Название: Uşaqlığın son gecəsi
Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
isbn: 978-9952-532-68-5
isbn:
Namiqin atası mətbəxə keçdi, şlyapanı döşəməyə qoyub qəzeti götürdü.
Şlyapanın içində bir-birinə sıxılmış, təzəcə yumurtadan çıxan ətcə cücələr vardı. Ata şlyapanı qaldıranda cücələr cikkildəşdi.
– Bunlar sənindir, – atası Namiqə dedi.
Namiq barmağının ucu ilə cücələrə toxundu. Onun əlini qırt toyuq zənn edən ətcəbalalar ovcunun altına yığışdı.
– Axı sizin başqa şlyapanız yoxdur! – Namiqin anası məzəmmətlə deyindi. Həmişə əri ilə mübahisə etməyə hazırlaşanda ona “siz” deyirdi. – Üstəlik, bunları necə saxlayacağıq?
– Mən qayıdandan sonra təzə şlyapa alarıq, – ata dilləndi. – Çağırış vərəqəsi gəlib.
– Haradan qayıdanda? – Namiqin anası pıçıltı ilə soruşdu və yavaşca kətilin üstünə çökdü. O dəqiqə rəngi ağardı. – Nə vaxt gedirsən?
– Bu gecə, – ata cavab verdi.
Gecə Namiqin atasını yola salmağa getdilər. Qatar dayanmışdı, narın yağış yağırdı. Hamı eyni əsgər forması geymişdi, ancaq Namiq atasını istənilən geyimdə tanıyardı, hətta üzünə baxmadan, arxadan tanıyardı. Sonra Namiqin atası ana ilə vidalaşdı, qucaqlayıb öpdü, Namiqi də qucaqladı, göz vurdu ona. Özü də kədərlə göz vurmadı, yox, əksinə, çox şən idi. Sonra qatar gözdən itənə qədər vaqonun pəncərəsindən onlara əl yellədi. Namiqin anası göz yaşlarını saxlaya bilmədi, elə Namiq də ağladı. O gecə heç biri bilmirdi ki, atanı son dəfə görürlər…
Cücələr çox xoşbəxt idi. İki gündən sonra Namiqi tanıdılar: yəqin, onu öz anaları zənn edirdilər. Şlyapanın içində böyüyürdülər, sonra Namiqin anası dedi ki, nəmişliyə görə şlyapada qalmaq onlara ziyandır. Cücələri yumurta tozu qutusuna yerləşdirdilər. Yeşiyin üstünə ipdən tor çəkdilər, qəribə barmaqlıq əmələ gəldi. Hava girsin deyə qutunun aşağısından deşik açdılar.
Cücələrə yumurta tozu sıyığı verirdilər. Yeşik mətbəxdə idi və Namiq hər səhər onlara göz qoyurdu. Bu səhər baxanda Namiq cücələrdən birinin əskik olduğunu gördü. Əvvəl beş cücə vardı, indi nədənsə dördü qalmışdı. Balaca cücə necə itə bilərdi? Sonra bir cücə də yoxa çıxdı. Əgər bir səhər Namiq lap tezdən oyanmasaydı, yəqin, cücələr bir-bir yoxa çıxacaqdı. Həmin gün o, cücələrə baxmaq üçün mətbəxə gedəndə hələ heç hava işıqlanmamışdı. Namiq cücələrin yekə bir siçovuldan qurtulmaq üçün çırpındığını gördü…
Bağda siçan görəndə anasının necə çığırdığını xatırladı. O vaxt Namiq özü də qorxmuşdu. Elə bil siçan bilirdi ki, ondan qorxurlar, ona görə də heykəl kimi dayanıb Namiqlə anasına baxırdı. Ancaq atası gələndən sonra siçan harasa yox oldu və ondan sonra bağda siçan görən olmadı. Yəqin, başa düşmüşdü ki, atanın qəzəbinə tuş gəlmək axmaqlıqdır. O vaxt ata özü belə demişdi. Üstəlik, həm də o, balaca siçan idi, bu isə yekə siçovuldu, az qala pişik boyda idi. Görəsən, haradan gəlib çıxmışdı bura? Yəqin, müharibə vaxtı siçovullar adamların arasında peyda olur, bir sözlə, adamların vəziyyəti yaxşı olmayanda siçovul da onlara daraşır.
Siçovul cücələri qabağına qatıb qovurdu və nəhayət, birini yaxalayıb boğazından yapışdı. Cücə ancaq civildədi. Bu vaxt siçovul qaçmasın deyə Namiq özünü yeşiyin üstünə atdı, əl atıb boynunun tükündən yapışdı. Siçovulun tükləri hamar və iyrənc idi.
Səs-küyə Namiqin anası da yuxudan oyanıb cəld mətbəxə yüyürdü. Oğlunun əlindəki siçovulu görəndə çığırdı, tez banka gətirdi və köməkləşib siçovulu həmin bankaya saldılar, qaçmasın deyə ağzına ağır ütü qoydular. Sonra o, Namiqi əllərini yumağa məcbur etdi və tapşırdı ki, səhər açılandan sonra siçovulu aparıb “upravdoma”10 versin. Ancaq hələ çox tez idi, ona görə də Namiqə dedi ki, gedib yatsın.
Səhər Namiq içində siçovul olan bankanı götürüb məhəlləyə çıxanda həyətimizin uşaqları onu dövrəyə aldı. Bu lənətə gəlmiş siçovulu hara edəcəklərini xeyli fikirləşib götür-qoy etdilər. Siçovul da şəffaf bankadan onu dövrəyə almış adamlara baxırdı və hiss olunurdu ki, onlardan qorxur və hamısına nifrət edir. Hiss olunurdu ki, əgər siçovulun imkanı olsaydı, nəinki cücələri, elə bura toplaşmış adamları da yeyərdi.
Karinka qaçaraq gəlib özünü yetirdi, siçovula baxan kimi ürəyindən keçənləri söylədi:
– Bəlkə, onun balaları, balaca siçanlar indi zirzəmidə ac oturub analarının yolunu gözləyir?
– Siçanlar yox, siçovullar, – Saşka düzəliş verdi.
– Sənə qalmayıb. Necə istəyirəm, elə də deyirəm!
– Yenə cücələrimdən birini öz balalarına aparsın? – Namiq istehza ilə soruşdu. – Yox, daha bəsdir! Bunu öldürmək lazımdır. Ancaq bilmirəm, necə öldürüm. Aparıb verəcəyəm “upravdoma”, özü necə istəsə, elə də edər.
Bu vaxt Makedon da gəlib çıxdı. O vaxtdan bəri Namiqlə küsülü idilər… Yəqin, nə vaxt mübahisə et-diklərini xatırlayırsınız. İndi isə Makedon Namiqə yaxınlaşdı, siçovula baxdı və məmnunluqla fit çaldı.
– Ver görüm onu mənə!
Namiq bankanı Makedona verdi. O, hələ də Makedonun hər sözünə qeyd-şərtsiz əməl edirdi. Makedon bankanı götürüb öz evlərinə yüyürdü, sonra onun evdən çıxdığını və bankaya nəsə sarımtıl maye tökdüyünü gördülər. Lap az tökdü, amma siçovul tamam islanmışdı. Sonra isə… heç kəs nə baş verdiyini anlamadı… Makedon ütünü kənara çəkdi. Siçovul bu yarıqdan çıxmağa cəhd edirdi və bu vaxt Makedon kibrit yandırdı. Siçovul o dəqiqə alışdı… Sən demə, bayaq siçovulun üstünə neft tökürmüş! Od almış siçovul həyətdə qaçmağa başladı. Ciyiltisi həyəti başına götürmüşdü, çox ucadan ciyildəyirdi. “Upravdom” qaça-qaça gəlib özünü həyətə çatdırana, sonra da siçovulun başına bellə vurana qədər onun ciyiltisi kəsilmədi.
Hamı dayanıb Makedona baxır, o isə dişlərini ağardıb gülürdü.
– Siçovul! – Karinka ona dedi.
Hər kəs gözünü Makedona zillədi. Yox, siçovula oxşamırdı, amma kim bilir, bəlkə də, oxşayırdı…
Bu vaxt Namiq Makedona СКАЧАТЬ
10
Upravdom – (rusca: управдом) mənzil istismar idarəsinin müdiri