Название: Qaraca qız
Автор: Сулейман Сани Ахундов
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-62-4
isbn:
Bu sözdən sonra Ağca xanım və Qarcaqa qız nəzərlərini biri-birinə salıb bir müddət diqqət ilə baxışdılar. Bu iki tifildə böyük bir təfavüt var idi: biri iki bəyzadədən törəmə bir nəcibə, o biri iki zəhmətkeşdən törəmə bir əyal29 balası! Biri zəif, zərif, hər bir şeydə özgəyə möhtac olan bir tifil; o biri fulad30 kibi sağlam bədən, az sinnində çox görmüş, öz zəhməti ilə məişət edən bir çocuq! Birinin baxışı sanki özgələri köməyə çağırırdı; o birinin nəzəri cümləni qovğaya çağırırdı.
Ağca xanım zərif əlini Qaraca qıza uzatdı, o da kobud barmaqları ilə onun əlini sıxdı. Ağca xanım bu zaman qışqırdı, sonra güldü. Bir az keçmədi ki, şirin söhbətə başladılar. Hüseynqulu ağa bunları söhbətdə qoyub bəylər ilə otağa daxil oldu. Ağca xanım ilə Qaraca qızın söhbəti çox çəkmədi. Pəricahan xanım otaqdan nökər və qulluqçuların toplaşmasını görüb həyətə endi və qızını Qaraca qız ilə şirin söhbət edən görüb çox bərk acıqlandı və bonanı çağırıb dedi:
– Xanım əfəndi, harada qalmışsınız? Nə üçün öz vəzifənizi unudursunuz? Baxınız, tərbiyə verdiyiniz qız kimlər ilə ülfət etmişdir? Otağına aparınız! Bu gecə şamsız qalacaqdır.
Bona zavallı Ağca xanımın gözü yaşlı əlindən dutub otağına apardı. Qaraca qıza da Pəricahan xanım “Dalımca gəl, qaraçı qızı!” deyib Hüseynqulu ağanın otağına apardı və rişxənd ilə dedi:
– Bu şahzadə qızını haradan tapıb gətirmisən, əzizim? Qızın ilə də tanış etmişsən!
Hüseynqulu ağa əhvalatı ona nəql edib dedi:
– Pəricahan xanım, qızına yazığın gəlsin. Gör yoldaşsızlıq yazığı nə hala salmışdır?! Qoy bu qız ilə oynasın, atlansın, qol-qanadı açılsın, bədəni bərkisin, keyfi açılsın! Bu qız qaraçı qızı deyildir, olsa da, nə eybi vardır? Bonası yanında olacaqdır. Bir pis iş edərlərsə, tənbih edib qoymaz!
Bu sözləri Pəricahan xanıma əsla təsir etmədi.
– Sən bənə söz vermişdin ki, tərbiyə məsələsinə qarışmayacaqsan. İmdi neyçün sözündə dəvam etməyirsən? Bu qız buradan gedəsidir. Artıq söz lazım deyil.
Hüseynqulu ağa və bəylər Qaraca qız barəsində çox təvəqqe etdilər. Axırda Pəricahan xanım onun qalmasına razı oldu, bu şərtlə ki, Qaraca qız bağban Piri kişinin evində saxlanıb Ağca xanım ilə əlaqə etməsin, çünki ondan pis xasiyyət götürər.
Bu şərt qəbul olundu və Qaraca qız da haman31 gecə Piri kişiyə tapşırıldı. Piri kişinin daxması ağalığın böyük meyvə bağının içində idi.
Piri kişi 70 yaşında bir qoca idi. Heç bir kəsi yox idi və özü də Hüseynqulu ağanın rəiyyəti olub cavanlığından Mehdi ağaya bağbanlıq edirdi. Həmişə bağda ömür sürüb ağalıq qapısına işi düşməsə, gəlməzdi. Özü də yumşaqtəbiətli bir şəxs idi.
Piri kişi Qaraca qıza çox şad oldu. Onun üçün komasında yer hazırladı. Və yedirdib rahət etdi. Qaraca qız yerə girib bir müddət yata bilmədi. Sonra Piri kişidən soruşdu:
– Baba, o xanım qızını bənim ilə neyçün oynamağa və danışmağa qoymayır?
– Qızım, onlar bəydirlər. Biz onların rəiyyətiyik. Onlar ağadırlar, biz nökər! Bizim ilə onların nə yoldaşlığı? Babacığım! Onların babalarına babam, atalarına atam qulluq etmişlər. İmdi də bən qulluq edirəm. Sən, qızım, Ağca xanımı yadından çıxart, o sənə yoldaş deyildir.
Qaraca qız bu sözlər ilə sakit olmayıb fikrə getdi: “Bən Ağca xanıma nə etdim ki, anasının bənə acığı dutdu? Bu gecə ona yemək verməyəcəklər. Yazıq ac qalacaqdır! Anam sağ olanda bəni də ac qoyurdu, amma bən nadinclik edirdim. Bu ki heç zad etməmişdi”.
Qaraca qız fikrini bir yerə çıxartmayıb yuxuya getdi.
O gecəsi haman fikirlər Ağca xanımı da sakit etməyirdi. Nə anasının, nə bonasının nəsihətini anlamayırdı: “Nə səbəbdən o qız ilə oynaya, danışa bilmərəm? Bən bəy qızı olanda nə olar? Bəni neyçün şamsız qoydular? Qaraca qız çox təəccüblü şeylər nəql edirdi. O deyirdi ki: “Sənə qaval çalmaq, oynamaq öyrədəcəyəm!” Ah, anam bəni nə üçün qoymadı ki, onunla çoxluca danışım?” Ağca xanım yorğanı başına çəkib, gizlicə ağlamağa başladı və bir azdan sonra yuxuya getdi.
Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağa adət etmişdi. İmdi də tezdən dəstamaz alıb sübh namazını qıldı, sonra ocağı qaladı; özü kibi ömrü keçmiş, hisdən qaralmış çaydanı su ilə doldurub ocağa qoydu və komadan çıxdı ki, bağı dolansın. Piri kişi bəslədiyi bağı əla dərəcədə sevərdi. Buradakı ağacların çoxunu özü öz əlləri ilə əkib pərvəriş32 verməklə imdiki halına salmışdı. O yerlərdə bitən bir meyvə ağacı yox idi ki, bu bağda olmayaydı. Piri kişi təcrübə edib bu bağda qələm vasitəsilə təbiətə müğayir33 öylə peyvənd34 etmişdi ki, bu iş cümləni heyrətə gətirirdi; bir əzgil ağacına qələm ilə alma peyvənd etmək ilə bir ağacda iki cür meyvə bitirirdi. Hüseynqulu ağanın bu bağı mülkədarlar arasında xeyli şöhrət qazanmışdı. Hüseynqulu ağaya bir qonaq gələndə cürbəcür ziraət35 maşinalarını qoyub qabağına, bağına tamaşa aparardı. Bağın böylə cənnət kibi olmasına səbəb yalnız Piri kişi idi; buna görə də Hüseynqulu ağa onun xatirini çox istəyirdi: hər nə istəsə idi, dərhal əmələ gətirirdi. Piri kişi isə ondan ancaq bircə şey təvəqqe edirdi: ağalardan başqa kimsə bağa girməsin. Hüseynqulu ağa da bu ixtiyarı ona vermişdi. Ancaq meyvə dərilən vaxt Piri kişi özünə köməkçi çağırırdı. Başqa vaxtlarda isə heç kəsi bağa qoymayırdı. Bağı oğrudan qorumağa Piri kişinin bircə köməkçisi var idi. O da Qaraca qızı mağaradan çəkib çıxardan Qara köpək idi. Qara köpək qayət heybətli və hünərli bir köpək idi. Onun qorxusundan heç kəs bağa dolana bilməyirdi. Bu köpəkdə bir qəribə hal var idi: hər kəs ki Piri kişiyə bədxah idi, Qara köpək onu sevməyib yavuğa qoymayırdı. Piri kişi bir tazə şəxs ilə tanış olanda Qara köpək o adama quyruq bulayıb yavuqlaşsa idi, onu özünə xeyirxah hesab edirdi və hərgah o adama əvvəldən dişlərini ağardıb mırıldasa idi, onu özünə bədxah bilərdi. Qara köpəyin bu hissini Piri kişi kərrat36
Конец ознакомительного СКАЧАТЬ
29
Əyal – külfət, ailə
30
Fulad – polad
31
Haman – həmin
32
Pərvəriş – yetişdirmə, böyütmə; tərbiyə
33
Müğayir – zidd, əks
34
Peyvənd – calaq növü
35
Ziraət – əkinçilik, kənd təsərrüfatı
36
Kərrat – dəfələr