Название: 80 gün dünya ətrafında
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952244502
isbn:
– Bilirəm, – Foq dilləndi. – Elə ona görə də sizə irad tutmuram. On dəqiqədən sonra biz Duvra yola düşəcəyik. Oradan da Kaleyə.
Paspartunun üzündəki ifadədən hiss olundu ki, eşitdiklərinə inanmır.
– Müsyö gedir? – o, təəccüblə soruşdu.
– Bəli, – Foq sakit səslə cavab verdi. – Biz dünya səyahətinə çıxırıq.
Paspartunun bu dəfə gözləri lap kəlləsinə çıxdı.
– Dünya səyahətinə?!
– Səksən günlük, – Foq sakitcə dilləndi. – Odur ki bir saniyə də vaxt itirə bilmərik.
– Bəs çamadanımızı yığmayacağıq?
– Çamadana ehtiyac yoxdur. Yol çantası kifayət edər. İçinə bir-iki köynək, üç-dörd cüt corab qoyun, vəssalam. Qalan şeyləri yoldan alarıq. Əyninizə rahat paltar geyinin. Hə, makintoşumla[11] qalın şərfimi də götürün. Cəld olun.
Paspartunun deyilənlərə əməl eləməkdən başqa çarəsi qalmadı. O öz otağına gedib taqətsiz halda stula çökdü. Sonra qalxıb deyinə-deyinə yola hazırlıq görməyə başladı: «Belə olmaz, bu lap ağ oldu. Guya bu evdə sakit həyat sürəcəkdim. Necə yəni, səksən günə bütün dünyanı gəzəcəyik?! Bu cənabın ağlı yerindədir, ya yox? Yoxsa mənimlə zarafat eləyir?»
Lakey bir az sakitləşəndən sonra yenə öz-özünə danışmağa başladı: «O necə dedi, əvvəl Duvra, oradan da Kaleyə? Kaleyə gediriksə, yəqin, Parisə də baş çəkərik. Beş ildir Fransaya ayağım dəymir, heç olmasa, vətənimi görərəm».
Paspartu cənab Foqun əşyalarını bir sakvoyaja[12] yığaraq özünə də bir-iki dəyişəcək götürüb saat 8 tamamda ağasının yanına yollandı. Ev sahibi artıq yola çıxmağa hazır idi. O, əlində Corc Bredşounun «Dəmiryolları üzrə bələdçi» kitabını tutmuşdu. Bu kitabla bütün dünyanı gəzib-dolaşmaq mümkün idi. Foq lakeyin əlindən yol çantasını alıb ağzını açdı. Bir dəstə təptəzə əsginası çantaya qoyub soruşdu:
– Heç nə yaddan çıxmadı ki?
– Xeyr, müsyö, – Paspartu cavab verdi.
– Çantadan muğayat olun. Orada iyirmi min funt var.
Lakeyin yenə təəccübdən gözləri bərələ qaldı. Az qaldı çantanı əlindən yerə salsın.
Dilican[13] stansiyası Fileas Foqun yaşadığı küçənin başında idi. Cənab Foqla lakeyi bir arabaya oturub vağzala yollandılar. 9-a 20 dəqiqə işləmiş araba vağzalın qarşısında dayandı. Foq lakeyindən xahiş elədi ki, Parisə, birincidərəcəli vaqona iki bilet alsın. Centlmen bu sözləri söyləyəndən sonra mərc gəldiyi centlmenlərin yaxınlıqda dayanıb onları izlədiyini gördü.
– Cənablar, mən gedirəm, – Foq dedi. – Qayıdandan sonra hansı ölkələrdə olduğumu pasportuma vurulan viza möhürlərindən anlaya bilərsiniz.
– Buna ehtiyac yoxdur, cənab Foq! – dostlarından biri dilləndi. – Biz sizin necə dürüst centlmen olduğunuzu bilirik.
– Lap yaxşı, – Foq dedi. – Düz səksən gündən sonra – 21 dekabr 1872-ci il şənbə günü 9-a 15 dəqiqə qalmış görüşənədək! Salamat qalın, cənablar!
Saat 9-a 20 dəqiqə qalmış Fileas Foqla onun lakeyi artıq öz kupelərində oturmuşdular. Beş dəqiqə sonra fit səsi eşidildi və qatar yerindən tərpəndi.
Hava qaralmışdı. Narın yağış damlaları vaqonun pəncərəsini döyəcləyirdi. Qatar hələ Saydenhemi keçməmiş Paspartu qəfildən qışqırdı.
– Sizə nə olub? – Foq soruşdu.
– Mən, mən… – Paspartu kəkələməyə başladı. – Tələsdiyimdən unutdum…
– Nəyi?
– Otağımdakı qaz lampasını söndürməyi…
– Nə etmək olar, – Foq sakit səslə dedi. – Deməli, biz qayıdana kimi lampa sizin hesabınıza yanacaq.
5
Cənab Foq Londonu tərk edərkən təsəvvürünə də gətirməzdi ki, onun səfəri bu qədər səs-küy doğuracaq. Mərclə bağlı söz-söhbət əvvəl «Reform» klubunda yayıldı, sonradan isə qəzet səhifələrinə yol açdı. Tezliklə Birləşmiş Krallığın hər yerində bu barədə danışmağa başladılar. Adamların çoxu centlmenin səksən gündə dünyanı dövr edəcəyinə inanmırdı.
Oktyabrın 7-də «Kral Coğrafiya Cəmiyyəti» nin xəbərlərində uzun bir məqalə dərc olundu. Məqalədə yazılanların hamısı bizim səyyahın əleyhinə idi. Coğrafiyaşünaslar bu fikirdə idilər ki, səksən gündə dünyanı dolanmaq üçün bütün nəqliyyat vasitələrinin – qatarların, gəmilərin çatma və yoladüşmə vaxtı bir-birinə uyğun gəlməlidir. Bu isə qeyri-mümkün idi. Üstəlik, texniki problemlər, əlverişsiz hava şəraiti də səyahətçiyə əngəl yarada bilərdi.
Tezliklə təkcə «Reform» klubunun üzvləri deyil, digər cənablar da Foqun səyahəti ilə bağlı bəhsə girişdilər. Adamlar cıdır yarışlarına pul qoyurmuşlar kimi cənab Foqun səksən günə səyahətini başa vurub-vurmayacağı ilə bağlı mərc gəlirdilər. Əgər centlmen yenicə yola çıxdığı vaxt onun səyahətini uğurla başa vuracağına pul qoyanlar daha çox idisə, məlum məqalədən sonra buna inanmayanların sayı dəfələrlə artdı. Beləliklə, artıq əksəriyyət Foqun mərci uduzacağına inanmağa başlamışdı.
Həmin günlərdə qəribə hadisə baş verdi: Fiks adlı xəfiyyə Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisindən teleqraf aldı. Teleqrafda bank oğurluğu ilə bağlı əsas şübhəlinin əlamətləri təsvir olunmuşdu. Çox keçmədən Londona teleqrafla aşağıdakı məlumat göndərildi:
Süveyşdən Londona. Skotlend-pleys Mərkəzi Polis İdarəsinin rəisi Rouenə.
Mən ingilis bankını qarət etmiş şəxsin – Fileas Foqun izinə düşmüşəm. Təcili həbs qərarını Bombeyə (Britaniya Hindistanı) göndərin.
İmza: polis xəfiyyəsi Fiks
Bu teleqram Londona çatar-çatmaz hər şey dəyişdi: artıq hörmətli centlmen getmiş, onun yerini İngiltərə bankını СКАЧАТЬ
11
12
13