. Bənövşələr kimi iyini, rayihəni yaymasan, üzülməzsən. Eyibləri görsən də, susmağa, lal olmağa çalış! İndi elə bir vaxtdır ki, gərək çox deyilənləri eşitməzliyə vurasan. Susmaq səni çox bəlalardan xilas edə bilər. Yazarkən də qələminin başını cilovla. Səndən dediyin hər kəlmə üçün hesabat verəcəyini unutma. Axar su kimi pak olmağa çalış! Nə eşitsən, məhəl qoyma. Paklığınla hər şeyi yumağa cəhd göstər. Dünyagörmüş, uzaqgörən kişilər heç vaxt hədlərini aşmazlar. Onlar gecə gördüklərini gündüzlər heç kimə danışmazlar. Ulduzlu göylərə mən heyran qalmışam. Heç vaxt ulduzlar gündüzə gecədən xəbərçilik etməmişlər. Sən bir qədər pərdəli qalmağa çalışmaq istəyirsənsə, gecə gördüyünü, eşitdiyini gündüzlər bir kimsəyə agah etmə. Gecənin sirlərlə dolu ürəyində neçə gizlin xəzinələr var. O, minlərlə işıqlı dürrü qaranlıqda gizlin saxlayır. İldırım kimi odlu ürək sahibləri gördüklərinin yanından saymazyana soruşub keçərlər. Dillə göz yaxın olsa da, gərək onları bir-birindən uzaq tutasan. Həmişə eşqin gizli qalması onu möcüzəyə çevirir. O aşkara çıxanda xarabalıqda bayılaraq öz dəyərini itirir. Sirr düyününü vurarkən din ipliyini seçmək məsləhət bilindi. Həllacın da ipini bu pambıqdan eşib düzəldiblər. Nə qədər ki qönçə açılmayıb bağlıdır, o, rahat və salamatdır. O, açılan kimi qan çanağına dönür. Ağız susmaq səadətinə çatarsa, ağlından keçənləri qəlbinin dililə dilə gətirər. Bu neməti könlünün kasasından yesən, sənə xoş olar. Həm də bu nemət dilinə dəyən kimi atəş kəsilər. Bu gün ən gözəl natiqliyin adı sükutdur. Sükutu üstün tut ki, o səni zəfərə çatdırsın. Könülləri işıqla dolu kəslər sükutu sevərlər. Onlar ağız açmazlar, bəy haqqını onlar özgəsinə bağışlayırlar. Könüllər dünyasında könül sözü lüğətdə gizli saxlanılır. Lüğətdəki bu sözü şərh edən yalnız ürəyin dilidir.
Ey Nizami, sənə qənaət mülkü layiqdir. Çünki dilin hərcayi deyil, əksinə, xəsisdir. Qəlbin isə sonsuz xəzinədir.
HARUN ƏR-RƏŞİD İLƏ СКАЧАТЬ