Çox sərt şəkildə söylənən bu sözlərə qadın yenə hirslənmədi. Eyni sakit tərzlə cavab verdi:
–Ədəbiyyat həqiqətlərin xəyallarla bəzədilməsidir. Bü-tün nağıllar və dastanlar kimi bunun da qədim bir həqiqəti özündə gizlətməsi ehtimalı var.
Kişi bu dəfə, həqiqətən də, maraqla dilləndi:
–Doğrudan? Bu uydurmanın hansı hissəsində həqiqət var görəsən?
Qadın gülümsədi:
–Nağıl ən gec 10-cu əsrin əvvəllərində yazıldığına və bəhs etdiyi hadisələrdən ən az min il keçdiyinə görə, məncə, çox qədim zamanlara aid bir məhəbbət hekayəsini bizə qədər gətirib çıxarır. Yazıldığı tarixdən öncəki min ili həqiqət kimi qə-bul eləsək, az-çox miladi illərində cərəyan edən bir hadisənin ədəbiyyatla mübaliğə edilmiş forması ilə qarşı-qarşıyayıq.
–Bu qədər mübaliğənin arasında həqiqətin zərrələrini hansı teleskopla kəşf edəcəyik, səncə?
–Teleskopa ehtiyac yoxdur. Yalnız ağıl və elm vasitəsilə baxacağıq. Nağılın ehtiva etdiyi şamanizm elementləri əsərin onuncu əsrdən öncəyə aid olduğunu göstərir. Çünki onuncu əs-rin uyğurları arasında artıq şamanizm yox idi. Nağılın qəhrəmanının yüzbaşı olması da çox qədim bir dövrün, bəlkə də Hunlar dövrünün izlərini daşıyır. Ağızdan ağıza keçəndə çox dəyişdiyi mütləqdir və buddist uyğurlar tərəfindən kitab şəklinə salındığı zaman buddizm xarakteri əlavə olunan nağılda hər şeyə rəğmən çox qədim dövrlərin xatirələri, qırıntıları qalıb. Bunların sayəsində aid olduğu dövrü anlamaq kiçik xəta ilə də olsa qəbul olunur.
Kişi masanın üstündəki içkidən bir qədəh də süzdü. Riş-xəndlə qadına baxdı:
–Amma bu sözlərdən bir nəticə çıxara bilmirəm. Bir meyvə satanın qabiliyyətlərinə malik olsaydım, şübhəsiz, mühüm həqiqətləri anlayacaq, bədii ünsürləri tapacaq və bəlkə də ədəbi düşüncələrə dalaraq bir neçə dəqiqə rahatlıq içində yaşayacaqdım. Bu yazıq, talehsiz yüzbaşı Burkay məndə maraq yaratmadı desəm, yalan olar. Yalnız bir hərbçi üçün böyük Vətən və hərbi məsələlər var ikən gözəl bir qıza bu qədər yaxınlıq hiss edib məhv olmasını qəbul edə bilmirəm. Çox xahiş edirəm, bu nağılda həqiqət payı nədirsə və yaxud nə ola bilərsə, sadə bir dillə izah et, beynimdəki suallar cavablansın.
Qadın hələ də sakit idi. Otaqda aram addımlarla gəzərək ona tərəf baxmayan kişini gözləri ilə təqib edərək anlatmağa başladı:
–Həqiqət bu ola bilər: Günümüzdən, bəlkə də, iki min il əvvəl o zamankı türk dövlətinin ordusunda tanınmış bir hərbçi bir günah işləyib və ya səhv addım atıb. Bu günahı işlətməsinə səbəb isə çox gözəl bir qadın olub. Bu hərbçi günahının cəzasını çox ağır bir şəkildə maddi və mənəvi iztirablarla ödəyib. Amma bu elə bir hadisədir ki, xalq bunu əsrlərlə unuda bilməyib. Hərbçinin çəkdiyi cəzanı ümumi vicdan üçün yetərli saymadığına görə onun ruhunun da əzab içində qıvranmasını və dünyaya hər dəfə gələndə eyni cəzanın təkrarlanmasını arzulayır. Cəzanın çox ağır olduğunu və nağılın iki min il əvvəlki bir dövrə aid olduğunu nəzərə alsaq, hadisənin Mete dövründə baş verdiyini ehtimal edə bilərik. Sənin sevgili Metenin zamanında…
Metenin adı çəkilən kimi kişinin gözləri parıldadı.
–Bu iyrənc əsrdə yaşamaqdansa Metenin zamanında dünyaya gəlməyi üstün tutardım.
Qadın onun bu saf arzusuna lağ eləməyə başladı:
–Bəlkə də o vaxtlar yaşamısan. Bu nağılda necə Mete dövrünə aid izlər, elementlər varsa, səndə də o zamana aid çox şeyin olduğu dəqiqdir… Bir fərqlə ki, nağılda o zamana aid şey-lər qırıntı olaraq yaşayır. Amma demək olar ki, sən Mete döv-rünün yaşlanmadan günümüzə gəlib çıxmış hərbçilərindən bi-risən. Reinkarnasiya üçün dəlil axtaranlar mütləq gəlib sənə baş çəkməlidirlər. Düzdür, o nəzəriyyəni də bir qələmlə rədd etmək düz deyil.
Kişi gülümsədi. İçkidən qızarmış üzündə indi bir körpə məsumluğu vardı. Qədəhini doldurub dedi:
–Ruhların yenidən doğulması ilə bağlı uydurmanı bir tərəfə qoyaq.
Sonra sərt bir hərəkətlə əsgəri duruşa keçdi. Sol əli əsgər təlimatına tamamən uyğun şəkildə şalvarına yapışmış halda, qədəh tutan sağ əlini göyə qaldırdı:
–Böyük əsgər Metenin ölməz xatirəsi şərəfinə!– dedi.
Qadın gülümsünərək zərafətlə başını əydi: “Nuş olsun!” –dedi. Son qədəh içilmişdi. Otağa uzun bir səssizlik çökdü…
II FƏSİL
Qızlar liseyinin müdiri zəngi basaraq xadimənin gəlməsini gözləyərkən, bir tərəfdən də əlindəki kağızı diqqətlə oxuyurdu. Xadiməyə birinci müavini çağırması barədə göstəriş verdikdən sonra təkrar kağıza başı qarışdı. Makiyajlı, kök, çox əndazəsiz bir qadın idi. Bu yaşa çatdığı halda ailə qurmamağın verdiyi əzab və yüzlərlə gənc, gözəl, şən qızın arasında olaraq, onların sabah evlənəcəyi fikrinin verdiyi gizli bir qısqanclıq üzündən oxunurdu. Otağa girən birinci müavinə yer göstərdi:
–Buyurun, Faiqə xanım.
Faiqə xanım da özü kimi evdə qalmış, tükənmiş qızlardan biri olduğu üçün, müdirə onu səbəbini anlamadığı duyğularla sevirdi. Narahatlıqla baxaraq:
–Nəhayət, qorxduğumuz başımıza gəldi, –dedi və birinci müavinin gözlərindəki şübhəni dağıtmaq üçün anlatmağa başladı:
–Ədəbiyyat müəllimi Ayişə Pusat təkrar gəlir. Bu qadının buraya göndərilməməsi üçün nə qədər çalışdım, amma olmadı. Deyəsən, nazirlikdə ona arxa duran biri var.
–Mən belə düşünmürəm, xanım. Bəlkə dərslərində əldə etdiyi uğurlar səbəbi ilə təkrar bura təyin olunub.
Müdirə əsəbiləşdi:
–Canım, onun uğurundan bizə nə? Şagirdini zəhərləyəcək qabiliyyəti olandan sonra… Daşıdığı familiyanın mənfi təsiri yetərli deyilmi?
Birinci müavin çoxdan Ayişə Pusatı tanıyırdı. Onun pis qadın olmadığını, əri üzündən başına bir çox işlər gəldiyini bilirdi. Amma onun üstündə müdirlə mübahisə etməyə ehtiyac görmədiyindən СКАЧАТЬ