Hekayələr. Иван Бунин
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Иван Бунин страница 7

Название: Hekayələr

Автор: Иван Бунин

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242621 

isbn:

СКАЧАТЬ iri qara milçəklər əmələ gəlmişdi. Alma, armud ağaclarında çılpaq budaqlar hələ görünürdü; bu ağaclarda xırda, bozumtul və xüsusilə yumşaq yarpaqlar hələ indi-indi açılmağa başlayırdı; lakin öz əyri budaqlarının şəbəkələrini başqa ağacların altında hər yerə uzatmış olan bu alma və armud ağaclarının hamısı artıq süd kimi ağ çiçəklə bəzənmişdi; həm də bu rəng getdikcə daha da artır, daha da qatılaşır və daha xoş ətir saçırdı. Mitya bu gözəl günlərdə ətrafında baş verən bütün bahar dəyişikliklərini sevinc və diqqətlə müşahidə edirdi. Lakin onların arasında Katya nəinki geri çəkilmir, nəinki itmirdi, əksinə, bunların hamısında iştirak edirdi, hamısında özünü, öz gözəlliyini, baharın çiçəklənməsi ilə birlikdə, getdikcə daha gözəl, zəngin ağ rəngə boyanan və getdikcə daha tünd mavilik kəsb edən səma ilə birlikdə çiçəklənən gözəlliyini bəxş edirdi.

XII

      Beləliklə də, Mitya bir dəfə çay içmək üçün ikindiçağının günəş işığına qərq olan zala daxil olanda samovarın yanında qəflətən, bütün səhərçağı əbəs yerə gözlədiyi məktubu gördü. Cəld masaya yanaşdı, – axı Katya onun göndərdiyi məktublardan, heç olmasa, birinə çoxdan cavab verməli idi, – üzərində tanış xətlə ad və ünvan yazılmış qəşəng kiçik zərfə nəzər salanda sanki zərfin parlaq və müdhiş işığı onun gözlərini qamaşdırdı. Zərfi qapıb evdən bayıra çıxdı, sonra bağa, böyük xiyabana ayaq aldı. Bağın lap o başına, dərənin bağdan keçdiyi yerə getdi, ayaq saxladı, dönüb dala baxaraq cəld zərfi cırdı. Məktub qısa, bir neçə sətirdən ibarət idi, lakin qəlbi elə çırpınırdı ki, nəhayət, başa düşmək üçün Mitya bu sətirləri beş dəfə oxumalı oldu. “Mənim sevgilim, mənim yeganəm!” – sözlərini dönə-dönə oxudu, – bu nidalardan yer onun ayaqları altında titrəyirdi. Mitya gözlərini qaldırdı: səma bağın üzərində təntənə və sevinclə parıldayırdı, onun ətrafında qar kimi ağappaq bağ işıq saçırdı, ikindiçağının sərinliyini artıq duymuş olan bülbül nəşə ilə, vəcdə gələrək aydın və güclü səslə uzaqdakı kolların təravətli yaşıllığında cəh-cəh vururdu, – Mityanın pörtmüş sifəti ağardı, tükləri ürpəşdi.

      O, evə yavaş-yavaş gedirdi, – onun sevgi kasası aşıb-daşırdı. Sonrakı günlər də sakitcə, səadət hissi ilə yeni məktubu gözləyə-gözləyə bu duyğunu qəlbində elə o cür ehtiyatla gəzdirirdi.

XIII

      Bağ müxtəlif qiyafəyə düşürdü.

      Bağın bütün cənub hissəsi üzərində ucalan, hər yerdən görünən nəhəng qocaman ağcaqayın daha da böyümüş və qol-budaq atmışdı, – təravətli, sıx yaşıl yarpaqlarla örtülmüşdü.

      Mityanın öz pəncərələrindən daim tamaşa etdiyi böyük xiyaban da hündür və görkəmli olmuşdu: onun qocaman cökələrinin zirvələri hələlik seyrək də olsa, tər yarpaqlarla naxış-naxış bəzənmişdi, baş qaldıraraq bağın üzərində açıq-yaşıl cərgə ilə uzanmışdı.

      Ağcaqayından aşağıda, xiyabanın alt tərəfində isə nəsə başdan-başa ağ rəngli, xoşətirli qıvrım bitki sahəsi idi.

      Həm də bütün bunlar – ağcaqayının qalın yarpaqlarla örtülmüş nəhəng zirvəsi, xiyabanın açıq-yaşıl cərgəsi, duvaq kimi ağ alma, armud ağacları, meşəgilası, günəş, səmanın göylüyü və bağın aşağı tərəfində, dərədə, yandakı xiyabanlar və cığırlar boyunca, evin cənub divarlarının dibində – nə göyərirdisə, – yasəmən kolları, akasiyalar və qarağat kolları, pıtırğan, gicitkən, cır ərik, – bunların hamısı öz qalınlığı, təravəti və təmizliyi ilə insanı valeh edirdi.

      Təmiz və yaşıllığa qərq olmuş həyət hər tərəfdən uzanan bitkilərdən elə bil darısqallaşmışdı, ev sanki kiçilmiş və gözəlləşmişdi. O sanki qonaqlar gözləyirdi: bütün otaqların – ağ zalın, köhnə dəbli göy qonaq otağının, kiçik istirahət otağının – bu otaq da göy idi – divarlarından oval miniatürlər asılmışdı, gün işığı düşən kitabxananın, qabaq bucağında köhnə müqəddəs surətlər olan və divarlar boyunca alçaq kitab dolabları düzülmüş böyük və boş künc otağın pəncərə və qapıları bütün gün açıq idi. Hər yerdə də evə yaxınlaşan, müxtəlif yaşıl, gah açıqrəngli, gah da budaqlarının arasını parlaq mavilik bürüyən tutqun, təravətli ağaclar otaqlara boylanırdı.

      Lakin məktub gəlmirdi. Katyanın məktub yazmağa həvəsi olmadığını Mitya bilirdi, onu da bilirdi ki, yazı masası arxasında əyləşməyə hazırlaşmaq, qələm, kağız, zərf tapmaq, marka almaq Katya üçün çox çətin idi… Lakin bu ağıllı fikirlər yenə pis kömək edirdi. Onun ikinci məktubu gözlədiyi bir neçə gün ərzindəki xoşbəxt, hətta qürurlu inamı yox olmuşdu, o, getdikcə daha çox, daha artıq əzab çəkir və təşvişə düşürdü. Axı birincitək kağızdan sonra dərhal nəsə daha gözəl və sevindirici bir şey gəlməli idi. Lakin Katya susmuşdu.

      Mitya daha kəndə seyrək gedir, tarlaya az-az yollanırdı. Kitabxanada əyləşir, on illər ərzində saralan və dolablarda quruyan məcmuələri vərəqləyirdi. Jurnallarda qədim şairlərin bir çox gözəl şeirləri, ecazkar sətirlər var idi, onlar, demək olar, həmişə eyni şeydən bəhs edirdi – dünya yaranandan bəri bütün şeir və nəğmələrin dolğun məzmununun nədən ibarət olduğundan, indi onun özünün də ruhunun nə ilə yaşadığından və hər halda, nəyi daim özünə, öz sevgisinə, Katyaya aid edə bildiyindən bəhs edirdi. Beləliklə də, açıq dolabın yanındakı kresloda saatlarla hərəkətsiz oturub özünə əzab verə-verə bu sətirləri dönə-dönə oxuyurdu:

      Adamlar yatır, dostum, gedək kölgəli bağa,

      Hamı yatır, ulduzlar başlayıb göz qoymağa…

      Bütün bu məftunedici sözlər, bütün bu çağırışlar sanki onun özününkü idi, indi onlar elə bil ancaq bir adama, onun Mityanın daim hər şeydə və hər yerdə gördüyü cananına edilən müraciət idi, həm də bəzən az qala müdhiş səslənirdi:

      Ayna suların üstüylə

      Qu quşları qanad çalır.

      Çay da ürək kimi çırpır:

      – Gəl çıx! Ulduzlar parlaşır,

      Yarpaqlar da pıçıldaşır,

      Mavi göy üzünü tapır.

      Mitya gözlərini yumaraq dəhşətə gəlib bu çağırışı – öz təntənəsinin fərəhli həllini səbirsizliklə gözləyən sevgi qüvvəsi ilə dolu qəlbinin çağırışını dalbadal bir neçə dəfə təkrar edirdi. Sonra xeyli vaxt qarşısına baxır, evi əhatə edən dərin kənd sükutunu dinləyir və qəmli-qəmli başını bulayırdı Yox, Katya cavab vermirdi, o haradasa orada, yad və uzaq Moskva mühitində dinməzcə şəfəq saçırdı! Yenə qəlbi zərif duyğudan məhrum olurdu. Bu müdhiş, məşum ovsunlayıcı çağırış yenə artırdı:

      – Gəl çıx! Ulduzlar parlaşır,

      Yarpaqlar da pıçıldaşır,

      Mavi göy üzünü tapır.

XIV

СКАЧАТЬ