Название: Azərbaycan şairi Nizami
Автор: Мамед Эмин Расулзаде
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
Gəncə gözəl sənət əsərləri ilə məşhurdur. Hazırda Gürcüstanın Kutaisi vilayətinin Gelati monastırında saxlanan və yüksək sənət əsəri olan Dəmir qapı XII əsrin birinci yarısında zəlzələ zamanı (30 sentyabr 1139 – red.) gürcü kralı Dimitri tərəfindən xarabazara çevrilmiş Gəncədən qəsb edilib Gürcüstana aparılmışdır60.
Bu qısa qeydlərdən Şirvanşahlarla Pəhləvanilər (Atabəylər) dövrü XII əsrdə Azərbaycanın qabaqcıl bir ədəbiyyat mərkəzi olduğu aydın olur; yıxıb-dağıdan zəlzələlər, yandırıb-yaxan müharibələrə baxmayaraq az da olsa, Təbrizdə, Bakıda, Naxçıvanda və başqa yerlərdə indiyə qədər ucalan memarlıq abidələri öz mötəbər şahidlikləri ilə ölkənin o zamankı əzəmətini təsdiq edir.
XII əsrdə yalnız Azərbaycan deyil, bütün Qafqaz nisbi rifah içində yaşamışdır. Bu baxımdan Gürcüstan krallığı da tarixinin parlaq bir çağını – kraliça Tamar ilə şair Rustavelinin dövrünü yaşayırdı. Bu dövrdə Gürcüstan və Azərbaycan arasında geniş surətdə bir dostluq və səmimiyyət var idi. Bu yaxşı münasibət, xüsusilə, Şirvan şahları və Gürcü kralları arasındakı qohumluq əlaqəsi ilə qüvvətlənmişdi.
Şirvanşah Axsitanın anası gürcü kralı IV Davidin qızı idi. Gürcü salnaməçilərinin dediklərinə görə, Axsitanın ruslar əleyhinə qazandığı zəfərdə gürcülər bir müttəfiq sifəti ilə iştirak etmiş və həmin qələbənin şəriki olmuşlar.
İki ölkə arasında mədəniyyət sahəsində daha çox və böyük əlaqələr var idi. Yaxın Şərq mədəniyyəti təsiri altında olan Gürcüstan sarayında şairlərə göstərilən himayə Azərbaycanda mövcud olan ənənə və dəbə təqliddən irəli gəlirdi61. Tiflisdə kral David tərəfindən müsəlman şair və sufilər üçün bir mədrəsə tikilmişdi. Tamarın özü şəxsən o zamankı Azərbaycanda himayə edilməklə yaranan ədəbiyyatın xüsusi təsiri altında idi62. Gürcüstanın böyük şairi Şota Rustaveli Yaxın Şərq mədəniyyəti ilə möhkəm əlaqələr və çarpaz düyünlərlə bağlı olub, azərbaycanlı müasirlərindən və şəxsən Nizamidən ilham almışdır63.
Qafqaz Qərb və Şərq mədəniyyətinin qarşılaşdığı bir keçid idi. XII yüzillikdə bu keçid hər iki mədəniyyətin qarşılıqlı təsirini bilavasitə duymuşdur. Əsərini gürcücə yazmış Şota Rustaveli məzmun və ideyalarını, demək olar ki, bütünlüklə Şərqdən alaraq xristian ikən müsəlmanlaşmışdır. Hətta onun müsəlman olduğu haqda bir çox rəvayətlər vardır. Fanatik keşiş və din xadimləri Şota Rustavelinin əsərləri “xristianlığa ziddir” deyə onu xristianlıqdan və kilsədən rədd etmişlər64. Halbuki əsərlərini farsca yazmış Şirvanlı Xaqani müsəlman olmağına baxmayaraq əsərlərində xristianlığın bir çox ideyaları və terminlərinə bolluca yer vermişdir. Müsəlman Qafqazı ilə xristian Qafqazı arasındakı bu qarşılıqlı ünsiyyəti biz dövrünün ən böyük nümayəndəsi olan Nizamidə də görürük. Hissiyyatca türk və müsəlman olan şairin yaratdığı ən gözəl obrazın – Şirinin qafqazlı bir erməni şahzadəsi olması təsadüfi deyildir.
VI
MİLLİYYƏT BAXIMINDAN ƏDƏBİYYATDA FORMA VƏ MƏZMUN
Şərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.
Kök salmış bu yanlış təsəvvürə baxmayaraq Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun “Gəncəvi” olmasından irəli gəlmir.
Gəncəli Nizaminin bütün varlığı ilə Azərbaycanla bağlı olmasını onun tərcümeyi-halını yazarkən imkan dairəsində aydınlaşdıracağıq. Onun mənəvi varlığından bəhs edərkən demək lazımdır ki, yazdığı dilin farsca olmasına baxmayaraq şairin daşıdığı hissiyyatı ilə işlədiyi mövzular onun Azərbaycan duyğularından doğmuş bir zövqə sahib olduğunu göstərməkdədir.
Burada biz yaşadığımız günlər üçün aktual olan bir məsələyə toxunmalıyıq – Ədəbi bir əsərin milli olması üçün yalnız onun formaca milli olması kafidirmi? Yoxsa bir əsəri milliləşdirən ruh, məna və məzmundur?
Bizim qənaətimizcə, yalnız forma kafi deyil və formanın böyük əhəmiyyətinə baxmayaraq o, zəruri də deyildir. Hər bir əsəri milliləşdirən onun məzmunu və daxili varlığının milli olmasıdır. Bu iki amil arasında ahəng olmadığı təqdirdə, bizə görə, əsəri milliləşdirən amil formadan çox məzmun və özlüyü, başqa ifadə ilə desək, dildən çox məna və məzmundur. Yabançı, özgə dildə yazılmış bir əsər daşıdığı məna və ruha görə müəyyən şərtlər içində milli ola bilir. Əsrimizin ədəbi hadisələri arasında bu müddəanın misallarını istədiyimiz qədər tapa bilərik. Hər hansı bir əsəri yazıldığı dilə görə həmin dildə danışıb yazan xalqın milli əsəri kimi qəbul edilməyi lazım gəlsə, iyirmi ildən bəri Azərbaycan türkcəsi ilə yazılmış bir çox cəfəngiyyatı (sovet ideologiyasına xidmət etmiş sifarişli ədəbiyyata işarədir – Ə.Q.) ədəbiyyat deyə qəbul etməmiz lazım gəlir. Və ya belə olursa, onda Osmanlı klassiklərindən bir çoxu kimi Nəfinin:
Türkə haq çeşmeyi-irfanı haram etmişdir,
Eyləsə hər nə qədər sözlərini sehri-həlal;
və ya:
Necə söz söylənür ol yerdə kim şair sanur kəndin,
Qələtpərdazi – məna bir müzəvvir Türki-layəfhəm65.
beytlərinə bənzər və bunlardan daha kəskin bir türk düşmənliyi ilə tanınmış, “türk” sözünü bayağılığın, qəddarlığın, idraksızlığın, kobudluğun qarşılığı olaraq işlətmək çirkinliyini və murdarlığını göstərən bir çox türkcə yazan şairlərin divan ədəbiyyatına keçmiş misra və mənzumələrini də “milli ədəbiyyat” kimi qəbul etməliyik.
Yaxşı məlumdur ki, finlərin məşhur vətənsevər şairləri əsərlərini isveç dilində yazmışlar, lakin buna baxmayaraq onlara milli şair kimi qəhrəman Finlandiyanın paytaxtında heykəllər ucaltmışlar. Bunun kimi ingilis hakimiyyətinə qarşı milli azadlığı tərənnüm edən İrlandiya ədəbiyyatı da müəyyən bir zamanda ingiliscə yazılmışdır66. Həmin vəziyyətə Hindistan şəraitində də rast gəlirik. Rabindranat Taqorun hind varlığını və mədəniyyətini müdafiə edən ingiliscə yazdığı əsərlər, şübhəsiz ki, milli əsərlərdir.
Bu şəkildə düşünərkən formanın əhəmiyyətini azaltmaq niyyətində deyilik. Dilin çox zaman millilik nöqteyi-nəzərindən məzmun üzərində СКАЧАТЬ