Название: Türk hekayələri
Автор: Коллектив авторов
Издательство: JekaPrint
isbn: 978-9952-8450-1-6
isbn:
ON DÖRD YAŞLI KİŞİ
…Arabaçı bizdən iyirmi – otuz metr qabaqda bizimlə eyni səmtə gedən bir adamı hayladı. Yolçu dayandı. Üzdən ona səkkiz və ya on yaşdan artıq vermək olmazdı. Çox arıq idi. Özündən iki dəfə ağır çuval götürmüşdü. Ayaqqabılarını əlində tutmuşdu. Biz ona yaxınlaşanda arabaçı soruşdu:
– Oğlum, şəhərə gedən yol hansıdır?
Uşaq əlini qarşıdakı yamaca tərəf uzadıb dedi:
– Bax odur, o ağarıb batan yol… Mən də ora gedirəm.
O, çox göyçək uşaq idi. Olduqca təmiz geyinmişdi. Onun işlətdiyi «ağarıb batan yol» ifadəsi xoşuma gəldi.
– Şəhərə gedirsənsə, gəl arabaya min, bir yerdə gedək, – dedim.
Sözümə inanmadı. Çuvalını yerə qoyub üzümə baxdı. Təklifimi təkrar etdim:
– Gəl, çuvalını arabanın içinə qoy, özün də burda otur.
Qarşımda yer göstərdim. Əlindəki ayaqqabılarını səliqə ilə cütləyib çuvalın üstünə qoydu. Dalı arabaçıya, üzü mənə tərəf oturdu. Onun hərəkəti və danışığı get-gedə daha çox xoşuma gəlirdi. Ədəbli, tərbiyəli görünürdü. Ağıllı və parlaq gözləri vardı. Məni diqqətlə süzürdü. Onun baxışlarından mən utanan kimi oldum. Onda lap yaşlı adam baxışı vardı. Əslində bu cür baxış və kişi hərəkəti Anadolu uşaqları üçün nadir xüsusiyyət deyildir. Onlar da bəzi canlılar kimi sanki anadan olan dəqiqədən yeriməyə, işləməyə və həyatı dərk etməyə başlayırlar. Onların uşaqlığı heç olmur. Səkkiz-on yaşına çatar-çatmaz məişət qayğısı şiddətlə əsən qızmar səhra küləyi kimi onların vaxtsız qovrulan, qabıq bağlayan zəif vücudlarını sarsıtmağa başlayır. Yəqin bu körpə də həmin Anadolu uşaqlarından biri idi. Soruşdum:
– Sənin neçə yaşın var, oğlum?
– On dörd yaşım var, – deyib qəribə bir qürurla irəliyə baxdı.
– Hansı kənddənsən?
– Qara İşıq kəndindən.
– Bəs şəhərə niyə belə gec gedirsən?
Başı ilə arxa tərəfindəki çuvalı göstərdi:
– Bir az quru meyvə aparıram. Sabah bazar var. Oranın bazarı çox tez açılır. Yola səhər çıxsam, çata bilmərəm, – dedi.
Bir müddət danışmadıq. O yenə diqqətlə mənə baxırdı. Soruşdum:
– Sizin kənddən şəhərə neçə saatlıq yoldur?
– Ağır-ağır yerisən, düz altı saatlıq.
– Altı saat!.. Çox uzaq deyilmi? Yorulmursanmı?
Sualımı sanki başa düşmədi. Üzünün ifadəsindən anlamaq olurdu ki, «yorulmaq» sözü ona qəribə gəlir.
– Mən bu yolu hər həftə gedirəm, – dedi. – Şəhərdə İsmayıl ağanın karvansarasında qalıram. Yəqin İsmayıl ağanı tanıyırsan. O mənim dayımdır. Günortaya qədər işimi görüb qurtarıram. Satacağımı satır, alacağımı alıram. Vaxtım qalanda hamama da gedirəm. Aşpaz Rəcəb ağanın dükanında bir kabab da yeyirəm. Amma pul çatsa…
– Qazandığın pulu neynəyirsən?
– Ayın-oyun alıram. Hərdən duz, hərdən şəkər lazım olur. Anama kəlağayı, bacıma corab alıram. Düşəndə özümə də bir şey alıram…
Çuvalın üstündəki ayaqqabılarını göstərdi:
– Bunlara keçən həftə bir üçlük vermişəm. Necədir? Baha almamışam ki? – deyib, gözlərimin içinə baxdı.
– Afərin, ucuz alıbsan, – dedim və maraqla soruşdum: – Atan varmı?
Məhzunluq3 duyulmayan bir hərəkətlə başını bulayıb:
– Xeyr, atam səfərbərlik zamanı4 əsgərliyə gedib, – dedi.
– Demək, atanın əvəzinə evə indi sən baxırsan, eləmi?
Başının hərəkəti ilə iki dəfə «bəli» dedi və qarşımda daha rahat bir vəziyyət aldı. Ona bir siqaret uzatdım. Alıb başına doladığı sarığın arasına qoydu.
– Mən çəkən deyiləm. Dayıma aparacağam, – dedi.
Getdikcə özünü daha sərbəst aparır və daha sərbəst danışırdı:
– Atam çox çəkərdi, amma mən çəkmirəm. Bir də papiros çəkməyə vaxt haradadır? İş başımdan aşır. Anamın ayaqları tutulandan bəri qoyunlara da, əkinə də mən baxıram. Oduna tək mən gedirəm. Böyük bacım ancaq su daşıyır və yemək işinə baxır. Həm də o bizə qonaqdır. Başqa kəndə gedəcək. Bildir, nişanlanıb.
Çox ciddi şəkil alan söhbətimizi bir az dəyişdirmək üçün gülərək dedim:
– Sən də nişanlansana. Pis olmaz. Arvadın da sizə kömək edər.
Qəmli-qəmli üzümə baxdı:
– Nişailanmışdım, amma olmadı. Daha baş tutmayacaq… Qızın başına qəza gəldi. Düşmən5 kənddən çıxan zaman…
Özümdən asılı olmayaraq səsimi qaldırdım:
– Neçə? Doğrudanmı? Nə qəza?
Utanaraq başını aşağı saldı. Səsində ağırlıq hiss olunurdu:
– Namusuna toxundular… Mənim gözümün qabağında. Kəndin başqa qızları ilə bərabər onu zorla dərəyə sürüklədilər. Biz çığır-bağır saldıq. «Aman, etməyin, eləməyin» dedik. Qulaq asmadılar. Mən arxalarınca getmək istədim. Anam qoymadı. Ağlaya-ağlaya «səni öldürərlər» dedi. Anamdan keçə bilmədim. Mən onun yeganə oğluyam.
Mən oğlanın üzünə baxa bilmirdim. Həyatın ən müdhiş hadisələrini görmüş, bu kəndli balasının qarşısında mən dünyadan bixəbər və heç nə anlamayan bir uşaq vəziyyətində idim. Otuz dörd yaşlı uşaq… Bir küncə qısılıb sanki qorxulu nağıl dinləyirdim. Tüklərim biz-biz olmuşdu.
Rəşad Nuri Güntəkin
TƏCRÜBƏLİ JURNALİST
«Yeni СКАЧАТЬ
3
Qəmginlik
4
Birinci dünya müharibəsi zamanı deməkdir
5
Qərb işğalçılarının silahlandırıb, Türkiyə milli-azadlıq hərəkatını boğmaq üçün göndərdikləri yunan işğalçıları