Название: Azərbaycan şairi Nizami
Автор: Мамед Эмин Расулзаде
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.
Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa bir Azərbaycan şairi də etmişdir.
İran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən, bəlkə də, ən böyük simasını təşkil edən Nizami əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də, daha çox – red.) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.
Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də, o, əlbəttə, bir A z ə r b a y c a n ş a i r i d i r.
Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də – red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik67.
Təkrar edirik: əsərlərini farsca yazmış olmasına rəğmən Nizaminin qeyd etdiyimiz kimi məzmun və hissiyyat baxımından azərbaycanlı bir türk zehniyyəti daşıdığını oxucularımız bu səhifələri çevirdikcə açıqca görəcəklər.
VIII
NİZAMİNİN YARADICILIĞI
Nizami təkcə klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan parlaq bir şairdir. Onun şeiri həm özü yaratdığı yeni janr – eşq əfsanəsi, həm bu janrla tam ahəngdə olan məna – ruhi təhlil, həm özünəməxsus kəskin ifadəli – rəmzi dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş – qüdrətli təsvir, həm yüksəklərdə uçan geniş təxəyyül – parlaq təşbeh, həm də təsadüfə yer vermədən hər şeyi incələyərək anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə – vəhdəti-vücud nəzəriyyəsi ilə eni-boyu ölçüləməyən üstün bir əsərdir.
Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.
N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin, bəlkə də, heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam başqa ifadə ilə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Elə bir sistem ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir.
İnsanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.
Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaqla təmin edilə bilər”.
Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə, bu “söz” İskəndərin möcüzəsində tapılmışdır. Bu möcüzə bugünkü insanlıqla birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır:
– Millətlərə sadə, mənəvi avtoritet ilə nüfuz etmək və ruhlarını anlayaraq varlıqlarına qarşı ehtiram göstərmək!
IX
UNUDULMUŞ NİZAMİ
Bir tərəfdən İslam Şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.
Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdu. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.
Bu şairin, eyni zamanda böyük Azərbaycan şairi olduğunu isə bilən, bəlkə də, heç yoxdu.
Milli oyanış dövrünə daxil olan yeni Azərbaycan da Nizamini layiqincə mənimsəmək üçün yetişməmiş və farsca yazmış olduğunu nəzərə alaraq onun haqqında düşünməyi milli vəzifələrdən xaric, sonrakı işlərdən saymışdır.
Bununla bərabər obyektiv olaraq onu da qeyd etmək lazımdır ki, Nizami düşünən azərbaycanlılar tərəfindən büsbütün unudulmamışdır: məsələn, 1910-cu ildə Gəncə Dram Cəmiyyəti dahi həmyerlisini yada salıb onun xaraba türbəsini təmir etmək üçün bir kitabça çap edərək könüllü şəkildə СКАЧАТЬ