Mən duyduğum haqlı qəzəb hissi nəticəsində heç gözlənilmədiyi halda mətləbdən bir az kənara çıxdım, indi yenə başladığım sözə qayıdıram. Genuyanın adlı-sanlı adamları, yuxarıda adını çəkdiyimiz Gvilyelmonu hörmətlə qarşıladılar, onu məmnuniyyətlə qəbul etdilər. Gvilyelmo bir neçə gün şəhərdə qalaraq, messer Erminonun xəsis-liyini, tamahkarlığını eşidib, onu görmək həvəsinə düşdü. Messer Ermino eşitmişdi ki, Gvilyelmo Borsyere ləyaqətli adamdır. Ermino xəsis olsa da, azca nəcibliyi vardı; Gvilyelmonu dostcasına, gülərüzlə qəbul etdi, onunla çoxlu söhbət elədi, danışa-danışa onu, onunla gələn genuyalıları özü üçün tikdirdiyi yeni, qəşəng bir evə apardı; evi göstərərək dedi: «Messer Gvilyelmo, siz çox şey görmüsünüz, çox şey eşitmisiniz, mənə elə bir şey söyləyə bilərsinizmi ki, o heç yerdə söylənilməmiş olsun, mən də onu bu evin salonuna yazdıra bilim?» Gvilyelmo bu yersiz sözü eşidib dedi: «Messer, güman etmirəm ki, mən eşidilməmiş bir şey söyləyə biləm, ancaq asqırmağı və ya buna oxşar bir şeyi göstərə bilərəm; amma siz ki bunu istəyirsiniz, onda bir şeyi sizə deyə bilərəm, zənnimcə siz onu heç eşitməmisiniz». Messer Ermino dedi: «Xahiş edirəm, deyin görüm bu nədir?» Ermino heç gözləmirdi ki, Gvilyelmo ona aşağıdakı cavabı verəcəkdir. Messer Gvilyelmo birdən dedi: «Deyin yazsınlar: «Nəciblik», Messer Ermino bu sözü eşidəndə birdən elə utandı ki, halı tamam dəyişdi. Dedi ki: «Messer Gvilyelmo, mən onu elə yazdıracağam ki, bunu mənim görmədiyimi, bilmədiyimi mənə deməyə daha nə sizin, nə də bir başqasının əsası olsun». Gvilyelmonun sözü ona yaman təsir etdi, bundan sonra o elə səxavətli, elə mehriban bir, zadəgan oldu ki, Genuyada, onun vaxtında xaricilərə və şəhər camaatına onun kimi hörmət edən olmadı.
DOQQUZUNCU HEKAYƏ
Bir qaskonlu xanım Kiprin qorxaq kralını elə utandırır ki, o, cəsarətli olur.
Kraliçanın əmrini almaq üçün ancaq Yeliza qalmışdı. O gözləmədən gülərüzlə sözə başladı: – Cavan xanımlar, çox vaxt elə olur ki, cürbə-cür danlaqların, cəzaların edə bilmədiyini, qəsdən deyil, təsadüfən söylənilən bir söz edir; Laurettanın söylədiyi hekayədə bu çox aydın göründü. Mən də balaca bir hekayədə bunu sizə sübut etmək istəyi-rəm, çünki yaxşı hekayələr həmişə xeyir gətirir, belə hekayələri kim söyləsə, ona diqqətlə qulaq asmaq lazımdır.
Bəli, Kiprin ilk kralı zamanında Bulonlu Qotfrid müqəddəs torpağı fəth etdikdən sonra, adlı-sanlı bir qaskonlu xanım İsanın qəbrini ziyarətə gedir, qayıdanda da Kiprdə düşür, burada bir neçə alçaq adam onu biabırçı halda təhqir edir. O, şikayətinə əhəmiyyət verilmədiyini görüb, kralın yanına getmək istəyir, ancaq kim isə ona deyir ki, nahaq yerə zəhmət çəkirsiniz, kral elə qorxaq, elə miskin adamdır ki, təhqir üstündə heç kəsi cəzalandırmır, hətta onun özünə qarşı edilən təhqirlərə də iyrənc bir qorxaqlıqla dözür; buna görə bir şeydən narazı qalaraq qəzəblənən adamlar gedib acığını onun üstünə tökür, onu təhqir edir, utandırırlar. Qadın bunu eşidəndə, onu təhqir edənləri cəzalandırmaq məsələsində ümidini itirdiyindən, belə bir qərara gəlir: öz acığını soyutmaq üçün kralı qorxaqlığı üstündə məzəmmət eləsin. Buna görə kralın yanına gedib ağlaya-ağlaya deyir: «Padşahım, məni təhqir edənləri cəzalandırmaq ümidi ilə sənin yanına gəlməmişəm, gəlmişəm ki, səndən xahiş edim, bunun əvə-zində, sənin kimi, deyilənə görə, həqarətə dözməyi öyrənim, mən də edilən təhqirə səbirlə dözə bilim, allah özü şahiddir, bacara bilsəy-dim, bu təhqiri də məmnuniyyətlə sənə verərdim, axı sən yaman dözümlüsən!» Kral ağır hərəkətli, tənbəl bir adamdı, o sanki yuxudan ayıldı; əvvəl ondan başladı ki, qadını təhqir edənləri bərk cəzalan-dırdı, həm də o gündən onun şahlıq şərəfinə toxunanları amansızca təqib etdi.
ONUNCU HEKAYƏ
Bir qadın bolonyalı maestro Albertonu, ona olan sevgisi üstündə utandırmaq istəyir, lakin Alberto çox nəzakətlə qadının özünü utandırır
Yeliza sözünü qurtarıb susdu; indi də son hekayəni, kraliça söyləməli idi; o, qadınlıq məlahəti ilə sözə başladı: – Ləyaqətli qızlar, gecə, açıq havada ulduzlar göyü, yazda çiçəklər çölü bəzədiyi kimi, tutarlı sözlər də xoş xasiyyətləri, ürəkaçan söhbətləri bəzəyir. Bu tutarlı sözlər öz qısalığı ilə kişilərdən çox qadınlara yaraşan sözlərdir, çünki, lazım olmadığı halda, çox və uzun danışmaq kişilərdən çox qadınlara yaraşmayan şeydir. Amma indi sözün incəliyini başa düşən və ya başa düşüb də ona cavab verməyi bacaran qadınlar azdır, ya heç yoxdur, – biz də, bütün qadınlar da gərək bundan xəcalət çəkək! Bu ona görədir ki, əvvəlki qadınların varlığını fərqləndirən bacarığı indiki qadınlar bədənin zinətinə sərf edirlər, həm də paltarı daha çox alabula, üstündə daha çox zolağı, bəzəyi olan qadın elə güman edir ki, onu gərək başqa qadınlardan daha yüksək tutsunlar, ona daha artıq hörmət etsinlər; daha düşünmür ki, bir adam bu şeyləri eşşəyə yükləsə, ya eşşəyin üstündən assa, – eşşək hər bir qadından daha çox yük götürə bilsə də, – yenə eşşək olub qalır. Bunu söyləmək mənim üçün ayıbdır, ona görə ki, özüm haq-qında demədiyim bir şeyi başqaları haqqında da deyə bilmərəm; bu bərli-bəzəkli, ənlikli-kirşanlı, ala-bəzək paltarlı qadınlar dinib-danışmayan, duyğusuz mərmər heykəl kimi dayanıb dururlar, bir söz də soruşanda elə cavab verirlər ki, heç dinməsələr ondan yaxşıdır. Onlar öz-özlərini inandırırlar ki, qadınların, ləyaqətli kişilərin məclisində söhbət etməyi bacarmaması qəlbin təmizliyindən mey-dana gəlir, onlar öz axmaqlıqlarını təvazökarlıq adlandırırlar, sanki ancaq öz qulluqçusu ilə ya paltaryuyan, ya da bulkaçı qadınla danı-şan qadınlar namusludurlar. Əgər təbiət bu qadınların öz-özlərini inandırdığını eləmək istəsəydi, onların boşboğazlığını başqa yolla məhdudlaşdırardı. Doğrudur, bu məsələdə də, başqa məsələlərdə olduğu kimi, vaxtı, yeri söhbət etdiyin adamı hesaba almaq lazımdır, СКАЧАТЬ