Название: Gözəlçə
Автор: Süzanna Şaybler
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243420
isbn:
– Mən nəsə yeməliyəm. Həm də unutma ki, o mənzil mənimkidir.
Kit rəfiqəsindən incimirdi, bununla belə, Vivyenə göstərmək istəyirdi ki, onu idarə etməsinə imkan verməyəcək. Kit barın piştaxtasına qoyulmuş boşqabdan üç-dörd şəkərli meyvə götürüb onları salfet kağızının üstünə qoydu.
– Sənsə yaddan çıxarma ki, mən də orada yaşayıram, – Vivyen əsəbi halda cavab verdi.
– Sən bura qara qəpiksiz gəlmişdin. Mənimsə mənzilim, pulum vardı. Sənə babat iş tapdım. Amma neyləyim ki, bu Karlos məni sıxışdırır. Ağzına nəsə atmalı oldum. Tanrı xatirinə, məndən əl çək. Ədalətsizlikdir bu!
Barmen Pope şəkərli meyvələrin bir-birinin ardınca Kitin ağzında necə yoxa çıxdığını qaşqabaqla seyr edirdi. Nəhayət, barmen dözməyib donquldandı:
– Bizdə özünəxidmət deyil.
– Mən səndən əl çəkim? – Vivyen öcəşdi. – Kit, mən indicə ölmüş bir qızın zibil yeşiyindən necə çıxarıldığını gördüm! – O bunu deyib piştaxtanın qarşısındakı kətilə əyləşdi.
Kit söhbəti bitmiş hesab edib getməyə hazırlaşırdı, amma Vivyenin son sözlərini eşidəndə ayaq saxladı, rəfiqəsinə tərəf döndü:
– Bilirəm. Sısqa Meriydi. Onun axırı gəlmişdi. Yediyi də, içdiyi də kokain idi. Bir vaxtlar Dominik çalışdı ki, ona tərgitdirsin, amma bacarmadı!
Piştaxtanın o biri başında hay-küy qopdu – kimlərsə nəyisə bölə bilmirdilər. Kitlə Vivyen bir qədər mübahisəni izlədilər. Az sonra Vivyen yenidən üzünü rəfiqəsinə tutdu:
– Sən bilirsən ki, mən buradan canımı qurtarmaq istəyirəm? – o, sarsıldığını gizlətmirdi. – Sənin heç belə bir istəyin olur?
– Canını qurtarmaq? – Kitin gözləri bərəldi. – Canımızı qurtaranda hara gedəcəyik? Bəlkə, deyəsən? – O, ümidsizliklə əlini yellədi: – Yox e, mümkün deyil.
Doğrudan da, Hollivud bulvarında bədənini satan qızlar öz həyatlarını necə dəyişə bilərdilər?
Onlar küçəyə çıxdılar və bulvardakı daimi «ov» yerlərinə doğru getdilər.
Bulvarda istənilən qədər fahişə var idi, amma gözəlçələrdən hər biri küçənin yalnız özünə aid hissəsində «işləməli», başqasının «ərazisinə» girməməliydi.
Rəfiqələr hələ uzaqdan görmüşdülər ki, onların yeri tutulub. Yayxanaraq ağaca söykənmiş qızı da tanıyırdılar.
Kit hirsli-hirsli «işğalçı»nın üstünə yüyürdü.
– Ey, Reyçel!
Ağ-qara damalı paltarı əndamına kip oturmuş kürənsaçlı fahişə ağacdan həvəssiz aralandı.
– Nədi? Nədənsə narazısınız?
– Aha, düz bilmisən, narazıyıq! – Kit başını tərpətdi. – Sən səkidəki bu ulduzları görürsən? Yoxsa gözlərində problem var?
Reyçel cavab verdi:
– Hə, görürəm.
– Görürsənsə, lap əla! – Kit barmağı ilə dünya məşhurlarının adları həkk olunmuş ulduzlu haşiyələri göstərdi: – Bob Houpdan Rits qardaşlarına, Fred Asterədək, sonra da Ella Fitsceraldadək Vivyenlə bizim ərazimizdir, biz buranı tutmuşuq. Odur ki itil öz küncünə!
– Ah, bağışlayın, – deyə Reyçel saxta nəzakətlə mızıldandı. – Mən heç də burada qışlamağa hazırlaşmırdım.
O, Vivyenə çəpəki nəzər salıb əlavə etdi:
– Yeri gəlmişkən, bu, hələ təzədir…
– Nə olsun? Mən ki köhnəyəm! – Kit balasından ötrü narahat olan dişi pələng kimi hədə dolu nəzərlərlə Reyçelə baxdı və bununla onun gətirdiyi dəlili puça çıxardı. – Qışlamaq üçünsə Ester Uilsonun ulduzunu seç!
Vivyen onun səhvini düzəltdi:
– Ester Uillyams…
– Ester Uillyams, – Kit təkrarladı. – Sənin yerin oradır!
– Yaxşı, özündən çıxma, – Reyçel əzilib-büzüldü. – Sən elə naqqal, elə çərənçi olmusan ki, adam üzünə baxa bilmir! – Qız bunu deyib arxasını onlara çevirdi, ombalarını yellədə-yellədə hündürdabanlarını taqqıldatdı və məğrur yerişlə uzaqlaşdı.
Kit heyrətlə onun dalınca baxdı, qaşlarını çatdı və Vivyendən soruşdu:
– Yəni mən doğrudan çərənçiyəm?
– Doğrudan, – Vivyen cavab verdi, amma rəfiqəsinin pərt olduğunu görüb gülümsədi: – Hərdən…
Kit köksünü ötürdü:
– Ona görə ki mən həmişə acam. Təcili yemək lazımdır. Deyirlər, çərənçilik aclıqdan olur!
Kit susdu, səkinin qırağı ilə yavaş-yavaş gedən maşından bir kişi ona fit çaldı.
– Ey, bacıcan!
Kit maşına yaxınlaşdı:
– Nədi, əzizim? Nəsə lazımdı? – o, fit çalan kişinin yanında daha iki nəfərin olduğunu gördü: bu adamlardan biri maşın sürürdü, digəri arxa oturacaqda əyləşmişdi.
– Gedək, balaca. Mənim ad günümdür. Bu münasibətlə gecə mənimlə havayı yatacaqsan! – deyə sürücünün yanında oturmuş kişi qışqırdı.
– Başın xarab olub, atacan? – Kit irişdi və geri – Vivyenin yanına qayıtdı.
Vivyen kepkasını çıxarıb parikini qaydaya salmağa çalışır, hamar sarı saçlarını sığallayırdı:
– Bu gün buralar dəlixanadır.
– Məncə də elədir, – Kit başını tərpətdi. – Bura bax, bəlkə, biz qadın alverçiləri ilə iş quraq? Karlosun səndən xoşu gəldi.
– Yox bir! O da dərimizə saman təpsin? Qazancımız daha da azalacaq.
– Yenə də sən haqlısan, – Kit burnunu çəkdi və rəfiqələrin azadlığa münasibətini ifadə edən şüarı xatırladı:
– Kiminlə, nə vaxt, neçəyə getməyə özümüz qərar veririk!
Fənər СКАЧАТЬ