– Mən bu kababa aşiqəm.
Çılpaq bir qadının üstünə sərilmiş atlas yorğan kimi kababların üstündə parlayan yuxanın kəhrəba sarısını iştahlı baxışlarla yaladıqdan sonra əlavə etdi:
– Dünyada bundan daha gerçək eşq yoxdur. Yerdə qalan hər şey ədəbiyyatdır.
Məfharət gözucu Səmimə baxırdı. Ağabəyi çox yorğun görünürdü. Zərif və tutqun üzündə qaşları, gözləri, ümumiyyətlə, bütün cizgiləri kədərli idi. Kölgələnmiş gözlərinin ağıllı parıltısı hiss edilmədiyi üçün onu yalnız geniş, gərgin, aydınlıq və möhtəşəm alnı çirkin görünməkdən xilas edirdi.
Məfharət bu dəfə də Səlminə tərəf baxdı. Qızının da gözləri Səmimə zillənmişdi. Lakin şübhə üçün əsas vermirdi. Bəsim danışdığı zaman bütün süfrənin diqqətini özünə çəkən Səmimin müxtəlif mənalar verən xəfif qımıldanışı və susqunluğu Məfharəti qardaşının sözlərindən daha çox düşündürürdü.
Aydın da ikidəbir gözlərini böyük dayısının üzünə dikir, diqqətlə qulaq asırdı. Lakin rəngi qaçmış üzündə hələ də ağrı çəkdiyi hiss edilirdi.
– Başın yenə də ağrayır? – anası soruşdu.
Aydın gözlərini qırpmaqla təsdiqlədi. Barmaqlarını alnına tərəf aparıb geri çəkdi.
Səmim də ona baxırdı.
Uşaq astadan, az qala, pıçıltı ilə:
– Çox ağrayır, – dedi.
Bir narahatlıq xərçəngi sərt cizgilərə çevrilərək qaniçən ayaqlarını Məfharətin üzünə sancdı. Səmim başını bir az uzadaraq Aydını süzürdü.
– Nə olub? Soyuq dəyib, bəlkə?
Bəsim isə bu arada xidmətçiyə tərəf dönüb:
– Bəlkə, bu səhərki zeytunlara bir dəvətnamə göndərək ki, süfrəyə buyursunlar, – dedi.
Məfharət ağabəyinə cavab verdi:
– Xeyr. Riyaziyyat imtahanına hazırlaşır. Dünən gecə gec yatıb. Səhər də tezdən qalxıb. Hələ də ara vermədən çalışır. İstəmirəm. Qoy sinifdə qalsın. Elə deyilmi, ağabəy? Sən də de, rica edirəm.
Səmimin kədərli səsi təsdiq etdi:
– Təbii. Riyaziyyat insanın sağlamlığı qədər vacib deyil. Hətta insanların yüzdən doxsanına heç lazım olmur.
Bəsim ablasına işarə edərək:
– Zeytunları həbsə məhkum etməyin zülümdür. Şkafın açarını verərsənmi? – soruşdu.
– Bəsim, çox xainsən.
– O zeytunlardan ikicə dənəsini yesin, baş ağrısından əsər-əlamət qalmayacaq…
– İndi zarafatın yeridirmi?
– Qaş-qabağını sallamaqla baş ağrısı müalicə edilirmi? Açarlar hardadır, söylə.
– Bufetin sol gözündə.
Bəsim Səmimə tərəf döndü:
– Mən də elə bunu deyirəm də… – dedi, – insanların yüzdə doxsan doqquzuna riyaziyyat ancaq alış-veriş edərkən lazım olur… Onun kimsəyə xeyiri yoxdur. Lakin nə çarə! Təhsil deyilən şey həyatımızda on beş ildən artıq davam edən xəstəlikdir və məktəbdən qaçmaqdan başqa əlacı yoxdur.
Məfharət yerindən qalxdı, oğluna yaxınlaşdı və əlini onun alnına qoydu.
– Qızdırman var elə bil. Qalx, uzan istəyirsən. Yemək də yemirsən. İştahan yoxdur. Sonra yeyərsən, qalx.
Ana-oğul otaqdan çıxdılar. Heç danışmayan Səlmin dalğın baxışlarla bir müddət Aydının ardınca baxdıqdan sonra mızıldandı:
– Dünən də rəngi boğulmuşdu elə bil.
Bəsim önünə qoyulan zeytun qabına barmağını uzadaraq saydı:
– Bir, iki, üç, dörd… On bir… İndi hamısını yeyərəm. On birdən on çıxsan, sıfır qalar. Mənə elə bu qədər hesablama yetər.
Səmim qarşısına baxırdı. Birdən-birə yeməyi saxlayıb siqaret yandırdı. Səlmin də iştahsız idi.
Bir az sonra Məfharət gəldi və xəbər verdi: Aydının qızdırması 36, 8-dir.
– Çox qorxuram, – dedi. – İbrahim bəyin qızı beləcə miningit olmuşdu… Yəni… İmtahana çalışarkən.
Bəsim ağabəyinə baxdı:
– Semiranyada da məktəblər belədirmi?
Səmim ayağa qalxdı, eyvana tərəf iki addım atdı və baxçaya baxaraq cavab verdi:
– Orada məktəb yoxdur.
– Nədir, insanlar analarından alimmi doğulurlar?
Səmim qardaşına tərəf çevrildi və gülümsədi. Əlləri pencəyinin cibində idi. Süst halda dayanmışdı… Başı yüngülcə önə və sola doğru əyilmişdi. Ala gözlərinin şübhə və diqqət qarışıq cəsur, qürurlu baxışı incə dodaqlarının ətrafındakı şirin gülüşün verdiyi təvazökarlı hissini bir az da yumşaltmışdı. Onun istənilən şeyi başa salmağa razı olduğunı hiss etdirən bu halı insanda maraq oyadır və yaranmış səssizlik içərisində bütün diqqətləri öz üzərinə çəkirdi.
Qəhqəhə çəkib başını buladıqdan sonra, nəhayət ki, cavab verdi:
– Simeranyada hər səviyyədən olan insanlar üçün oxu salonları, laboratoriyalar, atelyelər, musiqi, teatr, kino və idman evləri var. İnsanlar hər yaşda bu cür məşğuliyyətləri davam etdirə bilirlər. Maraqlandıqları mövzu ilə bağlı özləri etüd hazırlayır və bunu öyrənirlər. Uşaqlar və gənclərə araşdırma metodlarını tədris edən bələdçi-müəllimlər var. Bunların vəzifələri öyrətmək deyil, öyrənmənin yolunu göstərməkdir. Çünki Simeranya pedaqogikası insanın bütün həyatı boyu öyrəndiyi şeyləri ancaq özü istədiyi zaman və öz tədqiqatları nəticəsində mənimsədiyini СКАЧАТЬ