Название: Muhammed. Son peyğəmbər
Автор: Лев Нусенбаум
Издательство: JekaPrint
isbn: 978-9952-8448-8-7
isbn:
600-cü illərdə dünyanın tarixini iki dövlət həll edirdi: İran və Bizans. Hər ikisi böyük, zəngin və qüdrətli idi. Hər ikisinin çox qədim keçmişi vardı və hər ikisi bir-birini didməyə heç vaxt ara vermirdi. Bizans Şərqi Roma səltənəti, imperiyanın və Pax22 Romana’nın varisi, İran isə bir vaxtlar bütün Asiyaya hakim kəsilmiş, sonra Böyük Makedoniyalının qılıncından yenilmiş, daha sonralar isə – Romanın dağılmasından sonra – yeni böyük dövlət kimi dünya tarixinə qədəm qoymuş əhəmənilərin varisi idi. Bizans və İran, Doğustan və Batıstan, xristianlıq və atəşpərəstlik – bir-birinə kökündən yad olan iki dünya, iki mədəniyyət, iki böyük dövlət üz-üzə dayanmışdılar. Onların arasında heç vaxt barış ola bilməzdi.
Bizans. Bosforda onun divarları ucalırdı, onların arxasında isə saraylar və kilsələr. Lakin hakimiyyəti bütün Kiçik Asiyaya, Suriyaya, Fələstinə, Misirə, İberiyaya, Şimali Afrikaya, Yunan Adalarına və Balkana qədər yayılırdı. Bizans qüdrətli idi, zəngin və vüqarlı. O, Romanın varisi idi. Amma sonrakı varis. Bir vaxtlar yenilmiş xalqlar hələ də orda yaşayırdılar, lakin səltənətdə Roma qanunu işləyirdi, kralın adı çəkiləndə hələ də əsim-əsim əsirdilər. Kral özü isə romalı deyildi, daha imperator da deyildi. Bosforun sahillərində, mərmər sarayların qalın divarları arxasında Romanın siması dəyişirdi. Ağır-ağır, amma dönmədən. Yeni imanla yeni bir aləm nüfuz edirdi və bu aləmin Roma ilə daha heç bir bağlılığı yox idi.
– Mən Roma kralıyam, romalıların hakimiyəm, Bizans hökmdarı belə deyirdi. Amma o, antik kral deyildi, ona düşən ölkə də antik ölkə deyildi. Romanın antik siması Bizansda doğusal sima kəsb edirdi və Şərq libasının altında tezliklə Roma qəlibi də itib-getdi.
Çeşidli mədəniyyət zəminində Bizans öz iqtidarını qurur. Kiçik Asiya, Misir və Roma hamısı Bizans taxt-tacı qarşısında diz çökdü. Taxt-tacın özü də möhkəm dayanmışdı, lakin onun üstündə möhkəm otura bilənlərin sayı çox deyildi. Bizans taxt-tacına qanunla sahib olan bir-iki krala bizanslılar porfirogennetos23 deyirdilər. Bütün irqlər və xalqlar bu taxt-taca yetişdilər və Bizansın qvardiyası və qara camaatı hamısına bəh-bəh dedi. Çünki Şərqi Roma dünyasının, şərqi xristianlığın hökmdarını təyin edən də yad ölkə qvardiyası və əyləncəsevər qara camaat idi.
Həmin kralın hakimiyyəti sonsuz idi. Romadan o, qoşuna rəhbərliyin yüksək başarısını, hakimiyyəti altda olan şərq dünyasından isə zəhərləməyin, hiylənin, yalanın və satqınlığın daha böyük bacarığını əxz etmişdi. Bu son mirasın Bizansda qazandığı bir ad vardı: siyasət. Bizans ağı, yalan və satqınlıqla ağalıq edirdi, muzdur dəstələrin amansız gücü ilə qorunurdu. Zira Bizans çox şeyləri qorumalı olurdu və düşmənləri çox güclü idi.
Bizans şərqi xristianlığın mərkəziydi. Kral xristianlığın, Müqəddəs Məzarın24 və təmiz imanın himayədarı idi. Bu təmiz, xristian imanının nə olduğunu Bizansda hər kəs bilirdi, amma hərə üçün onun bir mənası vardı. Saysız təriqətlər, onların mübarizəsi və qarşılıqlı nifrəti Bizansı laxladırdı. Bazarlarda, camaatın gur yerində və dükanlarda təriqətlər barədə mübahisələr aparılırdı, bugün siyasi partiyalar barədə aparılan mübahisələr kimi. Rəqibini məhv etmək üçün sadə bazar alverçisi incə dialektikanı tətbiq edirdi. Mücərrəd şeylərdən danışılırdı, mücərrəd mübahisələr də Şərqdə çox sevilir. Lakin mübahisələr sona yetəndə fikirlər çox konkret təzahür tapırdı, rəqiblər bir-birinə hücum çəkir, bir-birini öldürüb qarət edirdilər. Zira Şərq açıq döyüş oyununu mücərrəd mübahisədən üstün tutur.
Bizans ruhu getdikcə sovulurdu. Kimə o, dözülməz görünürdüsə, həmin adam Bosfor sahilindəki saraylarla, ağı verənlərlə, hiyləgər əyanlarla zəngin olan vüqarlı şəhərdən baş götürüb canına əzab vermək və ruhuna dinclik qazanmaq üçün səhraya üz tuturdu. Məsələn, Allaha itaətini bəyan etmək üçün Müqəddəs Simon25 düz yeddi il yerindən tərpənmədən ibadət edə-edə sütunlardan birinin üstündə məskən salıbmış, digərləri isə yarıya qədər torpağa gömülərək öz həyatlarını başa vurmağa üstünlük veriblərmiş, başqaları da özlərini zəncirlədirmiş. Elə insanlar da varmış ki, səhrada başlarına şəyird toplayıb yeni təriqətlər yaradırmışlar.
Şərq, təriqət bolluğu ilə xristianlığı saf-çürük edirdi. Təriqət hərcmərcliyi Bizansın mənəvi həyatını bütünləşdirirdi. Amma bu hərci-mərcilik hələ təhlükə demək deyildi. Təhlükə dışarıdan gəlirdi. Kralın qızıl taxt-tacına, saray zinətlərinə, zəngin şəhərlərə və torpaqlara çoxlu həris əllər uzanırdı, yad baxışlar iştahla Bizansa zillənirdi.
Qədim dünya məhvərindən çıxmışdı. Xalqlar hərəkətlənmişdilər. Balkanda, Qafqazın əzəmətli sipərinin arxasında, səltənətin boya-boy sınırlarında amansız köçərilər peyda olurdular. Bizans darvazaları bərk-bərk döyəclənirdi. İlbəil, ardı-arası kəsilmədən şərqi xristian səltənətini kral yad istiladan qorumalı olurdu. Bizansı dinc qoymayan əsas təhlükə isə zalim köçərilər, alanlar, şimalın hunları və slavyanları deyildilər. Əsas təhlükə, başlıca düşmən İran idi, Persiya idi, şahənşahın, böyük şahın, mömin fars Sasanilər sülaləsinin məmləkəti idi.
Müqəddəs İranı, əbədi odlar yurdunu, Hürmüzdün və Əhrimənin vətənini Avropa dünyası hələlik yaxşı tanımırdı. Bircə onu bilirdilər ki, İran Roma və Bizans imperiyasının qüdrətli şərq qonşusudur, onillər uzunu o, Roma ilə qanlı savaşlar aparıb, bəzən yenib, bəzən yenilib və xristian təsirinə heç vaxt məruz qalmayıb. Lakin böyük şərq ölkəsinin daxilində nələrin baş verdiyindən onlar xəbərsiz idilər.
O, böyük, gözəl və dinc bir ölkə idi. Bizans sərhədlərindən başlayıb düz Mərkəzi Asiyaya qədər, Fars körfəzinin sahilindən Qafqazın zirvələrinə qədər yayılıb-gedirdi. Bu yaşıl, dinc ölkə müqəddəs oda, Zərdüşt peyğəmbərə, Atropaten kahinlərinə və şahənşaha məxsus idi.
Yüzillər öncə Zərdüşt müqəddəs od dininin əsasını qoymuşdu. Şəyirdlərini başına yığıb bərəkətli İran məmləkətini qarış-qarış dolaşmışdı. Ayağı dəydiyi yerdə məbədlər yaranırdı, torpaqdan əbədi, müqəddəs alov püskürürdü, camaat diz çökürdü və kahinlər od allahının şərəfinə nəğmələr qoşurdular. Mısmırıqlı Xəzər dənizinin sahilində Atropaten torpağı, İranın bir əyaləti yerləşirdi. Zərdüşt özünə bu ölkəni seçdi. Müqəddəs odun saysız-hesabsız alovları həmin torpaqdan göylərə püskürürdü. Bu ölkə İranın müqəddəs torpağına çevrildi. Ölkəni kahinlər idarə edirdilər, müqəddəs oda sitayiş edib Xəzər dənizi sahilindən hökm verirdilər ki, Çin və Bizans arasındakı böyük ərazidə kim hökmran ola bilər. Qüdrət sahibi idilər kahinlər və onlara bol-bol zəka bəxş edilmişdi.
Uşaq yaşlarından СКАЧАТЬ
21
Herakl böyük bir qoşunla İrana daxil oldu, gənc padşah Xosrovla vuruşub çoxlu adam qırdı və əlli kübar qızı xristianlarla evləndirdi.
Sakson xronikası
22
Pax (oxunuşu: Paks) – rumların barış ilahəsi
23
Porfirogennetos – Porphyr (yun.) + gen (yun.). Porphyr—qranitə oxşar qırmızımtıl vulkanik daş və gen – soy, nəsl. Deməli, «porfirogennotos» – porfir əslli.
24
Müqəddəs Məzar – İsa peyğəmbərin məzarı nəzərdə tutulur.
25
Müqəddəs Simon – İsa peyğəmbərin qardaşı, qədim kilsə qaynaqlarına əsasən 62/63-cü ildə Yerusəlimin ruhanisi olub, 107-ci ildə işkəncə ilə öldürülüb.