Üç Muşketyor. Александр Дюма
Чтение книги онлайн.

Читать онлайн книгу Üç Muşketyor - Александр Дюма страница 3

Название: Üç Muşketyor

Автор: Александр Дюма

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241266 

isbn:

СКАЧАТЬ Budur ha, deyəsən, gəlirlər.

      Dartanyan Atosun göstərdiyi səmtə baxanda Aramislə Portosu görüb heyrətləndi.

      – Mən bu cənablarla da vuruşacağam.

      – Bu necə işdir? – Atos təəccübləndi.

      – İndi ki hamınız yığışmısınız, cənablar, icazə verin sizdən üzr istəyim.

      “Üzr istəyim” sözlərini eşidəndə Atos qaşlarını çatdı, Portosun üzündə lovğa bir təbəssüm göründü, Aramis isə dodaqlarını həqarətlə büzdü.

      Dartanyan qürurla başını dik tutub dedi:

      – Mənim sözümü yaxşı başa düşmədiniz, cənablar. Atosun məni hamıdan qabaq öldürmək haqqı var, qorxuram sizə olan can borcumu ödəyə bilməyəm. Yalnız buna görə sizdən üzr istədim. İndi isə başlayaq!

      Atosla Dartanyanın qılıncları bir-birinə yenicə toxunub cingildəmişdi ki, cənab de Jüssakın komandanlığı altında bir dəstə kardinal qvardiyaçısı monastırın önündə göründü.

      Jüssak onlara yaxınlaşıb əmr etdi:

      – Ey, muşketyorlar! Kardinalın duel barədə fərmanını, bəlkə, unutmusunuz? Qılıncınızı qına qoyub dalımca gəlin. Əgər tabe olmasanız, zorla apararıq.

      Atos yoldaşlarına yavaşca dedi:

      – Onlar beş nəfərdi, biz üç. Yenə bizi üstələyəcəklər. İkinci dəfə məğlub olub kapitanın üstünə qayıtmaqdansa, ölmək yaxşıdır.

      Dartanyan üzünü Atosla dostlarına tutub:

      – Cənablar, mənə elə gəlir ki, biz dörd nəfərik, – dedi. – Ayrı qiyafədə olsam da, qəlbən mən də muşketyoram.

      Jüssak gendən-genə onun fikrini başa düşüb:

      – Siz gedə bilərsiniz, cavan oğlan, – dedi.

      Dartanyan yerindən tərpənmədi:

      – Namusuma and içirəm, lap məğlub olsaq da, buradan gedən deyiləm.

      – Nə qərara gəldiniz? – Jüssak soruşdu.

      – Biz sizə hücum çəkmək şərəfinə nail olacağıq, –Aramis qılıncını siyirib cavab verdi.

      Bu sözlərdən sonra doqquz nəfər bir-birinin üstünə atıldı.

      Dartanyan de Jüssakın özüylə üz-üzə gəldi. Jüssak təcrübəli olsa da, gənc qaskoniyalı çevikliyi, cəldliyi sayəsində zərbələrdən yayınıb dalbadal hücumlar edirdi. Gənc oğlanın bu inadla döyüşməsindən qəzəblənən Jüssak qızışıb səhvlərə yol verməyə başladı. Belə səhvlərin birində Dartanyan ilan kimi sivişib qılıncını onun sinəsinə elə soxdu ki, ucu kürəyindən çıxdı. De Jüssak çul kimi yerə sərildi.

      İki qvardiyaçı ilə vuruşan Aramis də düşmənin birini öldürmüşdü. Dartanyan bu vaxt qüvvəsi tükənmiş yaralı Atosun köməyinə tələsdi.

      Biri öldürülən, dördü yaralanan qvardiyaçılar, nəhayət, təslim oldular. Muşketyorlar təslim olan qvardiyaçıların qılınclarını götürüb cənab de Trevilin evinə sarı yönəldilər. Darvazadan içəri girəndə Dartanyan öz yeni dostlarına dedi:

      – Hələ muşketyor olmasam da, hər halda, şəyirdliyə götürülmüşəm, elə deyilmi?

      Kral XIII Lüdovikin4 mükafatı

      Bu hadisə böyük hay-küyə səbəb oldu. Cənab de Trevil tələsik saraya getsə də, kardinal onu qabaqlayıb krala muşketyorlardan şikayətlənmişdi. Ancaq de Trevil kralı inandıra bildi ki, kardinalın qvardiyaçıları birinci hücum çəkiblər, muşketyorlarsa yalnız özlərini müdafiə ediblər.

      – Üç muşketyor olub, bir nəfər də cavan oğlan, – de Trevil dayanmadan danışırdı, – onlar cənab kardinalın beş qorxunc qvardiyaçısından nəinki qoruna biliblər, hətta onlardan dördünü yerə səriblər. Əlahəzrət, bunu da deməliyəm ki, muşketyorlardan biri əvvəlcədən yaralı idi.

      – Bu ki qələbədir! – kral heyranlıqla dedi. – Deməli, biri yaralı, biri də cavanca uşaq, eləmi?

      – Məhz o uşağın de Jüssakı yaralaması kardinalı belə qəzəbləndirib.

      Kral döyüş barədə söhbətləri xoşladığından de Trevili dönə-dönə danışdırıb tapşırdı ki, muşketyorları onun yanına gətirsin.

      Kardinal görməsin deyə, de Trevil ertəsi gün muşketyorları Luvra arxa qapıdan gətirdi.

      Kral üç muşketyorla Dartanyanı diqqətlə süzüb:

      – Bura gəlin, qoçaqlar, – dedi, – mən gərək sizi danlayam. İki-üç günün içində kardinal həzrətlərinin bir xeyli qvardiyaçısını vurub sıradan çıxarmısınız, cənablar! Belə getsə, kardinal bütün bölüyünü təzələyəsi olacaq.

      – Əlahəzrət özü görür ki, onlar nə qədər xəcalət çəkirlər, tutduqları işdən peşmandırlar, – de Trevil dilləndi.

      – Deyirsən peşmandırlar? Mən bu riyakarlara çox da etibar etmirəm. Xüsusən bu qaskoniyalıdan heç gözüm su içmir. Bura buyurun, cənab.

      Dartanyan xəcalət çəkə-çəkə irəli yeridi.

      – Bu ki lap uşaqdır, cənab de Trevil. Jüssaka elə dəhşətli zərbəni bu uşaq vurub?

      – Hələ o, mənə kömək etməsəydi, – Atos söhbətə qarışdı, – bu gün əlahəzrətin hüzurunda dayanmaq şərəfi mənə qismət olmayacaqdı.

      – Elə isə bu cavan oğlan lap şeytandır. Cənab de Trevil, bu gənci yeznəniz Dezessarın qvardiya bölüyünə göndərin. – Kral üzünü yenə onlara sarı çevirdi: – Mən sizdən razıyam, cənablar. Bu da mənim razılığımın sübutu.

      Bunu deyib kral bir ovuc qızıl pulu – qırx pistolu Dartanyanın ovcuna tökdü.

      Saray fitnəsi

      Dünyada hər şeyin bir sonu olduğu kimi, kral XIII Lüdovikin verdiyi qırx pistol da xərclənib qurtardı. Çətin vəziyyətə düşən dostları bir müddət Atos öz hesabına saxladı. Atosdan sonra bu işi Portos gördü. Bir gün də növbə Aramisə çatdı. O da dini kitablardan satıb qazandığı bir neçə pistolu dost yolunda xərclədi.

      Macəra axtaran bütün adamlar kimi Dartanyan da dostlarının əslində kim olduqlarını bilməyə çox can atırdı. Bu cavanların hər biri gerçək soyadını gizlədirdi. Həqiqət yalnız de Trevilə bəlli idi.

СКАЧАТЬ



<p>4</p>

IV Henrixin və Mariya Mediçinin oğlu kral XIII Lüdovik (1601-1643) 1610-cu ildə (9 yaşında ikən) hakimiyyətə gəlib.