Название: Altı il Dəclə-Fərat sahillərində
Автор: Qəzənfər Paşayev
Издательство: JekaPrint
isbn: 978-9952-8450-1-7
isbn:
«Bağdad» sözünün mənşəyi barədə müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar deyirlər ki, «Bağdad» İran dillərinin birində «tanrı payı», başqaları isə təsdiq edirlər ki, «bağ yeri» mənasında işlənir…
Ərəb tarixçisi Ət-Təbəri (838/839-923) yazır ki, Mənsur paytaxt üçün niyə məhz buranı seçdiyini belə izah edirdi: «Bura hərbi baxımdan misilsizdir. Bundan əlavə, buradan Dəclə çayı axıb keçir. O bizə bir çox uzaq ölkələr, hətta Çinlə əlaqə saxlamağa imkan verəcəkdir. Dənizdə nə varsa bu çay vasitəsilə əldə edəcəyik. Bu çay vasitəsilə Mesopotamiyadan və qonşu ölkələrdən ərzaq alacağıq. Bir yandan da bu, Fərat çayı vasitəsilə Suriya və başqa ölkələrdən lazım olan şeyləri gətirməyə imkan verir».
Yeni eranın 762-ci ilində Mənsur Bağdad şəhərinin təməl daşını öz əli ilə qoyur. Onu dörd ilə tikirlər. Şəhərin salınmasında yüz mindən çox adam iştirak etmişdir. Divarları ikiqat düzəltmiş, sonra dərin xəndək qazmış, ondan sonra bir divar da hörmüşlər ki, düşmənin hücumunu dəf edə bilsinlər. Divarların hündürlüyü 17 metri keçirdi. Şəhərin dörd giriş qapısı olub. Xəlifənin sarayı şəhərin mərkəzində inşa edilib. Giriş «Qızıl darvazalar»dan imiş, Tikinti doqquz milyon dinara1 başa gəlir. Mənsur şəhəri həm inşaat materiallarına qənaət, həm də müdafiə məqsədilə dairəvi tikdirmişdi. Buna görə də onu «Əl-Mədinə əl-Müdəvvara» – «Dəyirmi şəhər» adlandırırdılar. Xəlifə Məmunun vaxtında isə Bağdad «Mədinət əs-Səlam» – «Sülh şəhəri» adlanırdı. Lakin şəhər ilk adını bu gün belə saxlamaqdadır.
Tezliklə Bağdad ticarət və elm mərkəzi kimi şöhrətlənir. Hər yandan bura alim, şair, loğman, musiqiçi və müğənnilər axışıb gəlirlər. Müsəlman aləmində ilk əczaxana və şəfaxanalar bu vaxt Bağdadda açılır. Müalicə ilə məşğul olmaq istəyən həkimlər xüsusi imtahan verdikdən sonra işə başlaya bilərdilər. Səkkizinci əsrin sonunda Bağdadda kağız emal edirdilər (Müqayisə üçün deyək ki, Avropada ilk kağız emalı fabriki eramızın 1160-cı ilində işə düşmüşdür).
Harun ər-Rəşidin vaxtında Bağdad daha da çiçəklən- mişdi. Uzun illər hakimiyyət başında olan Harun ər-Rəşid (787-809) onun şöhrətini göylərə qaldırdı. Bağdad elm və mədəniyyət mərkəzi oldu. Bunu «Min bir gecə » nağılları da təsdiq edir. Ensiklopedik biliklər məcmusu olan bu nağıllardan çox şey əxz etmək olur. «Təvəddüdün əhvalatı» nağılından götürdüyümüz kiçik bir parça dediklərimizə misal ola bilər: Zahiri nişanələr batindəki xəstəliyə dəlalət eləyir. Gözün sarı olması sarılıq xəstəliyini, kürəyin donqarlanması ciyər xəstəliyini göstərir. Xəstəliklərin daxili əlamətlərlə müəyyən edilməsi altı əsasa görə olur: xəstənin hərəkətlərinə, ifraza, ağrıya, ağrının yerinə, şişə və köməkçi əlamətlərə görə.
Məsələn, başağrısına səbəb nədir? – Bir yemək həzm olunmamış üstündən ikincisini yemək, dalbadal toxluq eləmək. Kim ki istəyir dünyada çox yaşasın, gərək erkən nahar eləsin, şam yeməyini gec yeməsin. Gərək o, qarnını üç hissəyə bölsün: bir hissəsini yemək üçün, bir hissəsini su üçün, bir hissəsini də nəfəs üçün ayırsın. Çünki hər bir xəstəliyin kökü yeməyin həzm olunmamasındadır. Yeməyi xırda tikələrlə yemək lazımdır. Hamama gərək tox qarına getməyəsən. Şərabın zərəri də var, xeyri də. Ancaq zərəri xeyrindən çoxdur. Çünki insanın ağlını alır. O ki qaldı şərabın xeyrinə, o da budur ki, böyrəkdə daşı əridir, bağırsağı bərkidir, insanı dərddən-qəmdən ayırır, mərdlik gətirir, gümrahlıq verir, yeməyi həzm eləyir, canı sağlamlaşdırır, əzalardan azarı çıxarır, bədəni zəhərli mayelərdən təmizləyir, sevinc və şadlıq gətirir, sidikliyi möhkəmlədir, qara ciyəri bərkidir, sifəti allaşdırır, başı-beyni təmizləyir, saçı ağarmağa qoymur və s.
Xəlifə Məmunun vaxtında Bağdadda «Beyt-ül-hikmə»
– «Hikmət ocağı» yaradılmışdı. Akademiyadan heç də fərqlənməyən «Hikmət ocağı»nda kütləvi kitabxana, rəsədxana fəaliyyət göstərirdi. Burada adlı-sanlı alimlər, mütəfəkkirlər, şairlər, riyaziyyatçılar, münəccimlər, loğmanlar, musiqiçilər, müğənnilər cəmləşmişdilər. Tarixçi Yaqut əl-Həməvi (1179 – 1229) göstərir ki, 891-ci ildə Bağdadda yüzdən artıq kitab mağazası vardı. Bağdad sənətkarları və memarlarının şöhrəti hər yana yayılmışdı. Odur ki, onları başqa ölkələrə də dəvət edirdilər. Yazılı mənbələr göstərir ki, 922-ci ildə Bağdaddan Volqa sahillərinə beş min nəfərdən ibarət böyük nümayəndə heyəti gəlmişdi. Onların çoxunu memar, bənna və başqa sənətkarlar təşkil edirdi («Sovetskaya Rossiya», 13 sentyabr 1974-cü il).
Bağdadda şeirə, sənətə böyük qayğı və hörmət bəsləyirdilər. Bunu vaxtilə Mesopotamiyanı ziyarət etmiş Ə. Xaqani dərindən duymuşdu:
İraqa, İrana eyləsəm səfər,
Başıma yağış tək yağar simü zər.
Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.
Tarixçilər göstərirlər ki, XI-XII əsrlərdə Bağdadın əhalisi bir milyondan çox idi. Şəhərin gözəlliyi dillərdə dastan olmuşdu. Bağdadı görüb onun gözəlliyinə məftun olmayan, onu tərənnüm etməyən şair tapılmazdı. Böyük Ə. Xaqani də bu gözəllikdən ilham almışdı:
Onun hər tərəfi bir gülüstandır,
Nəzəri cəlb edən bağdır, bostandır.
Torpağı çəməndir onun bahar, qış,
Çayların üstündən körpü salınmış.
…Bərk taqqıltı məni xəyaldan ayırdı. Təyyarəmiz Bağdad aeroportuna enmişdi.
BAĞDAD BU GÜN
Bəxtə bax ki, ölkəyə Bağdad şəhərinin min iki yüz illiyinin bayram edildiyi gün gəlmişdik. Dövlətin qərarına əsasən üç gün rəsmi bayram elan olunmuşdu. Şəhər al-əlvan bəzədilmişdi. Elə bil çilçıraqban içərisində alışıb yanırdı. Mən o axşam və sonrakı iki gün Bağdadda gördüyüm şənlikləri, çıraqbanları, çal-çağırı sonralar heç bir ölkədə görmədim. Küçələrdə böyük-kiçik, qoca-cavan, qadın-uşaq əlindən tərpənmək olmurdu. İynə atsan yerə düşməzdi. Özümü sözün həqiqi mənasında nağıllar aləmində hiss edirdim.
Misirdə bizə demişdilər ki, Qahirə ilə müqayisədə Bağdad kiçik kəndə bənzəyir. Lakin Bağdad gəlin kimi elə bəzənmiş, elə sığallanmışdı ki, ona məftun olmamaq mümkün deyildi. Bu ilk təəssüratım elə qüvvətli idi ki, sonralar zaman da onu unutdura bilmədi. İraqlıların iftixarla dediyi: СКАЧАТЬ
1
Dinar latın sözü “dinari”dən əmələ gəlib. Qızıl pul deməkdir. İraqda indi də ən böyük pul vahidi kimi dinar işlənir.