Название: Gəncəli müdrik. M.Ş.Vazeh
Автор: Əlisa Nicat
Издательство: JekaPrint
isbn: 978-9952-8451-1-7
isbn:
Sifətində nəzərə dəyən uzun, ortası azca əyilmiş burnu idi.
İbrahim xan pilləkəndə ayaq səsləri eşidib qapıya tərəf yeridi. Xörək iyini duymuş Hacı Qafur qırmızı gözlərini hərlədib içəri boylandı.
– A kişi, sən məni əldən saldın. Bu böyüklükdə mahalda kimi tapıb gətirirəm, bəyənmirsən. Hacı Nəsirin xəttini bəyənmədin, şair Fazilin özünü, Şəfi əfəndinin də xasiyyətini. Axır eləsini tapmışam ki, gündüz çıraqla axtarsan tapa bilməzsən. Bunun da eybi var, özü də hamısından böyükdür, amma bilirəm ki, bəyənəcəksən… Niyə? Çünki dəryayi-elmdir. Müdriklərin müdriki… Quranı Hafizdən yaxşı bilir, Hafizi Qurandan. Xətt, nə xətt. Bayraq kimi tut, dünyanı gəzdir.
İbrahim xan razılıq əlaməti olaraq gülümsədi:
– Sən allah, qurtar məni bu arvadların cəngindən, – dedi. – Səhərdən axşamacan baş-beynimi aparırlar…
Səndəliyə yastılanmış Hacı Qafur:
– Sənin canınçın, İbrahim, mirzə burda gözümüzün qabağında, biz də düşmüşük o dağa, bu dərəyə.
– A bala, axı o mirzə kim ola?
Nökər Əlimərdan daxil olub süfrə saldı. Sonra yanaşı otaqda dayanmış kənizdən dolu nimçələri alıb süfrəyə düzməyə başladı. Otağı plovun xoş iyi bürüdü.
Hacı Qafur səndəlini irəli çəkib yerini rahatladı. Nökərin gətirdiyi aftafa-ləyəndə əllərini yuduqdan sonra xanla yeməyə girişdi. Hacı Qafur çolpanın budlarını dişinə çəkir, yeyə-yeyə danışır, İbrahim xan isə asta-asta gülürdü.
Gəncənin bu iki məşhur adamının yeyib-içdiyi bir anda küçədə, darvaza ağzındakı taxta oturacaqda şişpapaqlı, qara əbalı, qara saqqallı bir gənc oturmuşdu.
O, hündür, daş hasara söykənib, dalğın nəzərlərlə qarşısından ötüb-keçənləri seyr edirdi.
…Bax, Ozan tərəfdən gələn faytondakı dolu, qara saqqallı, qəhvəyi papaqlı o adam müctəhid İsmayıl ağadır. Ozanda cah-calallı mülkü, behişt kimi həyəti var.
Panabad tərəfdən gələn faytondakı isə molla Zülfüqardır. Onun da qırmızı kirəmitli evi, meynələrlə dolu geniş həyəti var. Özü isə Quranı höccələyə-höccələyə oxuyur.
Fayton fayton ardınca ötüb-keçirdi. O gələn kimdir? Aha…
Gəncin üzünə acı təbəssüm qondu. Axund Sədrəddin…
Birdən başı üstə yüksələn zil səs onu xəyaldan ayırdı. Şəfi yana çevrildi. Bu, bir az aralıda göy günbəzli Şah Abbas məscidinin kərpic rəngli qoşa minarələrindən yüksələn azan səsi idi. Azançıların biri pinəçi Oruc idi. Şəfi onu yaxşı tanıyırdı. Yazıq, yoxsul bir dindar idi. Səhərdən axşama kimi ikiqat olub, iki arşınlıq dükanda əlləşir, çox vaxt işindən ayrılıb məscidə gəlirdi ki, savabın hamısını özü qazansın. Şəfi göyə baxmaqdan yaşarmış gözlərini minarədən ayırıb, yüngülcə ah çəkdi və istehza ilə gülümsədi:
Yazıq… Behiştə gedəcək… Axund Sədrəddinin heç behişt yadına düşmür. Çünki səhərdən axşama kimi behiştdədir…
Min ev yıxıb tikirsiniz bir boş minarə,
Ərşə çıxıb yetmək üçün pərvərdigarə.
Bəs bunlar necə oldu? Yəqin ki, başları yeməyə qarışıb, yoxsa həyətdən səs-küy kəsilməzdi.
Yoldan, belində dolu un kisəsi aparan bir hambal, yanınca da kisənin sahibi keçirdi. Kisənin sahibi rəhmətlik Hacı Abdullanın qohumlarından idi. O, nifrət və istehza ilə Şəfiyə baxır, arabir hambala nəsə deyirdi.
Şəfinin yadına düşdü ki, bu gün cümə axşamıdır. Hacı Abdullanın qəbri üstə getməlidir.
«…Hacı, Gəncənin şərəfi, mənim xoş günlərimi də özünlə apardın… Başım nələr çəkmir, Hacı. Axşam sənə şikayətə gələcəyəm. Günortanın bu istisində, dərisi beş quruşa dəyməyən iki zat məni neçə saatdır ki, qapıda oturdub gözlədirlər. Özləri də bilir ki, nahar eləməmişəm».
Balaca çinar kölgəsinin yerini dəyişdikcə Şəfi də taxta oturacaq üstə yerini dəyişirdi. Nəhayət, darvazanın balaca qapısı cırıldayıb açıldı. Nökərin başı göründü:
– Əyə, gəl, çağırırlar.
Şəfi ağır-ağır qalxdı. Faytonların, arabaların qaldırdığı toz üst-başını tamam bulamışdı. Paltarına əl gəzdirib çırpdı, sonra həyətə girib gördüyü mənzərədən qeyri-ixtiyari duruxdu, tutqun, qüssəli gözləri geniş açıldı.
Şəfinin qarşısında iri bir həyət dururdu. Otlar əlvan xalı kimi hər yana döşənmişdi. Yaşıllığın qoynunda naxış kimi uzanan və budaqlanan cığırlar adamı, həyəti kölgələmiş üzüm tənəklərinin altına, boyları balaca, meyvələri bol olan ağacların dibinə aparırdı. Hər tənək dibindəki kölgəlikdə taxta oturacaqlar qoyulmuşdu.
Həyətin lap ortasında yüksələn xan çinarın altında mərmər hovuz vardı. Hovuz o qədər ağ idi ki, Şəfinin gözləri qamaşırdı. Fəvvarədən hovuza tökülən su, yarpaqlar arasından süzülüb keçən qızılı şəfəqlər altında göy qurşağı kimi rəngdən-rəngə çalır, şırıldayıb oynaşırdı.
Həyət başdan-başa gül-çiçək, hər yan tərtəmizdi.
Nökərin dalınca gedən və qəlbində sonsuz bir qubar aparan Şəfi başını qaldırıb göyə baxdı. Həyətin üstündəki səma da aydın, təmiz idi.
«…Ey qadir allah, dünyaya nə qədər bol gözəllik, səadət səpələmisən. Amma gör kimlərin həyətinə, kimlərin həyatına…»
Şəfi üst-başına baxdı. Köhnə tozlu çuxa, sürtülüb yeyilmiş əba, köhnə papaq… Şəfiyə elə gəldi ki, o, bu həyətdə təzə paltarda köhnə yumaq kimidir.
– A kişi, gəl, sonra baxarsan…
Başını aşağı dikib, nökərin ardınca ağır-ağır pillələri çıxdı.
Nökər qapını açıb əliylə Şəfiyə işarə elədi. Şəfi məstlərini çıxarıb içəri keçdi. Salam СКАЧАТЬ