Название: Uşaqlığın son gecəsi
Автор: Максуд Ибрагимбеков
Издательство: TEAS PRESS
isbn: 978-9952-532-68-5
isbn:
Həmin gün Namiqin anası pəncərənin qabağında oturub atası ilə söhbət edə-edə onun iş paltarını yamayır. Atası bir az əvvəl gəlib. Həmişə olduğu kimi, Namiq şüşə qabdan benzin tökür, ata əlindəki neft ləkələrini təmizləyir. Sonra bir yerdə nahar edirlər. İndi isə ata qəzetləri vərəqləyir, xəbərləri oxuyur və oxuduğu xəbərlərlə bağlı fikirlərini anaya deyir. Səsindən hiss olunur ki, çox yorulub və yatmaq istəyir. Kim olursa olsun, sutka ərzində 14 saat neft mədənində işləmək asan məsələ deyil. Yan otağa keçib yarım saat mürgüləmək istəyir, amma bilir ki, əgər gedib uzansa, onu yarım saat sonra yox, lap səhər açılanda da yuxudan oyatmaq çətin olacaq. Namiqin atası yan otağa keçib çarpayısına uzanmır, çünki beləcə oturub arvadı və oğlu ilə söhbət etməkdən xoşu gəlir. Oğlu isə bu anlarda üstünə qoyulmuş şüşəsi qırıq olan yazı masasının arxasında oturub “Vulkanlar” mövzusunda krosvord həll edir.
– Dörd hərf… Etna. Aha. – Deyəsən, Namiq xanalara növbəti vulkanın adını yazır. – Vezuvi. Uyğun gəldi… Ana, səkkiz hərfdən ibarət vulkan adı bilmirsən?
– Səkkiz hərf? Nəsə yadıma sala bilmirəm. Atandan soruş.
– Bəlkə, Mauna-Loadır, – ata deyir. – Amma yoxla.
– Düzdür. Bəs on bir hərf?
– Hm… Popokatepel?
– Necə?.. Aha. Uyğun gəlir, – Namiq həll edilmiş krosvordu zərfə qoyub yapışdırır.
– Bu krosvordu hara göndərəcəksən? – ata maraqla xəbər alır.
– Redaksiyaya. Cavabları kim birinci düz tapsa, adını qəzetdə çap edəcəklər.
– Bir dəqiqə, – ata heyrətlənir, – axı biz bu cavabları bir yerdə tapdıq! Sən cavabları bir yerdə tapdığımızı da yazdın? Yox? Sənin yerində olsam… Nə isə… Necə istəyirsən, elə də olsun…
– Ata, – Namiq qəfildən deyir, – sən dezertirsən?
– Namiq!
Əlbəttə, bu, ananın səsidir.
Ata diqqətlə oğluna baxıb qəzeti kənara qoyur. – Yox, – sakitcə cavab verir, – dezertir deyiləm.
Niyə dezertir olduğumu düşünürsən?
– Çünki hamı cəbhədədir… Makedonun atası, Karinkanın atası… Hamısı cəbhəyə gedib. Sənsə evdəsən. Bircə sən cəbhəyə getməmisən. Belə çıxır ki, sən dezertirsən!
– Namiq! – yenə ananın səsi gəlir.
– Özün yaxşı bilirsən ki, – ata cavab verir. O, çox sakit danışır, ancaq nə üçünsə qızarıb, bəlkə, oğlu onunla ilk dəfə bu cür danışdığı üçün belədir, ya da, bəlkə, tamam başqa səbəb var. – Dediyim kimi, özün yaxşı bilirsən ki, mən neftçi mühəndisəm, mədəndə neft çıxarıram. Sənə demişdim axı, neft olmasa, nə təyyarə havaya qalxar, nə də tank yerindən tərpənər… Ona görə də neftçiləri cəbhəyə birdən-birə yox, növbə ilə göndərirlər… Növbəm çatanda mən də gedəcəyəm. Amma hələ mən burada lazımam. Başa düşdün?
Namiq başını tərpədərək təsdiqləyir. O susur.
– Gecən xeyrə qalsın! – ata dedi, ananın çiynini sığallayıb öz otağına çəkildi.
Ata gedəndən sonra ana oğluna heç nə demədi. Namiq də susurdu.
Namiq bir müddət susduqdan sonra yatmağa getdi. Artıq mürgüləyirdi, qəfildən atasının çarpayısının yanında oturduğunu gördü. Bu çox təəccüblü idi, çünki atası mədəndə işə başlayandan sonra gecələr daş kimi yatırdı. Səhərlər Namiqlə anası onu güclə yuxudan oyadırdı. Görünür, bu dəfə özü oyanmışdı. Oturub siqaret çəkir, Namiqə baxırdı.
Namiq xatırladı, atası bir dəfə də nə vaxtsa onun çarpayısının yanında oturmuşdu. O vaxt möhkəm xəstələnmişdi, sətəlcəm olmuşdu. Sağalıb ayağa qalxandan sonra deyirdi ki, xəstə olanda hərarəti 42 dərəcəyə qalxıbmış! Sağaldıqdan sonra həyətdə hamı ona qibtə edirdi. Amma sağaldıqdan sonra. Sağalana qədər isə vəziyyəti çox ağır idi. Doğrudur, hərarəti 42 dərəcə yox, 40-dan bir qədər artıq olmuşdu. Penisillinlər, tetrasiklinlər7 sonradan peyda oldu, o xəstələnəndə ancaq sulfidin8 vardı, onu da əlində pulla gəzsən, tapmaq mümkün deyildi. Ancaq atası haradansa tapdı. O gecə də indiki kimi Namiqin çarpayısının küncündə oturub ona baxırdı. O da, anası da. Çünki Namiq yuxuya gedən kimi kabus görür və oyanırdı. Yəqin, şəlpə qulaqlı, gözləri həmişə heyrətdən bərələn Namiqə – oğullarına baxır, acıyırdılar.
İndi isə atası Namiqin otağında sakitcə oturmuşdu və ana ərinə içəridə siqaret çəkməyi qəti qadağan etməsinə baxmayaraq, siqaret çəkirdi.
– Bu dezertir fikri sənin öz ağlına gəldi?
Namiq başını buladı. Qaranlıq idi, amma görünürdü ki, bununla “yox” demək istəyir.
– Qətiyyən elə fikirləşmə ki, sənin atan dezertirdir. Mən dezertir deyiləm. İstənilən adama bunu ürəklə deyə bilərsən! Deyərsən?
Namiq başını tərpədərək təsdiqlədi, amma yenə də məlum məsələ idi ki, o, başını bütün razılıq bildirən adamlar kimi tərpədir.
Qapıya çatdıqda atası geri çevrildi.
– Bir də ki… İstəyirəm, bunu da biləsən. Cəbhəyə getməyən adama “dezertir” demirlər, dezertir o adama deyirlər ki, cəbhədən, ya da ordudan qaçır, yoldaşlarını darda qoyur. İndi isə yat.
Hər səhər olduğu kimi, Makedon yenə tində dayanıb Namiqi gözləyir. Bu gün məktəbə gedəcək.
– Salam! Bilirsən, necə şəkil tapmışam, əla! “Baydera”9 adlanır. Al, bax!
Namiq kağıza baxır. Kağızdakı şəkildə hər tərəfinə çadırçiçəyi səpələnmiş bir qız divanda uzanıb. Yəqin, dadlı konfet olub. Qaytarır.
– Bilirsən, nə var, mənim atam dezertir deyil. Sadəcə, hələlik burada ona ehtiyac var.
– Ehtiyac var!.. Hamı elə deyir. Əbülfəz də deyir ki, onsuz buralar batar. Hamını cəbhəyə aparırlar. Orada hamıya – neftçiyə də, zavmağa da ehtiyac var. Kim bacarırsa, özünü saxladır, orduya getmir.
Namiq atasının burada qalmasının səbəbini Makedona ətraflı СКАЧАТЬ
7
Geniş yayılmış antibiotiklərdir.
8
Dərman preparatı
9
Çadırçiçəyi