Название: Gözəlçə
Автор: Süzanna Şaybler
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243420
isbn:
Elizabet yaxşı bilirdi ki, boşanmış qadınların Hollivudda dəyəri yoxdur: onları kimsə saymır, böyük ziyafətlərə və məclislərə dəvət etmir. Bir sözlə, onlar cəmiyyətdə heç bir rol oynamırlar.
Buna görə də Elizabet ərinin kredit kartlarından istifadə imkanının qarşılığında Filin kiçik xətalarını görməzliyə vururdu. Əvəzində Elizabetin gündəliyi dəvət edildiyi ziyafətlər barədə qeydlərlə həmişə dolu olurdu və o da öz dəvətlərinə heç vaxt kimsədən imtina cavabı almırdı. Beləcə, Elizabet həm Hollivudda, həm də Beverli Hillzdə hörmətli şəxs sayılan missis Staki olaraq qalmağa üstünlük verirdi.
Təbii ki, Elizabet fəxri qonağın məclisi belə erkən tərk etməsini öz şəxsi məğlubiyyəti kimi qiymətləndirirdi. Buna görə də ərinin kürən saçlı qadınla intim münasibətlərinə müdaxilə edərkən xeyli həyəcanlı idi. Qadının soyadı Elizabetin yadında deyildi, adı isə, deyəsən, Ellison idi.
– O gedir! – deyə Elizabet qışqırdı. – Edvard gedir!
Cəmi bir dəqiqə əvvəl Fil ehtiraslı nitqləri ilə Ellisonu onunla daha yaxından tanış olmağa razı sala bilmişdi. O, qınayıcı nəzərlərlə arvadına baxdı, amma otağı təcili tərk etməli olduğunu anlayıb Ellisondan üzr istədi və tələsik ayağa qalxdı. Hərçənd belə bir şəraitdə iki qadını otaqda təkbətək qoymaq heç münasib deyildi. Qaşlarını düyünləyib əllərini belinə dayamış Elizabetin Ellisonu başdan-ayağa necə süzdüyü Filipin diqqətindən yayınmamışdı. «Aman Tanrım, Elizabet qısqanclıqdan həngamə qoparmaz ki?» Ancaq Staki bu ani fikri tez beynindən çıxardı: indi münasibətləri ayırd etməyin vaxtı deyildi. Üstəlik, o bilirdi ki, arvadı belə məsələlərə görə qalmaqal salmağa adət etməyib.
Eyni vaxtda Edvard Lyüis öz maşınına çatmağa çalışırdı. Oteldə onun ixtiyarına sürücüsü ilə birlikdə gümüşü metal rəngli limuzin vermişdilər. İndi həmin limuzin Stakinin villasının qarşısındakı digər avtomobillərin arasında sıxılıb qalmışdı. Onun yerindən tərpənməsi mümkün deyildi. Burdakı maşınlardan təkcə biri, eynilə gümüşü rəngli «Lotus-Esprit» idman avtomobili duracaqdan maneəsiz çıxa bilərdi.
Edvard maşın sahiblərinin açar saxladıqları qutunun böyründə iki yapon xidmətçini gördü. O, «Lotus»u göstərib soruşdu:
– Mister Stakinin maşınıdır?
Xidmətçilər çaşdılar, əvvəl baxışdılar, sonra eyni vaxtda başlarını tərpətdilər. Onlardan biri nəzakətlə cavab verdi:
– Bəli, ser, mister Stakinin maşınıdır.
Edvard «Lotus»a yaxınlaşanda arxadan Filin səsini eşitdi. Vəkil tövşüyə-tövşüyə çıxış zolağı ilə qaçır və nəsə qışqırırdı:
– Sən hara? Nədir, gedirsən?
Edvard etiraz qəbul etməyən tərzdə əlini vəkilə uzatdı:
– Zəhmət olmasa, maşınının açarını ver.
– Nə üçün? – Fil heyrətini gizlətmədi. – Səninkinə nəsə olub?
– Heç nə olmayıb, sadəcə, onu araya alıblar. Derril çıxa bilmir, – deyə Edvard yaxınlıqda divara söykənib həmkarlarından biri ilə söhbət edən qırmızıdərili sürücüsünü göstərdi. Sürücü Edvardla Filipin ona baxdıqlarını görüncə təəssüflə çiyinlərini çəkdi.
– Zəhmət olmasa, açarları ver, – Edvard xahişini təkrar etdi.
Stakinin etiraz cəhdi uğursuz oldu.
– Al, – deyə o, Edvardı dilə tuta biləcəyinə ümid yeri qalmadığı üçün açarları verdi. – Amma yaxşı olar ki, maşını özün sürməyəsən, iş səni çox yorub. Bəlkə, heç mənim maşınımda işin olmasın? Yaxşısı budur, deyim, səni gətirən maşın üçün yolu açsınlar.
– Haydı, tez yolu açın! – deyə o, yerində donub-qalmış yapon xidmətçilərin üstünə qışqırdı. – Bu avaraları görüm lənətə gəlsinlər.
Edvardın artıq «Lotus»un sükanı arxasına keçdiyini görən Filip özünü maşının üstünə atdı:
– Dayan, Edvard, xahiş edirəm! Sən, heç olmasa, sürəti dəyişməyi bacarırsan?
Edvard motoru işə saldı.
– Niyə bacarmıram?
– Bunda avtomat sürət qutusu deyil, adi mexanikadır! Sən axı, deyəsən, heç belə maşın sürməmisən, – Filip sakitləşmək bilmirdi. Edvard onun canfəşanlığını görüb qımışdı:
– Birtəhər baş açaram.
– Ehtiyatlı ol, yalvarıram! Maşın təptəzədir.
Edvard sürətlər qutusunun dəstəyindən yapışıb yana çəkəndə xırçıltı səsi eşidildi. Filipi az qaldı ki, iflic vursun.
– Tanrı xatirinə, durrr… Sən qalsan, yaxşı olar… – o, əllərini sinəsində çarpazlayıb yalvardı.
Edvard zəhləsini tökən milçəyi qovurmuş kimi əlini yellədi:
– Hər şey yaxşı olacaq, narahat olma.
Güclü motor nərildədi və maşın yerindən qopdu. Darvazaya çatanda «Lotus» dayandı. Filip Staki maşına tərəf yüyürdü.
– Araban xoşuma gəlir! – Edvard pəncərədən qışqırdı.
– Mənim də! Bax ha, ehtiyatlı ol! Axı sən onun dilini bilmirsən…
Sürətlər qutusunun içindəki çarx bir də vəhşicəsinə dişlərini xırçıldadanda Filip başını tutdu və qışqırdı:
– Sən qaranlıqda azacaqsan!
Maşının təkərləri vıyıldadı. O, yola çıxdı və… doğrudan da, Edvardın qaldığı mehmanxanaya əks istiqamətdə şütüdü.
– Ora yox! Beverli Hillz yamacdadır!..
Amma Edvard artıq Filipi eşitmirdi. «Lotus» nərildəyə-nərildəyə dolanbac dar küçə ilə uçurdu.
Edvard Lyüis həqiqətən mexaniki sürətlər qutulu avtomobilə alışmamışdı. Ümumiyyətlə, o, maşını yaxşı idarə edə bilmirdi, buna görə də, adətən, şəxsi sürücüsünün, reaktiv təyyarəsinə minməli olanda isə pilotunun xidmətindən istifadə edirdi. Təəccüblü deyildi ki, o, bir neçə dəfə döngəni həddən artıq yüksək sürətlə buruldu, əyləci basanda az qaldı ki, motoru söndürsün. Bir yerdə isə «Lotus» elə sıçradı ki, o, Edvard şosedən çıxıb maşını saxladı.
– Lənətə СКАЧАТЬ