Название: Qaraca qız
Автор: Сулейман Сани Ахундов
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-62-4
isbn:
Yusifin böylə vəqtlərində Qaraca qızın günü daha da qara olurdu.
Bir dəfə Yusif və Qaraca qız yol ilə gedirdilər. Bunlar bir dəstə atlı cavan oğlanlara rast gəldilər. Bu cavanlar şəhərə toya gedirdilər. Bunlar Yusifgilə təklif etdilər ki, bir az çalıb oxusunlar. Yusif razı oldu. Qaraca qızın oxuyub-oynamağı cavanların o qədər xoşuna gəldi ki, onlar biri-birinin acığına Qaraca qızın qavalını ağ və qara pul ilə doldurdular və sonra:
– Sağ ol, çox yaşa, Qaraca qız! – deyib atlarını sürdülər.
Yusif çox şadlıq ilə Qaraca qızdan pulları alıb cibinə tökdü və dedi:
– Gəl, qızım, sən ayı ilə o kölgədə əyləş, bən də gedim, o görünən kənddən, çörək və sənin üçün də fındıq və kişmiş alım.
Bu xəbərdən Qaraca qız əsla şad olmadı. Bilirdi ki, bu görünən kənd erməni kəndidir və Yusif də oraya içməyə gedir. Amma bunun ilə böylə bir söz demədi.
Bunlar yoldan kənara çıxıb bir kolluğa tərəf yüz qoydular. Yusif bir böyük kol seçib ayını oraya bağladı və Qaraca qıza dedi:
– Otur burada, ağıllı qızım! Bu saət19 gələcəyəm.
Yusif getdi. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. Ayı bir müddət sakit uzandı, sonra durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. Ayı özünü asudə görüb bir müddət kolluqda gəzdi, sonra yüzünü meşəyə tərəf dutub getdi. Yusif kəndə getdiyi vəqtdən yarım saət keçmişdi. Qaraca qız yuxudan hələ oyanmamışdı. Axırda Yusif məst halında o tərəf-bu tərəfə yırğalanayırğalana gəlib çıxdı. Yusif Qaraca qızı yatmış görüb və ayını öz yerində tapmayıb ayağı ilə Qaraca qızı öylə bərk vurdu ki, yazıq qız dik ayıldı.
– De görüm, ayı hanı, mürtəd qızı, mürtəd?
Qaraca qızın qorxudan dili dutuldu, cavab verə bilmədi.
– Hələ dayan! Qoy ayını tapım, sənin payını sonra verəcəyəm!
Yusif kola diqqət ilə baxıb gördü ki, ayını bağladığı budaq qopub və özü də yoxdur. Anladı ki, ayını oğurlamamışlar, özü kolu qoparıb meşəyə qaçmışdır. Bu vəqt yüzünü Qaraca qıza tərəf dutub dedi:
– Düş qabağıma, ayı meşəyə qaçmışdır, gedək, tapaq!
Qaraca qız titrəyə-titrəyə yola düşdü. Yusif yol uzunu gələ-gələ Qaraca qızı söyüb qorxudurdu, gah da özü-özü ilə danışırdı. Bunlar bir saətə qədər meşəni dolandılar, amma ayıdan bir əsər görmədilər. Birdən Qaraca qızın qulağına ayının bağırtısı gəldi.
– Eşidirsinizmi, əmi, bu tərəfdən ayının bağırtısı gəlir!
– Heç zad eşitməyirəm, yalan deyirsən!
– Bax! Bax! Yenə bağırır!
Bu dəfə Yusifin özü də eşitdi.
– Doğru deyirsən, bağıran ayıdır!
Hər ikisi səs gələn tərəfə yüz dutub getdilər; ancaq səs meşəyə düşməyə görə ayının yeri yavuq görünürdü, amma həqiqətdə böylə olmayıb, ayı xeyli uzaqda idi. Axırda gəlib ayını tapdılar. Ayı zənciri ilə ağaca dolaşıb dartınırdı və bağırırdı. Yusif ona çatan kibi hirsindən və acığından ayını azad etməmiş əlindəki ağacı ilə onu döyməgə başladı. Ayının bağırtısı meşəni başına götürdü. Axırda ayı dartındığı halda xaltası başından çıxdı və ildırım kibi özünü Yusifin üstünə atdı. Bir dəqiqə keçmədi ki, qızmış ayı sahibini parçaladı. Qaraca qız bunu gördükdə dəhşətli bir hal ilə qaçdı. Amma qorxudan özünü itirib yol əvəzinə meşənin ortasına tərəf qaçdı. Bir azdan sonra ayı Yusifin meyitini buraxıb Qaraca qızın dalınca düşdü. Bunu gördükdə zavallı qızın bədəninə titrəmə düşdü və var gücü ilə qaçmağa başladı. Getdikcə ayı Qaraca qıza yavuqlaşırdı. Bu halda Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. Qaraca qız dərədən endikdə ayı özünü ona çatdırdı. Ancaq ayı eniş aşağı qaça bilmədiyindən dərənin içinə yumbalandı. Qaraca qız fürsət tapıb özünü dərənin döşündəki mağaraya saldı. Bu mağaranın ağzı enli idi, amma içəri getdikcə daralırdı. Ayı dərənin dibinə kibi yumbalandı. Sonra ayağa qalxıb yüzü yuxarı dırmaşmağa başladı. Məlumdur ki, ayının dal ayaqları qısa olduğundan enişi pis və yoxuşu qüvvətli dırmaşırlar. Ayı axtarıb mağaranı tapdı və içinə girdi. Qaraca qız sürünə-sürünə özünü mağaranın dar bir yerinə saldı. Ayı isə onu bacarmadı və bir az donquldayıb mağaranın ağzında yatdı. Qaraca qız tərpənməyə də qorxurdu, ancaq onun qorxusu nahaq idi, çünki imdi ayının hirsi yatmışdı, ona dəyməzdi və bəlkə də, onun orada olmasına şad olardı.
İki saətdən artıq idi ki, Qaraca qız mağaranın içində yatıb qalmışdı. Biçarə qız ayının qorxusundan özünü mağaranın deşiyinə öylə pərçim etmişdi ki, tərpənməyə də amanı yox idi. Bir tərəfdən mağaranın içindəki havanın azlığı, digər tərəfdən də ayının vahiməsi zavallı qızı bihuşluq halına salmışdı. Ayı isə fısıldaya-fısaldaya yatmışdı. Birdən ayı oyanıb donquldamağa başladı, bu halda Qaraca qızın qulağına çoxlu it səsi gəldi. Ayının da donqultusu artdı. Çox çəkmədi ki, itlər hürəhürə mağaranın ağzını aldılar. Ancaq cürət edib içəri girə bilmədilər. Bir azdan atlı ovçular da qışqıra-qışqıra gəlib çıxdılar. Bunlar mağaranın içindən ayının bağırtısını eşidib tüfənglərini hazırladılar və itləri içəri qısqırtdılar. Onlardan bir neçəsi cürətlənib mağaranın içərisinə girdi. Ancaq çox çəkmədi ki, yenə zingildəyə-zingildəyə geri qayıtdılar. Onlardan bir-ikisi yaralanmışdı. Bu halda avçılar20 bayırdan:
– Axtar, bas! Xallı, bas! Gümüş, bas! – deyə itləri qısqırtdılar. Onlar da cürətlənib, yenə özlərini içəri soxdular və ayı ilə dutaşdılar. Ayı bir müddət bunlar ilə boğuşandan sonra mağaradan sıçrayıb çıxdı. Bu halda üç güllə birdən onun üzərinə açıldı. Bunların zərbindən biçarə ayı boğanaqdan yıxılan СКАЧАТЬ
18
Mürtəkib – pis, yaramaz iş edən, cəzaya layiq hərəkət edən
19
Saət – saat
20
Avçı – ovçu